04:02
(077) 610-22-33

Direktorların cinayəti...

  • >
3 255 13 Sentyabr 2014 11:37 | Cəmiyyət

Aida Eyvazlı


İki gündən sonra dərs başlayır. Ancaq Azərbaycanın bir çox ucqar kənd və rayonlarında məktəbə getməyən, sadəcə adı sinif jurnallarına yazılan məktəblilər var. Bu gün kənd və rayonlarda savadsızlıq baş alıb gedir.

Qəbul imtahanları vaxtı bunun bir daha şahidi olduq. Ən aşağı balla tələbə adını alanları institut və universitetlərdə, texnikomlarda oxuyan görəcəyik. Dərs əmsalı dəyişmir. Həmin o tələbələr oxuduqları təhsil ocaqlarını başa vurmaq üçün yenə müəllimlərinə "görüm-baxım" edəcəklər. Heç kim deməsin ki, belə hal yoxdur.

Bu halı müşahidə etmək üçün semestr imtahanlarında , Təhsil Nazirliyinin vicdanlı əməkdaşlarını təğyiri-libas olub, yoxlamalar aparmaları kifayətdir ki, qiymətlərin pulla yazıldığının şahidi olsunlar. Bəzi təhsil müəssisələri qiyabi oxuyan tələbələrə hətta tapşırıq verəndə kitab vermir. İş o yerə çatıb ki, həmin kitablar heç təhsil müəssisəsinin özündə belə olmur. Son nəticə olaraq, həmin tələbələr semestr imtahanlarını uğurla verirlər.


Bundan başqa isə respublikamızın güc nazirliklərinin və MTN -in ciddi araşdırmasına ehtiyac olan dəhşətli faktla üzləşdiyimi buradan bəyan edirəm. Belə ki, bu gün dini cərəyanlara meyl edən insanların əksəriyyəti qızlarını və oğlanlarını hamının təhsil aldıqları məktəblərə buraxmırlar. Buna onu əsas gətirirlər ki, yavru qızcığazlar başlarını islam qaydaları ilə örtürlər. Azərbaycan məktəbləri buna icazə vermədiyindən, onlar da qızlarını məktəbdən kənarlaşdırırlar.

Övladlarına bir azca təhsil vermək istəyən, dini qrupların bəzi nümayəndələri isə uşaqlarını əlil kimi qeydiyyatdan keçirib, onları ev dərsi ilə təmin edirlər. Bu ev dərslərinə gedən ibtidai sinif müəllimləri ayda 200 manat civarında aylıqla kifayətlənir. Böyük siniflərə gedən uşaqları evdə hazırlayan müəllimlərdə isə qiymət bir az yuxarı olur. Əlbəttə əgər ailədə məktəbə getməyən sağlam uşaq varsa və ona ev dərsləri keçirilirsə, bu dövlətimizin insanına etdiyi qayğının nümunəsidir. Lakin bunun içərisində, uşaqlarını bilə-bilə bizim Azərbaycan reallığından və cəmiyyətindən təcrid edib, dövlətimizin içərisində başqa bir dövlət yaratmaq cəhdləri varsa, bu, artıq cinayətdir. Bir Azərbaycan vətəndaşı, jurnalistikamızın yolunda canını qoymuş jurnalisti kimi əlaqədar təşkilatların bu məsələləri araşdırmasını istəyərdim. Buna görə, məktəb müəllimləri, icra hakimiyyətinin əlaqədar orqanları əlbir olub, həmin adamları cəmiyyətdə ifşa etməlidirlər.

Onları üzə çıxarmaq çox asandır. sadəcə buna istək lazımdır. Əlbəttə, əgər bir məktəb direktoru bilsə ki, sabah yoxlama gəlib, məktəblilərin davamiyyətini yoxlayacaq, o zaman məktəblilərə xəbər göndərib onları sinfə yığacaq. Yoxlamaya gedən mütəxəssis savadlı və vicdanlı olarsa, bu məktəblinin sinfə təsadüfən gəldiyini təyin edəcək. Təhsil Nazirliyini vətənimiz üçün bu həlli vacib və təhlükə ola biləcək məsələyə diqqətlə yanaşmağa çağırıram. Əks halda, onsuz da savadsızlıq baş alıb gedir.
Bağla X