Son günlər media sahəsinin ən yaddaqalan xəbərlərindən biri də heç şübhəsiz “Ayna”-"Zerkalo" Son günlər media sahəsinin ən yaddaqalan xəbərlərindən biri də heç şübhəsiz “Ayna”-"Zerkalo"

Jurnalistikadan getsəniz, hansı işlə məşğul olarsız...? -SORĞU

Son günlər media sahəsinin ən yaddaqalan xəbərlərindən biri də heç şübhəsiz “Ayna”-"Zerkalo"

qəzetlərinin təsisçisi və baş redaktoru Elçin Şıxlının rəhbərlik etdiyi mətbu orqanların fəaliyyətini birdəfəlik dayandırmaqla bağlı qərar verməsi oldu. E.Şıxlı bildirdi ki, rəhbərlik etdiyi "Ayna"-"Zerkalo" qəzetlərinin fəaliyyətini müvəqqəti olaraq dayandırsa da, qəzetlərin yenidən çapı üçün hər hansı bir yenilik olmadığına görə bu qərarı qəbul etmək məcburiyyətində qalıb:

"Yaxın günlərdə qəzetləri birdəfəlik bağlamaq haqda elan verəcəm. Hətta vəziyyət o yerə gəlib çatıb ki, jurnalistikadan birdəfəlik getmək haqda da düşünürəm. Çünki normal jurnalistika ilə məşğul olmağın heç bir mənası yoxdur. Qoy havalar bir az sərinləşsin, beynimiz bir az rahatlaşsın, görək başımıza nə iş gəlir".

E.Şıxlı jurnalistikadan getsə nə işlə məşğul olacağını bilmədiyini də deyib. Biz də tanınmış baş redaktorun bu mövqeyindən çıxış edib, tanınmış jurnalist və redaktorlardan soruşduq: mətbuatdan getsəniz, hansı işlə məşğul olarsız? Bir az kobud səslənsə də, jurnalistikadan başqa əlinizdən nə iş gəlir?



Lent.az saytının əməkdaşı Səbuhi Məmmədli tərəddüd etmədən müəllimlik edə biləcəyini bildirdi. "Rezonans" və "Yeni Müsavat" qəzetində işləyə-işləyə 4 il boyunca müəllimlik etdiyini yada salan müsahibimiz maraqlı xatirələrinin olduğunu dedi: "Açığını deyim ki, indi də Biləcəridəki 300 saylı məktəbdə məni xatırlayırlar. Ən azı müəllimlik edə bilərəm. Bir də mənim futbol komandam vardı. Elə məktəblilərdən, öz şagirdlərimdən ibarət. Onlara xüsusi proqramla məşq keçirdim. Təsəvvür edin ki, 9-cu sinifdə oxuyan şagirdlərim 10-11-ci sinifdəki uşaqları rahatlıqla udurdular. Hələ mən başqa məktəblərin yığmalarını demirəm. Yəni bunu da bacarıram. Bir də yaxşı yemək bişirə bilirəm. Bunu xeyli jurnalist dostumuz da təsdiqləyə bilər".



Qafqazinfo.az saytının baş redaktoru Elbrus Ərud isə hesab edir ki, əslində jurnalistika bir gün vaxtından tez getməyin lazım olduğunu göstərən sənətdir. Onun fikrincə, jurnalist peşəsi ulduz peşəsi olduğu üçün gərək vaxtında gedəsən: "Bunu futbolla da müqayisə etmək olar. Tutaq, təsəvvür edə bilmirəm ki, adam 70 yaşına kimi necə xəbərlə işləməkdə davam edə bilər? Ona görə, məncə, jurnalistlər vaxtında getməlidirlər. Baxmayaraq ki, burada Elçin Şıxlının situasiyası fərqlidir".

Müsahibimiz jurnalistikadan gedəcəyi təqdirdə hansı işlə məşğul olacağı ilə bağlı maraqlı fikirlər səsləndirdi. Dedi ki, 50 yaşına kimi pul qazanmağın yolunu bilən adam dolanışıq, məşğuliyyət çətinliyi çəkə bilməz: "İndi Elcin Şıxlı müəllim işləməklə, kitab yazmaqla, mətbuat müşaviri, məsləhətçisi olmaq və buna bənzər müxtəlif yollarla dolayısı ilə işləyə bilər. Şəxsən mən özüm artıq hiss edirəm ki, getmək zamanıdır. Yaxın bir-iki ilə getməyi planlaşdırıram".



AzNews.az saytının baş redaktoru Elçin Zahiroğlu da jurnalistikadan başqa bir neçə işlə məşğul ola biləcəyini dedi: "Mən filoloqam, Azərbaycan dili və ədəbiyyat fənnindən dərs deyə bilərəm. Ali məktəbi bitirən kimi, nazirliyin göndərişi ilə bir il müəllim işləmişəm. Nəşriyyatlarda işləyə bilərəm, redaktor kimi. İndiyədək təxminən 15-20 kitabın redaktoru olmuşam. Bundan əlavə, yerli idarə orqanlarında çalışa bilərəm. Bələdiyyə üzvüyəm və bu sahəni yaxşı öyrənmək üçün Türkiyədə təcrübə keçmişəm. QHT sahəsi də mənə tanışdır. Amma mənə elə gəlir ki, indi məşğul olduğum sahədən uzaqlaşsam, sadaladıqlarım yox, tamam yeni bir sahəyə baş vuraram. Əsas inam və çalışqanlıqdır".



Lent.az saytının redaktoru Qabil Abbasoğlu isə mediadan uzaqlaşacağı təqdirdə ictimai fəaliyyətlə məşğul ola biləcəyini dedi: "Bu illər ərzində bizim ictimai sferadan başqa heç yerdə ciddi fəaliyyətimiz olmayıb. Ona görə də qazanılmış təcrübəni elə bu sahədə də istifadə eləyə bilərik. Doğrusu, özümü bir neçə başqa fəaliyyət sahəsində də bacarıqlı sayıram. Amma məncə, mediadan getsəm, ən faydalı və optimal yol ictimai fəaliyyətlə məşğul olmaqdır".

Musavat.com