22:19
(077) 610-22-33

Qəbələdə yeni abidələr aşkarlandı - FOTOLAR

  • >
774 25 Avqust 2014 09:26 | Cəmiyyət

Azərbaycan-Koreya Beynəlxalq Arxeoloji Ekspedisiyası layihəsi əsasında qədim Qəbələdə geniş miqyaslı arxeoloji tədqiqatlar, bərpa-konservasiya işləri aparılır.



AMEA Arxeologiya və Etnoqrafiya İnstitutundan APA-ya verilən məlumata görə, institutun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Ceyhun Eminlinin rəhbərlik etdiyi arxeoloji ekspedisiyanın apardığı tədqiqatların maraq doğuran nəticələrindən biri Soltan Nuxa kəndi ərazisində 1800-1900 il yaşı olan antik qəbirlərin aşkarlanmasıdır. İlkin kəşfiyyat işləri zamanı 7 antik qəbir aşkar edilib.

Antik qəbirlər zənginliyinə və xüsusi dəfn adətlərinə görə seçilir. Belə ki, tədqiq edilən qəbirlərin birində bükülü vəziyyətdə qoyulmuş skeletin ətrafına 40 ədəd saxsı qablar düzülüb. Qablarla yanaşı, qəbirə dörd ədəd bütöv qoç da qoyulub. Skeletin yanında nizə, bıçaq, oraq, üzərində xeyli sayda bəzək əşyaları və muncuq düzümləri var. Qeyd olunan qəbirdə ikinci insan skeletinə də təsadüf olunub. Ehtimal ki, bu, varlı təbəqəyə aid olan mərhumun xidmətçisi olub.

Bununla yanaşı, qeyd olunan antik qəbiristanlıqda digər zəngin qəbirlərə də təsadüf olunub. Bir qəbirdə üzbəüz dəfn olunmuş iki skelet, həmçinin digər qəbirdə küpün içərisində dəfn olunmuş iki insan skeleti xüsusi marağa səbəb olmuş dəfn ənənəsini nümayiş etdirir. Antik qəbiristanlıqda arxeoloji tədqiqatların davam etdirilməsi ilə paralel olaraq, aşkar edilmiş qəbirlərin olduğu kimi rekonstruktiv modellərinin Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun muzeyində nümayişi də nəzərdə tutulub.

Layihə çərçivəsində Azərbaycan-Koreya arxeoloji ekspedisiyası Səlbir yaşayış yerində, həmçinin ekspedisiyanın Cənubi Koreyalı mütəxəssisləri tərəfindən Dızaxlı kəndi ərazisində 4500-5000 il yaşı olan kurqanın arxeoloji tədqiqi də davam etdirilir.

Qeyd edək ki, Qəbələ ərazisində geniş miqyaslı arxeoloji tədqiqatlar SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının maliyyə dəstəyi ilə aparılır.

AzNews.az
Bağla X