Rüstəm Usubov: “Nigar Yaqublunun günahı sübuta yetirilib”

Baş prokurorun birinci müavini Rüstəm Usubovun müsahibəsi

- Hörmətli Rüstəm müəllim, son günlər bəzi kütləvi informasiya vasitələrində 25 avqust 2012-ci il tarixdə Abşeron rayonu ərazisində baş vermiş ölümlə nəticələnən yol nəqliyyat-hadisəsi faktına görə Nigar Yaqublunun qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilməsi və əsassız həbsə alınması, bu qərarların qəbul edilməsində onun partiya mənsubiyyəti məsələsinin əsas rol oynadığı barədə müxtəlif məlumatlar yayımlanır. Bu barədə Sizin mövqeyinizi bilmək istərdik.

- Diqqətinizə çatdırmaq istəyirəm ki, 25 avqust 2012-ci il tarixdə saat 10:30-da Bakı-Şamaxı-Yevlax yolunun Abşeron rayonu ərazisindən keçən 13-cü kilometrində Xəlilov Sadiq Cəfər oğlunun idarə etdiyi "Kamaz" markalı 04-BD-532 dövlət qeydiyyat nişanlı avtomobillə Acalov Aydın Rəşid oğluna məxsus "Peujeot-206″ markalı 90-DP-573 dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində sonuncu avtomobildə olan Aydın Acalovun hadisə yerində ölməsi və Yaqublu Nigar Tofiq qızının isə xəsarət alması faktına görə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinin İstintaq və təhqiqat şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi (zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) ilə cinayət işi başlanaraq istintaq aparılır.

Lakin qeyd edilən hadisənin baş verdiyi ilk gündən müxtəlif qüvvələr tərəfindən onun məqsədyönlü şəkildə siyasiləşdirilməsinə və bu yolla Nigar Yaqublunun cinayət məsuliyyətindən kənarlaşdırılmasına, ictimai rəydə hadisənin Aydın Acalov tərəfindən törədilməklə avtomobilin onun tərəfindən idarə olunması barədə obyektiv reallıqdan uzaq fikirlərin formalaşdırılmasına çoxsaylı cəhdlər göstərilmişdir.

Törətdiyi əmələ görə məsuliyyətdən yayınmaq məqsədilə Nigar Yaqublu hadisə baş verdikdən dərhal sonra həmin yerə gələn polis əməkdaşlarına avtomobilin onun tərəfindən idarə edilmədiyini və ümumiyyətlə avtomobil idarə edə bilmədiyini, sükan arxasında mərhum Aydın Acalovun olduğunu bildirmiş və bununla da istintaq orqanının nümayəndələrini yanlış yola istiqamətləndirmişdir. Eyni zamanda hadisədən sonrakı günlərdə "Müsavat" partiyasının təsiri altında olan mətbuatda avtomobilin guya Aydın Acalov tərəfindən idarə olunmasına dair həqiqətə uyğun olmayan məlumatlar verilmişdir. Prosessual qaydada rəsmiləşdirilmiş sübutlarla müəyyən edilmişdir ki, hadisədən sonrakı günlərdə Nigar Yaqublunun atası Tofiq Yaqublu qızının vəkili Osman Kazımovla dəfələrlə görüşərək həmin yol-nəqliyyat hadisəsinin Nigar Yaqublu tərəfindən törədilməməsi fikrinin formalaşdırılması və istintaqın yalnış yola istiqamətləndirilməsi üçün konkret addımlar atmış, yalnız iş üzrə təkzibedilməz sübutların olması onların həmin niyyətlərinə çatmalarına mane olmuşdur.

Qeyd edilən hadisə ilə bağlı istintaq orqanı və nəzarətedici prokurorluq tərəfindən ibtidai araşdırmanın hərtərəfliliyi, tamlığı və obyektivliyinin təmin edilməsi üçün bütün zəruri tədbirlər görülməklə, həmin yol-nəqliyyat hadisəsinin sürücülük hüququ olmayan Nigar Yaqublu tərəfindən törədildiyi və avtomobilin sükanı arxasında məhz onun olduğu təkzibedilməz dəlillərlə tam sübuta yetirilmişdir.

Belə ki, istintaq zamanı əldə olunmuş sübutlarla, o cümlədən yol-nəqliyyat hadisəsində iştirak etmiş "Kamaz" markalı avtomobilin sürücüsü Xəlilov Sadiq Cəfər oğlunun, hadisənin bilavasitə şahidləri Səfərəliyev Vəliyulla Nüsrəddin oğlunun, Rəhimov Xancan Qara oğlunun və Qasımov Hüseyn Məhəmməd oğlunun ifadələri, xüsusi kameraların video görüntüləri və keçirilmiş zəruri ekspertizaların rəyləri ilə hadisənin məhz Nigar Yaqublu tərəfindən törədilməsi müəyyən edilmişdir. Respublika əhəmiyyətli yollarda quraşdırılmış nəzarət qurğularının kamera görüntülərinin videoyazısında 25.08.2012-ci il tarixdə saat 10:20-dən saat 10:35-dək olan müddət ərzində Bakı-Şamaxı-Yevlax yolunun 13-cü kilometrində Şamaxı rayonu istiqamətində hərəkətdə olan "Peujeot-206″ markalı 90-DP-573 dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerinə qədər olan kamera görüntülərinin videoyazısında avtomobilin sükanı arxasında Nigar Yaqublunun olduğu və onun avtomobili yaşayış məntəqəsində yüksək sürətlə idarə edib əks hərəkət zolağına çıxmaqla "Kamaz" markalı avtomobillə toqquşduğu öz əksini tapmışdır.

Xüsusi qeyd etmək istərdim ki, Nigar Yaqublu istintaqın ilkin mərhələsində Azərbaycan Respublikası CPM-nin 226.1-ci maddəsinin tələblərinə müvafiq qaydada 25.08.2012-ci il tarixdən 04.09.2012-ci il tarixədək olan dövr ərzində 7 dəfə istintaq orqanının çağırışına üzürlü səbəblər olmadan gəlməmiş və iş üzrə obyektiv həqiqətin müəyyən edilməsinə məqsədyönlü şəkildə maneçilik törətməklə istintaqı düzgün yoldan yayındırmağa çalışmışdır. Yalnız təkzibedilməz sübutlar qarşısında aciz qalaraq o, 04 sentyabr 2012-ci il tarixdə istintaqa gələrək şahid qismində ifadə vermiş və Aydın Acalovun ölümü ilə nəticələnmiş həmin yol-nəqliyyat hadisəsinin onun tərəfindən törədildiyini etiraf etmişdir.

- Cinayət işinin istintaqı gedişində Nigar Yaqublunun həbsə alınmasının hansı zərurətdən irəli gəldiyi barədə fikirlərinizi bilmək istərdik.

- Həbs qətimkan tədbirinin seçilməsinin əsasları Azərbaycan Respublikası CPM-nin 155.1.1-155.3 və 157-ci maddələrində təsbit edilmişdir. Həmin əsaslardan biri kimi cinayət törətmiş şəxsin cinayət prosesini həyata keçirən orqandan gizlənməsi ehtimalının olması müəyyən edilmişdir. Onu da qeyd etmək istəyirəm ki, qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq olaraq, Azərbaycan Respublikasında həbs qətimkan tədbirinin seçilməsi məhkəmə orqanlarının müstəsna səlahiyyətində olan məsələdir.

Nigar Yaqublunun yuxarıda qeyd edildiyi kimi iş üzrə zəruri istintaq hərəkətlərinin yerinə yetirilməsi ilə əlaqədar 7 dəfə istintaqın çağırışlarına üzürlü səbəblər olmadan gəlməməsi onun barəsində belə bir qərarın qəbul edilməsi üçün əsas olmuşdur. Buna görə də iş üzrə istintaqı aparan Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinin İstintaq və təhqiqat şöbəsinin müstəntiqi Rafiq Həsənovun 10 sentyabr 2012-ci il tarixli qərarı ilə Nigar Yaqublu cinayət prosessual qanunvericiliyinin tələblərinə tam əməl edilməklə şübhəli şəxs qismində tutulmuşdur. Həmin tarixdə Nigar Yaqublu Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunduqdan sonra istintaq orqanı tərəfindən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorla razılaşdırılmaqla onun barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı Abşeron rayon məhkəməsinə təqdimat verilmiş, məhkəmənin 11 sentyabr 2012-ci il tarixli qərarı ilə Nigar Yaqublu barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Abşeron rayon məhkəməsinin qeyd olunan qərarından verilmiş apellyasiya şikayətinə 17 sentyabr 2012-ci il tarixdə baxılmış və Nigar Yaqublu barəsində seçilmiş həbs qətimkan tədbiri Sumqayıt Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının qərarı ilə dəyişdirilmədən qüvvəsində saxlanılmışdır.

- Mətbuatda həmçinin Aydın Acalovun oğlu Rəşad Acalovun həmin yol-nəqliyyat hadisəsi ilə əlaqədar Nigar Yaqubludan heç bir şikayətinin olmaması və sonuncu ilə barışmasına dair məlumatlar yerləşdirilmişdir. Bu barədə nə deyə bilərsiniz?

- Azərbaycan Respublikası CM-nin 73-cü və CPM-in 40-cı maddələrində ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxsin zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilməsi nəzərdə tutulmuşdur. Nigar Yaqublunun törətdiyi cinayət əməli isə az ağır cinayətlər kateqoriyasına aiddir və təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışması onu cinayət məsuliyyətindən azad etmir. Bununla yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisinin hüquq və vəzifələrini əks etdirən Azərbaycan Respublikası CPM-nin 106-cı maddəsində zərərçəkmiş şəxsin hüquqi varisinin şübhəli və ya təqsirləndirilən şəxslə barışmaq hüququnun olmadığı qeyd edilmişdir. Rəşad Acalov istintaq zamanı Aydın Acalovun hüquqi varisi qismində tanınaraq dindirilmiş və ona qanunun yuxarıda qeyd olunan tələbləri izah edilmişdir.

Hazırda cinayət işi üzrə hərtərəfli, tam və obyektiv istintaq davam etdirilməklə, qanuni qərarların qəbul edilməsi və nəticələr barədə ictimaiyyətin məlumatlandırılması təmin olunacaqdır.

Sonda bir daha vurğulamaq istərdim ki, ölümlə nəticələnən bu yol-nəqliyyat hadisəsi ilə əlaqədar başlanmış cinayət işinin istintaqı gedişində məsələlərə hər hansı bir siyasi mövqedən yanaşmadan, kiminsə partiya mənsubiyyətindən asılı olaraq ona qərəzli münasibət göstərilməsindən söhbət gedə bilməz. Bu məsələdə konkret cinayət hadisəsindən və həmin cinayəti törətmiş şəxsin qanunla müəyyən edilmiş qaydada layiq olduğu məsuliyyətindən söhbət gedir. Ona görə də məsləhət bilərdim ki, bu məsələdən öz məqsədləri üçün yararlanmaq istəyən qüvvələr ictimai rəyi çaşdıran məlumatları səsləndirməkdən əl çəksinlər və yalnız obyektiv reallıqlara əsaslanan faktları olduğu kimi ictimaiyyətə çatdırsınlar.

AzNews.az