“Saysız-hesabsız insan bu ad altında öldürülüb” “Saysız-hesabsız insan bu ad altında öldürülüb”

“Cənab prezident, mənə ölməkdə kömək edin!” ARAŞDIRMA

“Saysız-hesabsız insan bu ad altında öldürülüb”



Bəzən elə olur ki, çarəsiz xəstəliyə tutulan insan ölüm və həyat arasında seçim etmək məcburiyyətində qalır. Məhz belə mürəkkəb məqamda insan ilk baxışda qeyri-adi görünən addım da atır: əzablarına son qoymaq üçün həkimə "ölməkdə mənə kömək et",-deyə müraciət edir. Lakin heç də həmişə bu köməyə çatmaq mümkün olmur. İndi bizim ölkədə bu, artıq heç mümkün deyil, çünki qanunla qadağasına qərar verilib. Söhbət eftanaziyadan gedir.

Cəmiyyət bu məsələdə həmrəylik nümayiş etdirə bilmir

Eftanaziya yaşamağından ümid kəsilmiş xəstənin öz istəyi ilə həyatına son vermək və onun ağrı-acı çəkməyinə maneə olmaq mənasında işlədilən bir sözdür. "Yaxşı ölüm" mənasını verən eftanaziyanın kökləri qədim dövrlərə gedib çıxır. O dövrdən eftanaziya problemi qızğın müzakirələrə səbəb olub. Hələ də müasir cəmiyyət bu ağrılı problemin həllində həmrəylik nümayiş etdirə bilmir. Bəziləri eftanaziyanı çarəsiz xəstələr üçün yeganə çıxış yolu adlandırır, digərləri isə əksinə, onu adi cinayət kimi qiymətləndirirlər. Hər iki tərəfin arqumentləri isə kifayət qədər güclüdür. Məsələn, Fransada Vensan Amber adlı gəncin taleyi eftanaziya tərəfdarlarının mövqelərini xeyli möhkəmləndirib. 21 yaşlı Vensan yol-nəqliyyat qəzasında iflic olmaqla yanaşı, demək olar ki, kar və kor olmuşdu. Onu ətraf aləmlə yalnız monitora qoşulmuş elektrik düymə bağlayırdı.

"Mənə ölməkdə kömək edin, çünki…"

Çıxılmaz vəziyyətdə olduğunu anlayan Vensan Fransa prezidenti Jak Şiraka məktub yazır. Qəzetlər həmin məktubun mətnini də dərc ediblər: "Cənab prezident, mənə ölməkdə kömək edin, çünki ölməkdən savayı özümə heç nə arzulamıram". J. Şirak isə ona zəng edərək başa salıb ki, prezidentin həyat və ölüm üzərində heç bir hakimiyyəti yoxdur və Fransada eftanaziyanı qadağan edən qanun var. Lakin Vensan və anasını belə bir cavab qane etməyib. Oğluyla palatada tək qalan ana zəhərli iynəni Vensanın venasına yeridib. Bu hadisədən sonra Fransada belə bir fikrə gəliblər ki, Vensan Amberin ölümü eftanaziyanın qanuniləşdirilməsinə yol açacaq.

Eftanaziya əleyhdarları və "dirilmə" hadisəsi...

Ancaq eftanaziyanın əleyhdarlarının da arqumentləri zəif deyil. Məsələn, ABŞ-da baş verən bir hadisə hətta eftanaziya tərəfdarlarını ciddi düşünməyə vadar edib. Belə ki, 19 il komada yatmış Terri Uollis adlı amerikalı birdən-birə oyanıb və heç nə olmamış kimi çarpayıdan durub otaqda gəzişib. Bu "dirilmə" alimlərin böyük marağına səbəb olub və qərara alınıb ki, "Uollisin işi" hərtərəfli araşdırılsın. Nüfuzlu alimlərin araşdırmalarından sonra məlum olub ki, 19 il ərzində T.Uollisin beyni zədələnmiş hüceyrələri yenilərilə əvəzləmək qabiliyyətini özündə inkişaf etdirib. Beyin yeni tərzdə işləməyə başlayıb, elektrik impulslar isə tamamilə başqa istiqamətdə hərəkət edib. Eftanaziyanı "adi qətl" adlandıranlar sözügedən hadisədən eftanaziya tərəfdarlarının "vurulmasında" istifadə etməyə başlayıblar. Onların fikrincə, T.Uollesin başına gələn hadisə bir daha sübut edir ki, "saysız-hesabsız insan eftanaziya pərdəsi altında öldürülüb".

Beləliklə, bu gün, demək olar ki, eftanaziya sosial-fəlsəfi aspektləri çox mürəkkəb olan problemlərdən biridir. Qanunla icazə verilmiş ölkələrdə belə, eftanaziyaya münasibətin birmənalı olmaması məhz bu cür nəticə çıxarmağa əsas verir. Bu da aydındır ki, hər bir cəmiyyət özünün mənəvi-psixoloji inkişaf səviyyəsinə uyğun olaraq "yaxşı ölüm"ə münasibətini açıqlayır. Yaşamaq və yaşatmaq ənənəsinin güclü olduğu Azərbaycanda eftanaziyaya münasibətin öyrənilməsinə dair genişmiqyaslı sorğu aparılmasa da, ehtimal etmək olar ki, azərbaycanlıların böyük əksəriyyəti bu məsələyə qərblilərin prizmasından yanaşmır. Necə deyərlər, bu məsələdə daha çox toplumun fikri yox, şəxsi yanaşma prinsipi üstünlük təşkil edir.

Eftanaziyaya qanunla qadağa

Lakin xatırladaq ki, ölkəmizdə bu yöndə artıq qəti bir addım atılıb. Belə ki, aprel ayında Azərbaycanda tibb işçilərinə ölümün tezləşdirilməsi haqqında (eftanaziya) pasiyentin özünün, onun qohumlarının və ya maraqlarını təmsil edən şəxslərin xahişini yerinə yetirmək qadağan olunacağı bildirilib. Bu, "Pasiyentin hüquqları haqqında" qanun layihəsində öz əksini tapıb...

Bu, insan hüquqlarına zidd ola bilərmi? Yəni əslində bu insanın şəxsi həyatı və qərarı, hətta ölmək hüququ deyilmi? Bəs bu hüquqa hansı əsaslarla haqq qazandıra və ya qarşı çıxa bilərik? Tibbi, psixoloji və dini cəhətdən suallara cavab axtardıq.
"Əgər xəstənin beyin qabığı ölübsə…"

Həkim-terapevt Ramin Məmmədov bildirir ki, xəstə ağır və ölümcül
vəziyyətdədirsə, yaxud da onun beyin qabığı artıq ölübsə, sağalmaq ümidi olmayıb hansısa cihazdan asılı vəziyyətdə yaşayırsa, artıq onun yaşamasına ehtiyac yoxdur: "Həmçinin, həmin xəstəyə sərf olunan dərmanlar o qədər baha olur ki, həmin pulla başqa yaşama ümidi olan xəstələri sağaltmaq olar. Eftanaziya xəstələrin vəziyyəti ağır və dözülməz olan zaman, eyni zamanda xəstə yaxınlarının arzusu ilə həyata keçirilir. Onlar elə vəziyyətdə olurlar ki, beyin qabığı artıq öz funksiyasını itirib və onu hər hansı cihazdan ayıran kimi o artıq həyatını itirəcək. Ancaq hansı ki, həmin xəstənin orqanlarını götürüb lazımi şəxslərə transplantasiya etmək olar. Yəni xəstə özü ölsə belə, onun orqanları kimisə yaşadır". Həkim qeyd edir ki, eftanaziyanın iki üsulu var: aktiv və passiv eftanaziya: "Aktiv eftanaziya müəyyən dərmanlar vasitəsilə xəstənin ölümünün sürətləndirilməsidir. Passiv eftanaziya isə xəstəyə lazım olan dərmanların verilməməsi ilə həyata keçirilir və xəstə tədricən tələf olur".

Ölkəmizdə xəstələrə narkotik verilir

Ramin Məmmədov hesab edir ki, əgər xəstədə artıq beyin qabığı ölübsə, ona passiv eftanaziya tətbiq etmək doğru olardı. Yəni vəziyyəti qəbul edib artıq lazımi dərmanların istifadəsini dayandırmaq məqsədəuyğundur.

Həmsöhbətimiz deyir ki, ölkəmizdə xəstələrə eftanaziya tətbiq olunmasa da, onlara dözülməz ağırılar zamanı narkotik tipli ağrıkəsicilər vurulur. Bu dərmanlar da artıq ən yüksək həddə çatdıqda, xəstə onsuz da buna tab gətirməyib ölür. Onun sözlərinə görə, bu eftanaziya hesab olunmur.

"Sağalma ümidi yoxdur" anlayışını qəbul etmirəm"

Psixoloq Taryel Faziloğlu bir psixoloq kimi eftanaziya üsulunu doğru qəbul etmir. O, bu barədə bildirir: "İnsanın bir yeri güclü ağrıyan zaman onun bütün diqqəti, sinir sistemi ora cəmlənir. Beynə siqnal ancaq ordan gedir və o ağrının ancaq kəsilməyini düşünür. Həmin anda insan məntiqli və doğru düşünə bilmədiyindən hətta ölümü də arzulayır. Bu zaman eftanaziya xəstə üçün çıxış yolu ola bilər. Ancaq belə halda həkimlərin və xəstə yaxınlarının daha doğru düşünməsi şərtdir. Adətən eftanaziya sağalma ümidi olmayan xəstələrə tətbiq edilsə də, yenə də mən bunu həm psixoloji, həm də insaniyyət baxımından düzgün hesab etmirəm. Çünki dünyada minlərlə belə fakt var ki, yaşama ehtimalı olmayan xəstələrin özünə, sağalmasına inamı sayəsində daxili immunitetini gücləndirib və o xəstəliyi yenib. Bu dəfələrlə sübut olunub. Mən bir psixoloq olaraq, "sağalma ümidi yoxdur" anlayışını qəbul etmirəm.

"Bu, cinayətdir və haramdır"

Dini ekspert Mail Yaqub isə bu barədə deyir: " Eftanaziya həkimlər tərəfindən sağalmaq ehtimalının heç cür mümkün olmadığı müəyyən edilmiş xəstənin daha çox əzab çəkməməsi üçün öz istəyi ilə öldürülməsidir. Bu, cinayətdir. İstər təzə doğulmuş körpə, istər yaşlı, istərsə ölüm döşəyində olan bir insan olsun, bu insanın son nəfəsinə qədər yaşamaq hüququ var. Belə bir insanı öldürənlə sağlam bir insanı öldürən arasında fərq yoxdur. Həyat çətinliklərlə doludur. Həmişə həyatından tamamilə ümid kəsilmiş neçə-neçə xəstələr görürük ki, sağalıb bizim aramızda yaşamağa davam edirlər. Xəstəlik, çətinlik və acı hadisələr insanlar üçündür. Belə şeylərə qarşı səbr etmək və ümidi heç vaxt itirməmək lazımdır. Allah Quranda: "Allah səbr edənlərlədir", – deyir".

Bildirilir ki, intihar etmək haram olduğu kimi bir şəxsin özünün öldürülməsini tələb etməsi və belə bir tələbi yerinə yetirmək də haramdır.

Sevinc Fədai
AzNews.az