Dini Komitə radikal cərəyanları müzakirə etdi

İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Avrasiya Regional Mərkəzi (İƏT Gənclər Forumu, ARM), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Milli Tolerantlıq Mərkəzi layihəsi çərçivəsində, Azərbaycan dini tolerantlıq ənənələrinin tərənnümü məqsədilə ölkə üzrə "Fərqlilikləri birləşdirən dəyər - Azərbaycan müasir çağırışlar və tolerantlıq" mövzusundakı silsilə seminar-treninqlər davam edir.

DQİDK-nin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, DQİDK-nın, İƏT Gənclər Forumu, Milli Tolerantlıq Mərkəzinin, yerli icra hakimiyyəti orqanlarının nümayəndələri, dini icma rəhbərləri və rayon ziyalılarının iştirakı ilə Zaqatalada keçirilən növbəti seminar treninqdə çıxışlarda Azərbaycanın tolerantlıq ənənələri, dinlərarası münasibətlərdən danışılıb. Eyni zamanda şimal-qərb bölgəsinin həssas rayonlarından olan Zaqatalada bu ənənələrin yaşadılmasının əhəmiyyəti qeyd edilib.

Bildirilib ki, dini maarifləndirmə sahəsinə daha diqqətlə yanaşılmalı, gəncləri qeyri-ənənvi və radikal cərəyanların təsirinə düşməkdən qorumaq məqsədilə dinimizin düzgün çatdırılmasına din xadimləri xüsusi əhəmiyyət verməlidirlər.
Müzakirələrdə yaxın Şərqdə baş verən hadisələrin Azərbaycanda təkrarlanmamasının qarşısının alınması istiqamətində həyata keçirilən təbbirlərin gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Seminar-treninqlərdə həmçinin dini icma nümayəndələrini maraqlandıran bir sıra suallara cavab verilib.

Qeyd edək ki, Milli Tolerantlıq Mərkəzi layihəsi 29 may 2013-cü il tarixində II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ərəfəsində DQİDK və İKGF ARM-nin birgə layihəsi olaraq təsis edilib. Mərkəzin rəsmi təqdimat mərasimində BMT Sivilizasiyalar Alyansı və ISESCO ilə memorandumlar imzalanıb. Fəaliyyət prioriteti dinlərarası, mədəniyyətlərarası dialoqun inkişafına yönəlmiş layihələrin dəstəklənməsi, seminar-treninqlərin və konfransların təşkil edilməsi olan Mərkəz bölgələrdə dini maarifləndirmə işinin aparılması və Azərbaycan tolerantlıq modelinin dünyada tanıdılması istiqamətində "Tolerantlığın ipək yolu", "Azərbaycan-tolerantlıq məkanı", "Hörmət naminə birləş" kimi bir sıra beynəlxalq və daxili tədbirlər həyata keçirib.

AzNews.az