Super Ay bu gecə son dəfə görünəcək

Sentyabrın 9-una keçən gecə Yer kürəsinin sakinləri cari ildə son dəfə super-Aya tamaşa edə biləcəklər.

AzNews.az-ın AzərTac-a istinadən verdiyi xəbərə görə, bu qeyri-adi astronomik hadisə Ayın bədirlənməsi və ya təzələnməsi ilə Ayın və Yerin ən çox yaxınlaşdığı vaxtda baş verir. Bu zaman Ay həmişəkindən daha böyük və daha parlaq görünür.

Ay perigeydə (Yer kürəsinə ən yaxın nöqtədə) olanda o, apogeydə (Yer kürəsindən ən uzaq nöqtədə) olduğu ilə müqayisədə 14 faiz böyük və 30 faiz parlaq görünür. Ay perigeydə olarkən onunla Yer arasındakı məsafə Ayın apogeydən keçdiyi vaxtla müqayisədə təxminən 50 min kilometr yaxın olur. Bu dəfə Ayın Yerə ən çox yaxınlaşdığı vaxt Şimal yarımkürəsində astronomik payız fəslinin başlanğıcı olan gecə-gündüzün bərabərliyi ərəfəsində ayın sonuncu bədirlənməsi ilə eyni vaxta düşür.

Bu dəfə Yerdən Aya qədər məsafə 359,1 min kilometr olacaqdır.

Adətən super-Ayı yarım ildə bir dəfə müşahidə etmək olur. Lakin 2014-cü ildə bu hadisələr daha "bol" olub: bu gecə sayca beşinci dəfə super-Ayı müşahidə etmək olacaqdır.

Bu il yanvarın 1-də və 30-da iyulun 12-də və avqustun 10-da Ay qeyri-adi dərəcədə böyük görünüb.

AzNews.az