Yüksək nəticə göstərdi, amma işə qəbul edilmədi Yüksək nəticə göstərdi, amma işə qəbul edilmədi

Təhsil Nazirliyinin müəllimlər üçün keçirilən imtahanından narazılıq var

Yüksək nəticə göstərdi, amma işə qəbul edilmədi



Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin işə qəbulu üzrə imtahanların nəticəsindən narazı qalan Asya Tanrıverdiyeva AzNews.az-a müraciət edib.

Şikayətçinin bildirdiyinə görə, kimya ixtisası üzrə vakant yerlərə imtahanda iştirak edib. O, Sabunçu rayon məktəblərində 3, Xəzər rayonunda isə 1 yer olmaqla ümumilikdə 4 vakant yeri ərizəsində qeyd edib: "İmtahanda 35 sualdan 28-in doğru cavablandırdım və hər doğru cavaba görə bir bal olmaqla 28 bal topladım.

Diplom balı da əlavə edilməklə imtahan nəticələrimin 29.13 bal olduğu barədə məlumat verildi. Amma ərizəmdə qeyd etdiyim heç bir vakant yerə işə qəbul olunmadım. Halbuki keçid balının 28 olduğu bildirilirdi".

A.Tanrıverdiyeva məsələ ilə əlaqədar Təhsil Nazirliyinə müraciət edib. Lakin Nazirlikdə ona bildirilib ki, nəticələr açıqlandıqdan sonra əlavə yerləşdirmədə iştirak edə bilər: "Əlavə yerləşdirmənin aparılacağı yerlərlə tanış olanda məlum oldu ki, kimya ixtisası üzrə boş yer qalmayıb. Hətta ucqar rayonlarda da kimya ixtisası üzrə boş yerin olmadığı göstərilirdi. Mən isə 29.13 balla heç bir yerdə işə təmin olunmadım".

Mövzunu diqqətdə saxlayacağıq. Məsələ ilə bağlı Təhsil Nazirliyinin mövqeyini işıqlandırmağa hazırıq.

AzNews.az