08:40
(077) 610-22-33

Uşaq qidaları harada satılmalıdır?

  • >
445 17 Sentyabr 2012 22:02 | Cəmiyyət

“Azərbaycanda uşaq qidaları ilə bağlı böyük problem yaşanır”



"Pediatrlar düzgün məlumatlandırma aparmırlar"

İndi yeni doğulan körpələrin əksəriyyəti süni qidalarla böyüyür. Ancaq bu qidaların keyfiyyəti, saxlanma şəraiti və satış məntəqələri insanları narahat edir. Bir çox valideynlər uşaq qidasının ən doğru satış obyektinin apteklər olduğunu düşünsələr də, bu qidaların dərmanlar arasında saxlanmasından narahat olanlar da az deyil. Bəs usaq yeməklər harada, hansı şəraitdə saxlanmalıdır? İnsanlar öz körpələrinə verdikləri süni qidaları haradan almalıdır?

"Uşaq qidaları ilə bağlı böyük problem yaşanır"

Məsələyə münasibət bildirən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qeyd etdi ki, apteklərdə körpə qidalarının satışını qanun qadağan etmir: "Ancaq ümumilikdə götürəndə, hazırda Azərbaycanda uşaq qidaları ilə bağlı böyük problem yaşanır. Yəni bu hər kəsə məlum olmalıdır ki, körpə qidaları 25 dərəcədən aşağı temperaturda saxlanmalıdır. Ancaq bu gün nəzər salanda görürük ki, bu qidaların 60%-i heç də belə bir şəraitdə saxlanılmır. Üstəlik körpə qidalarının təxminən 8%-inin vaxtı keçmiş halda satışa çıxarılır. Həmçinin, bu qidaların reklamında böyük problem var. Həmçinin, pediatrların qidalarla bağlı apardığı məlumatlandırma işlərində vəziyyət yaxşı deyil".

Müsahibimiz bildirdi ki, qanunla qadağan edilmədiyi üçün biz uşaq qidalarının apteklərdə satışına qarşı çıxa bilmərik: "Buna görə də apteklərə onların satışı dayandırılmır. Məncə, onun tərkibinə dərmanların elə bir təsiri olmur. Apteklərdə qidaların satışı üçün müvafiq şərait yaradılır. Ancaq yenə də yaxşı olardı ki, körpə qidaları dərmanlarla bir yerdə deyil, xüsusi olaraq ixtisaslaşdırılmış dükanlarda satılsın".

"Bizdə uşaq qidalarının satışı üçün xüsusi müəssisələr olmadığından…"

Tibb üzrə ekspert, professor Adil Qeybulla da uşaq qidalarının satışı üçün xüsusi ixtisaslaşdırılmış apteklər olmasının tərəfdarıdır.

Onun fikrincə, nəinki qidalar, həmçinin, uşağa aid olan digər gigiyenik vasitələr də xüsusi müəssisələrdə satılmalıdır: "Bu cür ixtisaslaşdırılmış tibb müəssisələri az olduğundan onlar adi aptek şəbəkələrində satılır. Uşaq qidalarının digər satış obyektləri isə ərzaq dükanları ola bilər ki, orda gigiyenik tələblərə ümumiyyətlə cavab verilmir. Nəinki apteklərdə uşaq qidaları, hətta xəstələr üçün lazım olanda zondla qidalanma üçün enteral qidalanma vasitələri də satılır. Yəni, bunlar da ayrıca ixtisaslaşdırılmış apteklərdə satılmalıdır.

Bütün şərt və qaydalara da riayət olunmalıdır. Lazım gəlsə, orda müəyyən praktiki informatorlar, pediatrlar da xəstələrə təlimatlar verə bilərlər. Ancaq bizdə, demək olar ki, belə apteklər yoxdur". Ekspertin sözlərinə görə, bugünkü şəraitdə, səhiyyə strukturlarında uşaq qidalarının satışı üçün yeganə uyğun yer aptek müəssisələridir.

"Qidalar hermetik cəhətdən təmin olunmalıdır"

Dərmanlarla birgə satışın uşaq qidalarının tərkibinə nə kimi mənfi təsiri ola biləcəyini soruşduqda isə mütəxəssis belə cavab verdi: "Qidalar əslində hermetik olmalıdır. Uşaq qidaları toz şəklində olduğu üçün onun tərkibinə nəmlik və ya digər şeylərin elə bir təsiri olmur. Çünki onlar hidsroskopikdir. Qidaların tam olaraq hermetikliyi təmin olunmalıdır ki, hansısa bir yerdən nəm götürə bilməsin və s. Yəni qidalar hermetik cəhətdən təmin olunduqda, aptekdə dərman preparatları ilə birgə satışının təsiri və ya qorxusu yoxdur".

Pediatrlar nə deyir?

Pediatrlar isə uşaqların bəslənməsi üçün olan qidalar apteklərdə satılmasını münasib bilirlər. Çünki onların bugünkü şəraitdə apteklərdə satılmasının uşaqlar üçün təhlükəsiz olduğunu düşünürlər. Əslində bu fikrə səbəb digər mağazalarda qidaların daha təhlükəli şəraitdə satılmasıdır.

Pediatrların fikrincə, ən məsləhətlisi körpələrin süni qidalarla deyil, ana südü ilə bəslənməsidir. Çünki heç bir süni qida ana südündən üstün ola bilməz. Üstəlik də, onun satıldığı məkanın, temperaturun, kimyəvi maddələrin də qidanın tərkibində etdikləri dəyişkənlikdən də xəbərsizdirlər. Bu da uşaqların səhhətində müəyyən fəsadlar yarada bilər. Ona görə də, yetərincə diqqətli və ehtiyatlı olmaq lazımdır. Çünki söhbət uşaqların sağlamlığından gedir.

Sevinc Fədai
AzNews.az
Bağla X