“Peyğəmbərə 40 sual”dan – Onuncu sual

AzNews.az saytı "Stolüstü kitab" rubrikasında çoxunun stolüstü kitabına çevrilən "Peyğəmbərə 40 sual-cavab" kitabından istifadə etməklə, sonuncu peyğəmbər Məhəmmədə (s.ə.s) ünvanlanan sualları və Allahın Rəsulunun cavablarını təqdim edir.

Yeddi qat yerlərdən və məxluqatlarından xəbər ver, ya Məhəmməd.


Peyğəmbər əleyhissəlam cavab verdi ki, haqq-taala yeddi qat yeri bir-birindən beş yüz illik yol məsafədə aralı yaratdı. Birinci yeri Adama məskən etdi. İkinci yeri yel xəzinəsi tutdu. Üçüncü yerdə bir tayfa vardır ki, üzü it üzü, əlləri adam əlləri kimidir. Haqq-taalaya qarşı günah etməmişlər. Qiyamət günündə onlara nə savab, nə də günah var.

Dördüncü yerdə haqq-taalanın kibrit mədəni və daş xəzinəsi vardır. Onun qüvvəsinə görə yanan daş bu dünyanın dağı kimidir. Əgər onlardan bir qırıq dünyaya çıxarılsa, bütün məxluqat onun səbəbindən həlak olar.

Beşinci yerdə əqrəblər vardır ki, hər biri dəvə böyüklüyündədir. Quyruqları sallaqdır, hərəsinin quyruğunda üç yüz batman zəhər var. Əgər zəhərdən bir qətrə dənizə düşərsə, tamam canlılar məhv olar.
Altıncı yer əhli-cəhənnəm ruhlarının yeridir. O kəslər ki, dünyadan gedəndə əzab mələkləri onların canını alıb, ora gətirərlər, ta qiyamətədək orda qalarlar.

Yeddinci qat İblisin yeridir. Divlər və pərilər həmişə onu əhatə edərlər, dövrəyə alıb hər biri yer üzündə Adəm övladına yetirdikləri fəsadı söyləyərlər. Haqq-taala kəmali-kərəmindən cəmi Məhəmməd ümmətini İblisin şərindən uzaq eyləsin (amin).

AzNews.az