13:03
(077) 610-22-33

Hava proqnozu yeni sistemlə hazırlanacaq

  • >
987 22 Sentyabr 2014 10:10 | Cəmiyyət

Azərbaycanda sinoptiklərin proqnoz hazırlaması işi daha da asanlaşacaq və onlar daha müasir sistemlə proqnozlarını tərtib edə biləcəklər.



Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, artıq Azərbaycanın hidrometeorologiya sistemində Türkiyədə proqnoz tərtibatı üçün istifadə edilən TÜRKMETCAP proqramının yeni versiyasının qurulması işlərinə başlanılıb. Bu məqsədlə sentyabrın 21-dən Azərbaycanda səfərdə olan türk mütəxəssislər ölkədə olacaqları bir həftə ərzində proqramı qurmaqla yanaşı, yerli mütəxəssislərə sistemdən istifadə qaydalarının öyrədilməsi üçün treninqlər keçəcəklər. Gələn həftədən isə yeni sistemin tətbiqinə başlamaq planlaşdırılır. Bu işlər Türkiyə Meşə və Su İşləri Nazirliyinin Hidrometeorologiya İdarəsi ilə əməkdaşlıq çərçivəsində aparılır.

Nazirlikdən bildirilib ki, hazırda Azərbaycanda sinoptiklər məlumatları peyk sistemi vasitəsilə avtomatlaşdırılmış şəkildə alırlar. Ancaq TÜRKMETCAP proqramının yeni versiyasının imkanları daha geniş və daha müasirdir. TÜRKMETCAP proqramı "sinoptiklərin avtomatlaşdırılmış iş yeri" hesab edilir.

Bu sistem tətbiq edildikdən sonra proqnoz tərtibatı üçün lazım olan bütün sinoptik xəritələr, rəqəmli informasiyalar, digər ölkələrdə aparılan müşahidələrin nəticələri, faktiki məlumatlar, rəqəmsal modellərin nəticələri - böyük həcmli məlumatlar bir sistemdə cəmləşəcək və sinoptik həmin sistemdən istifadə edərək öz proqnozunu tərtib edəcək.
Bağla X