Xırdalandakı faciə təkrarlana bilər- VİDEO

Respublikada o cümlədən paytaxtda yüzlərlə bina var ki, qəzalı və ya yarımtikili vəziyyətdədir. Qaçqın və məcburi köçkünlər isə bu binalarda məskunlaşıb. Onların həyatı demək olar ki, hər an təhlükə qarşısındadır.

ANS TV-nin məlumatına görə, ötən gün Xırdalanda baş verən faciə elə şəhərin mərkəzində Şərifzadə küçəsi, 45 ünvanında təkrarlana bilər. Burada məskunlaşan 100-dək məcburi köçkün ailəsi salamat qaldığı hər gününü az qala möcüzə sayır.

Son illər dövlət qaçqın və məcburi köçkünlərin həyat səviyyəsinin yaxşılaşdırmaq üçün kompleks tədbirlər görür, çadır şəhərcikləri ləğv olunur, yeni qəsəbələr salınır. Bu istiqamətdə Bakıda və ölkəmizin ayrı-ayrı bölgələrində bütün sosial-texniki infrastruktura malik 82 müasir qəsəbə, məhəllə salınıb, 42 min ailə olmaqla 190 min nəfərədək qaçqın və məcburi köçkünün mənzil məişət şəraiti yaxşılaşdırılıb. Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi də etiraf edir ki, qəzalı vəziyyətdə yaşayanlar az deyil.

Dövlət Komitəsinin sədr müavini Gəray Fərhadov deyir ki, hazırda Bakıda 20 belə bina var: "Hər il 4 min ailə, yəni 20 mindən çox köçkün yeni evlərə köçür. Bu binalarda yaşayan köçkünlər mərhələli şəkildə yeni evlərə köçürüləcək".

Hökümət qaçqın və məcburi köçkünlərin qəzalı binlardan köçürülərək daha uyğun yerlərdə yerləşdirməsini qarşıdakı bir neçə ildə başa çatdırmağı planlaşdırır. O vaxta qədər isə düşmən gülləsindən canını götürüb qaçan bu köçkünlərə yəqin ki, taleyilə barışmaq qalır.



AzNews.az