Lökbatan vulkanı ilə bağlı ilginc məlumatlar açıqlandı

Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunun palçıq vulkanizmi şöbəsi Lökbatan palçıq vulkanında tədqiqatlara başlayacaq. Bu barədə məlumatı AzNews.az-a şöbənin müdiri Adil Əliyev verib.

Şöbə müdiri bildirıb ki, ətrafa səpələnən çox miqdarda palçıq suxurlarından nümunələr götürülərək laboratoriyada analiz edildikdən sonra püskürmə səbəblərinə aydınlıq gətiriləcək.

Vulkanın püskürməsi ilə bağlı ilkin ehtimallara gəlincə isə, hadisənin seysmik aktivliklə əlaqəsi güman edilir. Çünki yaxınlıqda baş verən zəlzələ püskürmələr üçün təkan rolunu oynayır.
A.Əliyev AzNews.az-a Lökbatan vulkanı ilə bağlı maraqlı faktlar da açıqlayıb. Onun sözlərinə görə, son 200 ildə 24 dəfə püskürən vulkan dünyada ən fəal vulkan kimi tanınır. Lökbatan vulkanı neftçıxarma sənayesi ilə bilavasitə əlaqədardır.

Ötən əsrin 30-cu illərinə qədər geoloqlar belə hesab edirdilər ki, palçıq vulkanları neft yataqlarını dağıdır. Buna görə də vulkan ərazisinin yaxınlığında neft quyqusu qazılmırdı. 1933-cü ildə Lökbatanda kraterdən 1 km məsafədə 45 saylı quyu qazıldı. Həmin quyu sutkada 20 min ton neft verməklə istisna təşkil etdi.

Beləlıklə də geoloqların fikri dəyişdi. Vulkan həmin ərazidə neft-qaz ehtiyatının olmasına dair göstərici kimi qəbul edilməyə başladı. Yataqların 90 faizi vulkanların öyrənilməsi sayəsində qazıldı. Harada vulkan varsa ətrafda neft-qaz yığınının olması artıq geoloqların ortaq fikridir və bu məhz Lökbatan vulkanı nəticəsində mümkün olub.

E.Əlosmanqızı
AzNews.az