Zaqatalada Azərbaycanın tolerantlıq ənənələrindən bəhs edən seminar keçirildi

İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Avrasiya Regional Mərkəzi (İƏT Gənclər Forumu, ARM), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Milli Tolerantlıq Mərkəzi layihəsi çərçivəsində, Azərbaycan dini tolerantlıq ənənələrinin tərənnümü məqsədilə ölkə üzrə "Fərqlilikləri birləşdirən dəyər - Azərbaycan müasir çağırışlar və tolerantlıq" mövzusundakı silsilə seminar-treninqlər davam edir.

AzNews.az-ın məlumatına görə, DQİDK-nın, İƏT Gənclər Forumu, Milli Tolerantlıq Mərkəzinin, yerli icra hakimiyyəti orqanlarının nümayəndələri, dini icma rəhbərləri və rayon ziyalılarının iştirakı ilə Zaqatalada keçirilən növbəti seminar-treninqdə çıxışlarda Azərbaycanın tolerantlıq ənənələri, dinlərarası münasibətlərdən danışılıb.

Eyni zamanda şimal-qərb bölgəsinin həssas rayonlarından olan Zaqatalada bu ənənələrin yaşadılmasının əhəmiyyəti qeyd edilib.
Bildirilib ki, dini maarifləndirmə sahəsinə daha diqqətlə yanaşılmalı, gəncləri qeyri-ənənvi və radikal cərəyanların təsirinə düşməkdən qorumaq məqsədilə dinimizin düzgün çatdırılmasına din xadimləri xüsusi əhəmiyyət verməlidirlər.

Müzakirələrdə yaxın Şərqdə baş verən hadisələrin Azərbaycanda təkrarlanmamasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərin gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Seminar-treninqlərdə həmçinin dini icma nümayəndələrini maraqlandıran bir sıra suallara cavab verilib.

Qeyd edək ki, Milli Tolerantlıq Mərkəzi layihəsi 29 may 2013-cü il tarixində II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ərəfəsində DQİDK və İKGF ARM-nin birgə layihəsi olaraq təsis edilmişdir.

AzNews.az
image description image description image description