11:24
(077) 610-22-33

Müğənni Aslan: “Məni dövlət tədbirinə bir də dəvət etsələr, deyəcəm Arif Alışanovu aparın”

  • >
1 599 18 Sentyabr 2012 08:44 | Cəmiyyət

“Deyəsən, buradan da sürgün olunacam”



Müğənni Aslan Hüseynovun AzNews.az-a müsahibəsi:

- Fəxri adlarla bağlı siyahı açıqlandı. Amma bu dəfə də siyahıda yer almadınız?

- Siz mənim lap yaralı yerimə toxundunuz. Ha dedim ki, danışmayacam, amma olmadı. Mən bir şeyə məətəl qalmışam. Dövlət tədbirlərində məndən çox görünəni yoxdur. Amma ada gələndə bizi yada salmırlar. Gərək danışasan, bunların ünvanına döşəyəsən ki, sənin varlığını bilsinlər. Bir neçə vaxt bundan öncə Qazaxıstanda Azərbaycan Mədəniyyət Günləri keçirildi. Orada bizi təmsil edən bircə estrada müğənnisi vardı, o, da mən. Bəs o, ad alanlar haradaydı? Ümumiyyətlə, Qazaxıstan, Türkmənistan, Qırğızıstanın adı gələndə orada həmişə mən olmuşam. Baxmayaraq ki, türkdilli xalqlardır, Azərbaycandan heç kəs onların dilində normal oxuya bilmir. Amma fəxri ad məsələsi gələndə deyirlər "sən dur kənarda". Yada salmırlar, itirib-axtarmırlar. Deyəndə pis olursan, deməyəndə saymırlar. Elə ki, danışırsan, deyirlər "buna bir bax, özünü tərifləyir". Mənə Qırğızıstan toxunulmazlıq hüququna kimi vermişdi. Adım, sanım hər şeyim vardı. Amma Azərbaycanda bir quru adı mənə çox gördülər.

- Gürcü qızı Manana başqa ölkənin nümayəndəsi olsa da Azərbaycan tərəfdən çox irəlidədir?

- Düzdür, gərək aydın və ürəkdən oxumayasan. Qışqırasan, səhnədə qaçasan. Ancaq saçlarını və bədənini oynadasan. Belə olsaydım, mən də yada düşərdim. Mən şəxsən onlar kimi oxumuram. İnanıram ki, bir gün bunu ölkə başçısı görəcək və lazım olduğu adı mənə verəcək. Yəqin ki, bunu başqa strukturlar gündəmə gətirməlidir. İlk növbədə də Mədəniyyət və Turizm Nazirliyi deməlidir. Amma bu qurum demir, səsini çıxarmır. Mənsə işimi-gücümü atıb Nazirliyin tədbirlərinə gedirəm. Hələ onlara qarşı heç bir vaxt hörmətsizlik etməmişəm. Onlara böyük hörmətim var. Bu yaxınlarda Nazirlikdən zəng oldu. Dedilər ki, "Ədalət müəllim şəxsən tapşırıb ki, Aslan Qazaxıstan Mədəniyyət Günlərinə getməlidir". 3-4 toyumdan, xeyirimdən olub, onların tədbirinə getdim. Kim ki, onların tədbirinə getmir, arxada danışır ona dövlət tərəfindən diqqət daha çox olur. Mənim ümidim bir Allaha, sonra da dövlət başçısınadır.

- Bəlkə məqsəd Sizi Azərbaycan şou-biznes bazarından çıxardıb Qazaxıstana yola salmaqdır?

- Mən heç bir vaxt millətimi bir ada görə satmaram. Xalqımız toy edir, ora 10 xalq artisti gəlir. Onların qarşısında heç kim durub oynamır. Amma mən gələndə hamı ayaq üstə olur. Mən bu hörməti dəyişə bilmərəm. Bu axırıncı advermə mərasimindən sonra özümü pis hiss etdim. Qazaxıstandan Bakıya prezident seçkilərinə görə gəldim. Bəs hanı bunun qarşılığı? Nadir Qafarzadənin sözü olmasın, mənim nəyimə lazımdır bu gün hamıya verilən fəxri ad. Baxırsan ki, artıq bizi təhqir edirlər, "bunlara vermişik sənə yox" ənənəsi var. AzTV-nin sədri Arif Alışanov mənimlə telefonla danışdı. Dedi ki "sən özbək stilində oxuyursan". Dedim ki, düz deyirsən gərək bəzi Xalq artistləri kimi "boka", fars janrında oxuyam ki, mənə də fəxri ad versinlər. Bu gün "fars", "boka" oxuyanlara ad verirlər. Mən "İgidlər", "Ana" mahnısı oxudum. "Ana" mahnısı Zərifə Əliyevaya həsr olunub. Biabırçılıqdır. Aygün Bəylər o boyda sənəti ilə hələ Əməkdar artistdir. Ad çəkmək istəmirəm. Bir sıra Xalq artistləri adını daşıyanlar var ki, sənətdə Aygün Bəylərin atılan dırnağı da ola bilməz. Bu nə deməkdir? Bu gün başa düşdüm ki, məni təhqir etdilər. Hətta Nazirliyin işçiləri adamı təhqir edir. Bu yaxınlarda onlarla bir mərasimdə idik. Dedilər ki "siz Əməkdar artist deyilsiniz"? Deyirəm yox. Baxır və deyir ki, "mən sizi belə bilirdim". Mən də dedim ki, get bunu təmsil etdiyin Nazirlikdə de. Onların hamısı mənim dostumdur. Amma o dostlar kimə ad verdi? Teymur Əmraha ad verirlər. Hansı ki, biz Teymuru bir dəfə də olsa dövlət tədbirində görməmişik. Soruşanda da deyir ki, mənim nəyimə lazımdır dövlət tədbiri? Belə də ədalət olar? Deyirlər ki fəxri ad üçün gərək pul verəsən. Mən başa düşə bilmirəm, toyumu təxirə salıb onların tədbirinə getmək pul vermək deyil? Mən sizə görə pulumdan oluram. İndi durub pul verim? Prezidentə məktub yazacam, ən azından məni alçaltmasınlar. Mən Azərbaycana gələn kimi bu adı mənə verməliydilər. Bir dənə qırğız mahnısı ifa etməmişəm. Hələ ki səbir edirəm. Adam az qalır baş götürüb Qazaxıstana getsin. 1937-ci ildə bizi sürgün ediblər. İndi deyəsən, özüm-özümü sürgün edəcəm. Mənə dəvət göndərirsiniz. Amma siz utanmırsınız, heç dəxili olmayanlara ad verirsiniz. Nədir ki, hay-küy salırlar. Danışanlardan qorxursunuz. Prezidentə müraciət etsəm ki, məni təhqir edirlər...

- Deyilənə görə, Azərbaycanın adlı-sanlı sənətçiləri xarici ölkələrdə özlərini pis aparırlar?

-Düz deyirlər. Mən hələ Azərbaycana gəlməmişdən əvvəl tanıdığım insanlar vardı. Elə ki, gəldim, onları tanıdım hamısına nifrət etdim. Düzdür, fəxri ad sənətə görə verilir. Amma danışığını və özlərini apara bilməyənlər daha çoxdur. Paxıllar da ki, saysız-hesabsız. Adama deyərlər ki, ay balam daha nə istəyirsən? Bunlar Xalq artisti ola-ola xalqda özlərinə qarşı nifrət oyadırlar. Ad verəndə sizi sayıb tədbirlərinizə gedənləri də yada salın. Gələn dəfə nazirlikdən mənə zəng edilib sifariş verəndə deyəcəm ki, Teymur Əmrahı aparın. Gedib özbək tədbirlərini yola versin. Ya da Arif Alışanovu qabağa verin. Desin ki, "bizim formata düşün ki, sənə Əməkdar artist adını verək". Biz buyuq. Bizdə sənət-zad yoxdur, adı nəyəsə görə paylayırlar.

Bahar RÜSTƏMLİ
AzNews.az
Bağla X