Bu qanun 2015-ci ilə qədər işləməyəcək - RƏYLƏR

2005-ci ildə ölkə başçısı Nazirlər Kabinetinə 3 ay müddətinə gəlir bəyannamələrini açıqlamaq qaydalarının hazırlanması ilə bağlı tapşırıq verib. Ancaq nədənsə bu günə qədər qanun işləmir və bu istiqamətdə hələ ki, müsbət irəliləyiş yoxdur.

Korrupsiyaya qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov Aktual.az-a bildirib ki, məmurların gəlirlərinin bəyan edilməsi ilə bağlı qanunun hələ fəaliyyətə başlamaması korrupsiyaya qarşı mübarizəni ləngidən səbəblərdəndir:

"Qanunun işləməsi ilə bağlı təəssüflər olsun ki, hələ müsbət irəliləyişin şahidi olmuruq. Korrupsiyaya qarşı mübarizə istiqamətində ciddi addımların atıldığı bir zamanda məmurların gəlirlərinin bəyan edilməsi ilə bağlı qanunun tətbiq olunması vacibdir. Dünya təcrübəsində bu qanunun işləməsinin korrupsiya ilə mübarizədə yüksək səmərə verməsi sübut edilib. Əks halda biz korrusiyaya qarşı mübarizəni yarımçıq aparmış olarıq. Dövlət başçısının bununla bağlı davamlı siyasi iradəsi var və əminik ki, bu qanun işləyəcək".

V.Mövsümovun sözlərinə görə, korrupsiyaya qarşı mübarizədə qəti addımların atılması çox vaxt risklidir: "Belə hallarda ciddi problemlərin və məmur müqavimətinin olması qaçılmazdır. Bu da Azərbaycanda gözləniləndir. Çünki heç bir korrupsioner məmur öz mövqeyini dəyişmək istəməyəcək. Qanunun gecikməsinin bir səbəbi də bu ola bilər".

İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri, iqtisadçı ekspert Qubad İbadoğlu hesab edir ki, 2015-ci ilə qədər məmurların əmlaklarının və gəlirlərinin ictimaiyyətə açıqlanması ilə bağlı hər hansı bir irəliləyiş olmayacaq:

"Azərbaycanın üzv olduğu "Açıq Hökümət Tərəfdaşlığı" təşkilatının təşəbbüsü çərçivəsində bir çox ölkələrin təcrübəsinə nəzər salsaq, qeyd olunan qanunun tətbiqinin müsbət nəticələr verdiyinin şahidi olarıq. Azərbaycanda "Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı" qəbul edilib. Amma həmin fəaliyyət planında məmurların gəlirinin açıqlanması istiqamətində heç bir qeyd yoxdur və bu layihə 2015-ci il də daxil olmaqla Azərbaycanda məmurların gəlir və əmlakları ilə bağlı açıqlama verməyə və 2005-ci il qanununu tətbiq etməyə hazırlaşmır. Çox güman ki, bu ən yaxşı halda 2016-ci ildən başlayan fəaliyyət planına salına bilər. Korrupsiya ilə mübarizədə ən vacib əməllərdən biri də məmurların əmlak və gəlirinin açıqlanmasıdır. Bu istiqamətdə hələ 2005-ci ildən bəri əhəmiyyətli bir dəyişiklik olmayıb".

Millət vəkili Aydın Mirzəzadə də qanunun işləməsinin tərəfdarıdır:

"Bu gün sivil, inkişaf etmiş, demokratik ölkələrin həyatında müsbət nə varsa, hamısının Azərbaycanda olması arzuolunandır. 1993-cü ildən bəri ulu öndər Heydər Əliyevin və İlham Əliyevin apardığı siyasət məhz bu prinsipə söykənir. Bu baxımdan da qeyd olunan qanunun işləməsi məqsədəuyğundur və Azərbaycanda tətbiq olunmalıdır. Mütəxəssis olmadığım üçün bu istiqamətdə addımların atılması və qanunun işləməsinin nəyə görə gecikməsi ilə bağlı hər hansı fikir söyləyə bilmərəm".

AzNews.az