Hansı qadınları ideal hesab etmək olar? - SORĞU

Kimləri, hansı xanımları ideal hesab etmək olar, ideal qadın varmı? AzNews.az-ın əməkdaşı bu salla tanınmış şəxslərə müraciət edib.

"Qadın öz ideallığını görə bilmirsə, bu, biz kişilərin günahıdır"

Xalq artisti Mübariz Tağıyev: "İdeal qadın məhz Azərbaycan qadınına xas olan xüsusiyyətləri özündə cəmləşdirə bilən bir qadındır. Bundan başqa, bu günün qadını ziyalı, dünya görüşlü olmalıdır. Həmçinin, ideal hesab etdiyimiz qadına səmimilik, sədaqət kimi xüsusiyyətləri də aid etmək olar. Qadın isə öz ideallığını başqa cür görür, əgər görə bilmirsə, artıq bu kişilərin günahı ucbatındandır. Qadın dəyişmir, əgər dəyişirsə, buna səbəb biz kişilərik".

"Qadın mətbəxdə mahir aşbaz, cəmiyyətdə cazibadər xanım, yataqda ehtiraslı məşuqə olmalıdır"

Azərbaycan Yazıçılar Birliyinin Gənclər üzrə katibi Rəşad Məcid: "Qadın mətbəxdə mahir aşbaz, cəmiyyətdə cazibadər xanım, yataqda ehtiraslı məşuqə olmalıdır. Qadının gərək, camalından nur tökülə, dəhanından dürr. Kişilərin ilkin diqqəti qadının gözəlliyinə yönəlir. Ancaq gözəllik heç də həmişə əsas şərt olmur. Təəssüf ki, gözəl qadınlar çox vaxt özlərindən razı olurlar və digər keyfiyyətlərə fikir vermirlər. Qadın mətbəxdə mahir aşpaz, cəmiyyətdə cazibədar xanım, yataqda ehtiraslı məşuqə olmalıdır".

İdeal heç nə yoxdur

Yazıçı Elçin Hüseynbəyli: "İdeal qadın, ideal kişi, ideal insan… Allaha acıq getməsin, bəzən insanlar heç Tanrını da ideal hesab etmirlər. O mənada ki, onlar düşünürlər ki, Allah onlara qarşı bəzən qəddar və rəhmsiz olur. Buna görə də Allahda belə bir nöqsan axtarırlar, kamillik nöqsanı. Ancaq bu sualı ayrıca fikirləşmədən, indiki düşüncəmlə cavablandırsam, ideal qadın, ilk növbədə, həyat yoldaşını başa düşməyə çalışan qadın olmalıdır. Düşünürəm ki, həyatda estetika da vacib amildir. Qadının gözəl yox, yaraşıqlı və yapışıqlı olması da xüsusi əhəmiyyət kəsb edir. Ümumiyyətlə, qadın və kişi münasibətlərində kişiyə gözəl qadın yox, onu həyəcanlandıra bilən bir qadın lazımdır. Burda söhbət gözəllikdən getmir, ola bilər qadın gözəl deyil, amma kişini həyəcanlandıra bilir, ancaq bu zaman onların münasibətində bir harmoniya yarana bilər".

"Kişilər xüsusilə hiss edə bildikləri qadınları seçirlər"

Psixoloq Naib Niftəliyev: " Burada yaş dövrünün də özünəməxsus rolu var. Məsələn, kiçik yaşlı oğlan uşaqları üçün "ideal qadın" anaları sayılırsa, yeniyetməlik, gənclik dövründə oğlanların təsəvvürləri, fikirləri artıq tamam dəyişir. Onlar bu obrazı sövq-təbii olaraq, kənarda – ünsiyyətdə olduqları, dostluq etdikləri qızlarda axtarmağa başlayırlar. Belə axtarışlar sevgidə, ailədə öz ideal tərəf müqabilini tapmaq səyləri kişilərin şəxsiyyətinin formalaşmasında mühüm rol oynayır.

Kişilərin "ideal xanım" barədə düşüncələri, xanımların "ideal kişi" barədə təsəvvürlərindən əhəmiyyətli dərəcədə fərqlənir. Belə ki, qadınlar "ideal kişi"ni bütün hallarda güclü, iradəli, imkanlı, bacarıqlı, qabiliyyətli, ciddi, istiqanlı, qayğıkeş birisi kimi təsəvvür edirlər. Kişilərə aid edilən digər təbii, müsbət keyfiyyətlər isə bir qədər kölgədə qalır. "Güclü cins"in nümayəndələrinin məsələyə münasibəti isə bir qədər ziddiyyətli və fərqlidir. Onlar bir tərəfdən, güclü, iradəli, dözümlü, məsuliyyətli, sərbəst və ciddi qadınları bəyənirlər, "ideal xanım" hesab edirlər, digər tərəfdən, əksər hallarda onlardan çəkinirlər. Burada zövqün də öz yeri var. Belə ki, əksər kişilərin "ideal qadın"ı yetərincə xoşagəlimli, gözəl olmalıdır. Lakin kişilər gözəlliyi "ideal qadın" obrazının əsas əlamətlərindən biri kimi qeyd eləsələr də, bu məqam onların seçimlərinə həlledici təsir göstərmir. Kişilər adətən, ünsiyyətdə səmimi, xoş təsir bağışlayan, özlərinə daha yaxın, doğma saydıqları, xüsusilə hiss edə bildikləri xanımları seçirlər".

"Mən ortaq dəyər kimi qiymətləndirilə biləcək bir qadın və ya qadın obrazı tanımıram"

Yazıçı-şair Etimad Başkeçid: "İdeal o deməkdir ki, onu hər kəs ortaq dəyər kimi qəbul edir. Ancaq mən ortaq dəyər kimi qiymətləndirilə biləcək bir qadın və ya qadın obrazı tanımıram. Bu, mümkün deyil sadəcə. Ona görə ki, zövqlər olduqca müxtəlifdir. Div qurbağaya aşiq ola bilər və ya əksinə. Mənim üçün gözəl olmayan qadın yoxdur, sadəcə onlardakı gözəlliyi görməkdə zorluq çəkən insanlar vardır".

Məlum sualla kişilər arasında sorğu aparılıb. Sorğunun nəticəsinə görə, ideal bir qadın:
-Daim oxuma vərdişinə sahib olmalıdır. Kişilər qəzetlərin sadəcə ilk və son səhifələrini oxuyan və gündəlik izləməyən xanımları ünsiyyət obyekti olaraq görmürlər;
-Telefonla lazım olduğu qədər danışmalıdır. Qadınların telefon danışıqlarını saatlarca uzatmaları kişilərin əsəblərini pozur;
-Ağır makiyaj eləməkdən, həddən artıq parfüm və çox cəlbedici rəngli dodaq boyası istifadə etməkdən uzaq olmalıdır. Bu cür görünən qadınlar daha çox diqqətə səbəb olsalar da, kişilər təbii və məsum gözəlliyə üstünlük verirlər;
-Televiziya seriallarının xəstəsi olmamalıdır. Həyatını bu seriallara görə proqramlaşdıran və bu saatlarda dünyadan qopan qadınları kişilər anlamırlar və təbii olaraq da onlardan uzaqlaşırlar;
-Lüks vurğunu olmamalı, "alış-veriş vaxtı" məntiqini qoruya bilməlidir. Kredit imkanı və ya endirimlər var deyə evə gərəksiz əşyalar daşımamalıdır;
-Alkoqol və siqaretdən uzaq olmalıdır. Bəyəndikləri qadınları eyni zamanda, gələcək uşaqlarına analığa namizəd olaraq görən kişilər pis vərdişləri olan qadınlardan bu cür şəxsi mənfəətlərə görə uzaqlaşa bilərlər;
-Bədən formasına diqqət etməlidir. Amma hər yeməyə "dietadayam" deyə başlamamalıdır. Çünki bu, kişiləri ən çox sıxan sözlərdəndir.
-Evini, ya da otağını oyuncaqlarla doldurmamalıdır. Sadəcə görüntüsü gözəl deyə evi heç bir işə yaramayan əşyalarla doldurmamalıdır;
-Azərbaycan dilində yaxşı danışmalıdır. Rus dilində sözləri uzada-uzada danışan xanımların yerinə kişilərin fikrincə, sözləri gözəl tələffüz edən, təmiz Azərbaycan dilində danışan xanımlar daha çox onların diqqətini cəlb edir;
-Sadəcə qızlarla deyil, oğlanlarla da dost olmağı bacaran xanımlar kişilərin fikrincə, daha cəzbedici olurlar. Çünki bu cür qadınlarla daha rahat ünsiyyət qura bilirlər;
-Uşaq kimi danışarkən bunu etməyi bacarmırlarsa, etməməlidirlər. Çünki bəzən bu qadınlara bir şirinlik versə də, çox zaman əks effekt də yarada bilər;
-Qısqanc olmamalıdır. Sevgilisinin davamlı sorğu-sual edən və izləyən xanımlar, özlərinə güvənmədikləri mesajını verərək bütün xarizmalarını itirirlər;
-Kişinin hər şeyi ilə maraqlanmamalıdır. Bəzən anasından daha irəliyə gedərək kişinin hər işiylə maraqlanan qadınlar aradakı sehrin pozulmasına və kişinin qaçmasına səbəb olurlar;

-Daxili dünyasında rahat olmalıdır. Keçmişdə yaşadığı psixoloji problemləri və ailə problemlərini həll edə bilməmiş qadın kişilərin gələcək planlarına daxil ola bilmirlər;
-Öz ayaqları üstündə dura bilməlidir. Heç bir işini kişinin köməyi olmadan edə bilməyəcəyini düşünən qadınlar kişilərdə əvvəlcə bir qoruma duyğusu yaratsa da, bir müddət sonra bu hiss sıxıntıya çevrilir.

Sevinc Fədai
AzNews.az