“Xalq artistlərimizə baxanda lüt gəzmək istəyirəm” “Xalq artistlərimizə baxanda lüt gəzmək istəyirəm”

Ülvi Qılınc: “Bizdə şou-biznes yoxdur, sauna var”

“Xalq artistlərimizə baxanda lüt gəzmək istəyirəm”



Opera müğənnisi, vokalçı Ülvi Qılıncın AzNews.az-a müsahibəsi:

- Bu yay müğənnilərin əksəriyyəti vaxtlarını istirahətə sərf ediblər. Hazırda mövsümlə bağlı yaradıcılıq işlərinə başlayırlar. Sizin yaradıcılıq işlərinizdə yeniliklər varmı?

- Demək olar ki, istirahət etmədim. Yeni bir layihə üzərində işləyirəm. Hələ ki, layihəni gizli saxlayıram. Fiziki şəxslə müqavilə imzalamışıq. Bəstəkar mahnıları oxuyacağam. Bu layihə rejissor Rəhman Əliyevin köməkliyi ilə baş tutub. Əslində, Rəhmanla bir layihəmiz də var idi. Sadəcə, fitnə-fəsadla məşğul olan insanlar bu işin gerçəkləşməsinə imkan vermədilər.

- Azərbaycanda opera sənəti inkişaf prosesini yaşayır. Ola bilər ki, bu inkişaf bizim musiqiçilərimizə də təsir etsin və onlar da nə vaxtsa opera mahnıları oxusun?

- Operada inkişaf yoxdur. Opera musiqilərini dinləyənləri tapmaq çətindir. Mən indi heç kimi qınamıram. Çünki texnologiya inkişaf etdiyi və informasiyanın bol olduğu bir zamandır. Avropa ölkələrində konsert proqramlarıyla çıxış etmişəm. Avropa tamaşaçısının qarşısında səhv edə bilməzsən. Bugünkü müğənnilərimiz elə bilirlər ki, toy sənətdir. Toy sənət deyil! Toy müxtəlif yeməklərin yeyildiyi, mahnıların oxunulduğu yerdir. Sənətlə qarnını doyuzdurmursan, musiqiylə ruhunu doyuzdurursan.

- Sizcə, burada günahkar kimdir?

- Burada günahkar hamımızıq. Bu gün toyda oxuyanlar özlərini sənətkar adlandırırlar, müxtəlif titullara layiq görülürlər. Maraqlıdır, bəs Alim Qasımov, Rübabə Muradova kimdir? Ara müğənniləri özlərinə sənətkar deyərək, başlarından böyük danışırlar.

Müğənnilərin əksəriyyəti sənətkar və sənətçi sözünün fərqinə varmırlar. Bilmirlər ki, sənətkar və sənətçi sözünün mənası nə deməkdir? Deyəndə ki, sən sənətçisən, qarşı gəlirlər. Deyirlər ki, yox, sənətkaram! Müəllimim Elariz Məmmədoğlunun bir sözü var: "Müğənni 24 saat efirdədirsə və sevilmirsə, o bədbəxt müğənnidir". Bizim müğənnilər demək olar ki, 24 saat efirdədirlər. Bu müğənnilərin işi sənət deyil, gecə qondudur.

- Elariz sənətkardır?

- Elariz əsl toy ustasıdır, toy sənətakarıdır. Mən elə adam tanımıram ki, ondan gözəl toy aparsın.

- Niyə ailə qurmamısız?

- Bu gün şou xətrinə ailə qura bilərəm. Mən ailə qursam, bu, ömürlük olacaq. Ailə bir alovdur. Gərək yandısa, sönməsin. Ailədən şou üçün istifadə etmək olmaz. Qadınlar evlənib-boşanır... qadınları haradasa anlayıram. Amma kişiləri başa düşmürəm. Çox gülməlidir, nə xeyri var axı? Cəmiyyət bizə baxır. Biz cəmiyyətə nə öyrədirik? Mən bəzi Xalq artistlərimizə baxanda lüt gəzmək istəyirəm.

- Sevdiyiniz varmı?

- Mən bir dəfəyə 10 nəfəri sevə bilərəm. Sevgi elə bir hissdir ki, ilahi olmalıdır. Əgər kimisə sevirsənsə, bütün varlıqları sevməyə başlayırsan. Necə ki, Allaha olan sevgi...
Yaş məni qorxutmur. Hər şey Allahın əlindədir. İbrahim Peyğəmbərin oğlu İlyas Peyğəmbər 90 yaşında evlənib.

- Siz özünü şou-biznesdə görürsünüz?

- Bizdə şou-biznes yoxdur, sauna var. Mən də saunaya çimməyə gedirəm. Şou-biznes odur ki, müğənni dünyada tanınsın. Elə müğənnimiz var ki, deyir: "Beyonce kimdir ki?" Maraqlıdır ki, Beyonsu bəyənməyən özünü Beyonsla müqayisə edir. Bizdə toy-biznesi var. Özüm də toya gedirəm. Repartuarım az olur, amma saz olur. Klassik mahnılar oxuyuram.

- Sizi toyda görmək istəməyənlər var?

- Təbii ki, var. Amma mən alqışlanan müğənniyəm. Sevsələr də, sevməsələr də, toyda, efirlərdə və konsertlərdə üstümə daş atılan müğənnilərdən deyiləm.

- Maddi baxımdan toy sahəsində gəlir yüksəkdir ki, müğənnilər bu qədər kliplər çəkdirib, konsertlər verirlər?

- Toydan yaxşı pul var. Müğənnilərin başqa yollara da əl atırlar. Məsələn sponsorlar. Sponsorsuz heç nə etmək olmur. Paltar alırlar, maşın alırlar...

- Təxminən qadınları anladıq, bəs kişi sənətçilər?...

- Kişilərə də qadınlar sponsorluq edir. Mən elə müğənnilər tanıyıram.

- Sizin sponsorunuz və yaxud sponsorluq etmək üçün təklif edən şəxslər olubmu?

- Yoxdur. Təklif də olmayıb. Çünki mən həmin şəraiti yaratmamışam. Şou-biznes nümayəndələrinin 90 faizi belə yaşayır, qalanları isə …

- Xumar Qədimovayla tez-tez danışırsınız…

- Bizim fikirlərimiz tamamlanır. Mən bir insanı çox istəyirəmsə, deməli, həmin insan mənə yalan danışmır və həmin insanın ağlını, hisslərini yoxlayıram. Demək olar ki, Xumar Qədimova mənim ruhumun əkizidir.

Fuad Mədətov
AzNews.az