Metropoliten yeni hərəkət cədvəlini açıqladı

Yeni tədris ilinin başlaması ilə Bakı Metropolitenində qatarların payız cədvəli üzrə hərəkətinin təşkilinə başlanacaq. Metropolitendən verilən məlumata görə, sentyabrın 17-dən qüvvəyə minəcək yeni cədvələ əsasən, "Həzi Aslanov" stansiyasından "28 May" stansiyasına qədər və əks istiqamətdə, qatarlar arasında interval pik saatlarda 2 dəqiqəyə qədər azaldılacaq. Buna uyğun olaraq, "28 May" stansiyasından "İçərişəhər" və "Dərnəgül" stansiyaları istiqamətində hərəkət edən qatarlarda bu müddət iki dəfə artıq, yəni 4 dəqiqə təşkil edəcək.

Günün digər vaxtlarında qatarlar "Həzi Aslanov" stansiyasından "28 May" stansiyasına qədər və əks istiqamətdə, sərnişin sıxlığından asılı olaraq, 2,5-3 dəqiqə intervalla hərəkət edəcək. Həmin vaxtlarda "İçərişəhər" və "Dərnəgül" stansiyaları istiqamətində və əksinə hərəkət edən qatarlar arasında interval 5-6 dəqiqəyə bərabər olacaq.

"Həzi Aslanov" stansiyasından hərəkət edən qatarlarda interval müddəti yalnız "Bakmil-Nəriman Nərimanov" yol mənzili istiqamətində qatarların hərəkəti zamanı daha çox olur. Bu, həmin qatarların metropoliten xətlərinin vahid hərəkət cədvəlinə uyğun olaraq tətbiq edilir.

Yeni qrafik gələn ilin iyul ayına qədər qüvvədə olacaq.

E.Əlosmanqızı
AzNews.az