08:39
(077) 610-22-33

Tofiq Yaqublu: “Nigar nə yeriyə, nə də danışa bilirdi”

  • >
1 646 14 Sentyabr 2012 13:24 | Cəmiyyət

“Burada siyasi motivlər var. Bu, günəşi danmaq kimi bir şeydi”


Avqustun 25-i Müşfiqabad qəsəbəsində baş verən yol qəzasında Müsavat Partiyasının Məclis üzvü Aydın Acalov dünyasını dəyişib. İstintaq zamanı bəlli olub ki, qəza zamanı partiyanın başqan müavini Tofiq Yaqublunun qızı Nigar Yaqublu da maşında olub. Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir ki, maşını sürücülük vəsiqəsi olmayan N.Yaqublu idarə edib. Nigar Yaqublunun istintaqdan yayındığını əsas gətirərək sentyabrın 11-də onu həbs ediblər. Məlum hadisədən qızının həbs olunması ilə bağlı Tofiq Yaqublu AzNews.az-ın suallarını cavablandırıb:

-Tofiq bəy, qızınız baş verən hadisə ilə bağlı sizə həmin gün nəsə deyib?

-Deməyinə deyib, məndə dəqiq məlumat var. İstintaq gedir və hər şey aydın olacaq. Maşını sürüb-sürmədiyi barədə bir şey deyə bilmərəm. Çünki vəkillərlə məsləhətləşmişik. Onlar da işə ciddi hazırlaşırlar.

- Gəlin açıq danışaq. Qızınız hadisəni tam olaraq necə anladıb sizə?

- Ciddi xəsarətlər almışdı. Hadisənin necə baş verdiyi barədə danışıb. İstintaq getdiyinə görə bir söz deyə bilmərəm. Müdafiə taktikası baxımından düzgün deyil.

- Nigar Yaqublu hadisəsinin əvvəlindən niyə özü könüllü ifadə verməyə getməyib?

- Onda elə hal olmayıb ki, gedib ifadə versin. Hətta müalicə aldığı klinikadan bildirdilər ki, qızın aldığı xəsarətlər ağır olduğundan 1 ay müddətində istintaqın suallarına cavab verə bilməz. Onlar da elə məktub ola-ola bizi dəvət etdilər istintaqa. Biz də getdik.

- Deyirsiz, qız yaralı idi. Xəsarətlər nədən ibarət idi?

- Qız qəzadan sonra hospitala yerləşdirilib. Qəzanın şəkillərinə baxanda hiss etmək olur ki, oradan sağ adam çıxa bilməz. Bədənində çoxlu sayda sıyrıqlar var idi. Nigar nə yeriyə, nə də danışa bilirdi. Adicə əlini qaldırıb, su içə bilmirdi. Hadisə baş verəndən sonra ağlayırdı, qışqırırdı. Valideyn kimi mənim üçün o dəhşətli dram idi.

- Xəsarətlər bir yana bu insanın psixoloji şoku var. Mənə burada bəzi məqamlar qaranlıq qalıb. Aydın müəllim maşın idarə etməyibsə, sağ tərəfdə əyləşməli idi. Əgər bu qız sükan arxasında oturmuşdusa, istintaq bunu dərhal ortaya çıxarmalı idi. Yəni deməyim odur ki, qızın maşını idarə etməsi məsələsi sonradan bəlli oldu...

- Əslində istintaq gözləməli idi. Xəstəxanın məktubu ola-ola onu istintaqa çağırdılar. Qız sağalandan sonra davam etdirilməli idi.

- Bir ata kimi qızınızı danladınızmi ki, vəsiqəsi olmaya-olmaya maşın sürüb?

- Siz haradan bilirsiz ki, maşını o sürüb? Bunu istintaq müəyyən etməlidir. Bizim tələbimiz odur ki, istintaq obyektiv aparılsın. Nigar haqqında həbs qətimkan tədbirinin seçilməsi absurd məsələdir. Biz də bundan çox narahatıq. Mən bilirəm vəziyyət necə olub. Nigar çoxdan maşın sürə bilir. Yol-hərəkət qaydalarını da bilir. Söhbət ondan gedir ki, Nigar o maşını sürüb, ya yox. Biz bu məsələnin üstünə gedib, istintaq üçün problem yaratmayaq. İstintaq yekunlaşmayıb, istintaqı gedişi zamanı mənim belə sualları cavablandırmağım düzgün olmaz.

- Bu qəsdən olmuş qəza hadisəsi deyil. Hadisə baş verən zaman həmişə məsuliyyətə qəza törədən şəxs cəlb olunur. Əgər qız qəza törətməyibsə, təbii ki, o zərərçəkəndir. Amma maşın idarə edənin vəsiqəsi yoxdusa, deməli, qəzaya səbəb olan odur. Bu da aydınlaşdırılmalıdı. Məlum olmalıdır ki, qəzaya "KaMAZ"-ın sürücüsü səbəb olub, yoxsa Nigar xanım. İstənilən halda qəzaya səbəbkar qarşı tərəf olsa belə, Nigar xanımın hüquqi baxımdan təcrübəsiz olmasına görə suçun yüngül hissəsi Nigar xanımın üzərinə düşür...

- Mən hüquqşünas deyiləm. Siz Nigar xanımın israrla maşın sürməsindən danışırsız.

- Ehtimalları unutmaq olmaz axı...

- Təsadüfi elə qəza şəraiti yarana bilər ki, heç Şumaxer də ondan yayına bilməz. Mənim qardaşım Rusiyada bir at arabasını vurdu. Onun içində iki adam var idi. Şahid ifadələri zamanı bəlli oldu ki, qəzanın yaranmasına motosiklet səsəb olub. Yəni qardaşımın idarə etdiyi avtomobilin qarşısına çıxıb. O da yol kənarında at arabasına vurub. Məhkəmədə motosikletin sürücüsü təqsirləndirildi. Nə olsun ki, qəza olub, adam ölüb. Günahkar başqasıdı... Yenə də deyirəm, niyə Nigar Yaqublunu istintaq gedişində həbs etməlidilər?.

- İstintaq bunu təcridxanaya aparıbsa, deməli, hansısa fakta əsaslanıb bu addımı atıb...

- Məhkəməyə təqdim olunur ki, guya Nigar xanım istintaqdan yayınır. Belə şey olmayıb.

- Şahid qismində çağrılıb?

- Yox, Nigar xanım təqsirləndirilən şəxsdir. Həbs qətimkan tədbiri 3 halda ola bilər. İstintaqın gedişinə maneə, istintaqdan yayınma, bir də əngəl törətmə.

- Onda bunu siz məhz ailənizin siyasi fəaliyyəti ilə əlaqələndirirsiz?

- Mənə göstərin ki, indiyə kimi Azərbaycanda belə hadisə olub. Söhbət onun barəsində hansısa qərarın çıxmasından getmir. Məhkəmənin qərarı olmadan onu niyə təcridxanaya salmalıdırlar. Onun görəcəyi işlər çoxdur, cəmiyyətdən təcrid etmək olmaz. Aydın bəylə bərabər nə qədər planları var idi, hamısı yarımçıq qalıb. Mən bunları siyasi məsələlərlə əlaqələndirirəm.

- Gənc kimi fəal ola bilər. Amma onun hakimiyyət üçün nə təhlükəsi ola bilər?! Siz özünüz də yazarsız, təhlükəli siyasi fiqur deyilsiz ki, sizin qızınıza təzyiq eləsinlər. Məntiqə uyğun deyil...

- Bəs nə ola bilər. Mən Müsavat başqanının müaviniyəm!

- Başa düşdüm. Məsələn, İsa Qəmbər olsaydı, bir az inandırıcı görünərdi. Yəni, siz onlar üçün real təhlükə deyilsiz...

- Mən də mübarizə aparıram, mitinqlərdə iştirak edirəm. İsa Qəmbərin də müavinləri var. Məhz İsa bəy özü olmalıdır? Bəs, onda Arif Hacılını niyə həbs etmişdilər?

- Ayaz Mütəllibovun da qızı qəza törətdi. O qədər səs çıxmadı...

- Ayaz Mütəllibov bu hakimiyyətə rəqib deyil, artıq, barışmışdı. Burada siyasi motivlər var. Bu, günəşi danmaq kimi bir şeydi.

- Siz də qızınızın yaralı fotoları varsa, bizi onu dərc edə bilərik...

- Yox, onun fotosu yoxdur. Ona ehtiyac da yoxdur. Çəkməmişik.

- Aydın müəllimin ailəsinin, oğlu Rəşadın buna münasibəti necədir?

- Onlar da bizdən üzrxahlıq edirlər. Hadisədir də olub. Çox alicənab ailədirlər.

İlkin
AzNews.az
Bağla X