08:25
(077) 610-22-33

Azərbaycanda dedektiv xidmətə ehtiyac var

  • >
2 867 22 Sentyabr 2012 15:30 | Cəmiyyət

Bir müddət əvvəl Azərbaycanda detektiv xidmətin yaradılması barədə müvafiq orqanlar müraciət olmuşdu. Bu xidmətin qanuniləşməsi barədə Milli Məclisə layihə də təqdim edilmişdi. Amma nədənsə belə bir qanun layihəsi müzakirəyə çıxarılmadı.

Dünyada dedektiv xidməti

Qeyd edək ki, dünyada detektiv xidməti olduqca gəlirli bir sahə hesab olunur və onların xidmətindən yüzlərcə insan yararlanır. Çünki inkişaf etmiş ölkədə detektiv agentlikləri qanun çərçivəsində fəaliyyət göstərir.

Hər hansı bir şirkət rəhbəri, sahibkar, iş adamı və ya daşınmaz əmlak, kommersiya sirləri, xəyanət və bu kimi problemlərlə üzləşənlər məlumatları dəqiqləşdirmək üçün detektivlərə müraciət edirlər.

İlk detektiv agentliyi isə 1834-cü ildə Fransada yaradılıb. Həmin dövrdə detektiv agentləri iş adamlarını və kommersiya strukturlarını bankrotlardan qoruyurmuş. O vaxtlar cəmi 20 franka agentlik iş adamlarına kredit yatırımları və digər ticari gəlirlərlə bağlı məxfi məlumatlar verərmiş. İlk detektivlər Parisdə çiçəklənən kommersiya dəllallarının qarşısının alınmasına da yardımçı olub. Həmçinin, detektiv agentliyi polisin tapa bilmədiyi oğruların tapılmasında, həyat yoldaşını xəyanətdə suçlayan şəxsin şübhələrinin izinə düşməsində, gah da bank əməliyyatlarının araşdırılmasında böyük rol oynayıb. Sonradan gəlirləri milyonlarla dollara çatan bu agentliyin səs-sorağı geniş yayılır və detektiv işinə dünyada böyük maraq yaranıb.

Qərbi Avropada, ABŞ-da və digər ölkələrdə də detektiv xidmətlərinin yaradılmasına başlanılıb. Həmin dövrdə polis xidməti olmadığı üçün detektivlərdən hətta cinayət işlərinin açılmasında, hər hansı bir əşya itdikdə də geniş istifadə edilərdi. ABŞ-da populyarlıq qazanmış "Biz heç vaxt yatmırıq" adlı detektiv agentliyi indi də şöhrətini saxlayır. Pinkerton tərəfindən yaradılan sözügedən agentliyin ABŞ və Kanadanın 48 şəhərində filialı fəaliyyətdədir ki, onların da milyonlarla müştərisi var.

Azərbaycanda dedektiv xidməti varmı?

Ölkəmizdə belə bir xidmətin olub-olmamasnı, bu sahə üzrə istər şəxsi, istərsə də hər hansı bir qurum şəklində fəaliyyət göstərməsini öyrənməyə çalışdıq. Apardığımız kiçik araşdırma zamanı detektiv agentlərinin nə qanuni, nə də qeyri-qanuni şəkildə fəaliyyətinə təsadüf etmədik. Ancaq elanlara nəzər salanda şəxsi dedektiv xidməti-lazım olan adam haqqında məlumat toplamasını təklif edən şəxslərin adı və əlaqə nömrələri, elektron ünvanları ilə rastlaşdıq. İstər xidmətdən istifadə etmək istəyən şəxs, istərsə də jurnalist kimi həmin nömrələrə zəng vurduq, ancaq hərəsi bir bəhanə gətirdi və belə bir fəaliyyət göstərmədiklərini dedilər. Ən çox eşitdiyimiz də "Elanlarda bu nömrə yanlış verilib, o işlə məşğul deyiləm" sözləri oldu. Yaxud da elanı elə-belə verdiklərini bildirdilər. Ancaq təbii ki, bunlar inandırıcı deyil. Bəs bu cür bəhanələrə səbəb nə ola bilər?

Danışa bildiyimiz yeganə şəxs Bahadur bəy isə vaxtilə dedektivliklə məşğul olduğunu, hazırda isə belə bir fəaliyyət göstərmədiyini dedi. Səbəb isə müştərilər olsa belə, bu barədə qanun qəbul olmamasından və Cinayət Məcəlləsindəki maneələrin onun əl-qolunu bağlamasıdır. Məsələn, silah gəzdirə bilməmələrindən, telefon dinləmələrinə, çəkilişlərə icazə verilmir və bu da onların qarşısında əməlli-başlı maneədir. Məlumata əsasən, bu xidməti təklif edənlərin əksəriyyəti keçmiş polis işçiləri, ya da ali təhsilli hüquqşünaslardır.

Dedektiv fəaliyyətini mədudlaşdıran nədir?

Deməli, əsassız bəhanələrə və belə bir fəaliyyətin məhdudlaşdırılmasına səbəb hələ də bu xidmət növünə icazə verilməməsi ola bilər. Hətta çoxları onun mövcudluğundan belə xəbərsizdir. Vaxtilə paytaxtda "Azərbaycan Detektivlər Assosiasiyası" adlı bir qurum fəaliyyət göstərib. Ancaq kifayət qədər müştərisi olsa da, assosiasiyaya dəstək olmadığından bağlanıb.

Xatırladaq ki, detektiv fəaliyyətinin ölkədə qanuniləşdirilməsi ilə bağlı məsələyə Milli Məclis səviyyəsində baxılması da vaxtilə nəzərdə tutulub. Detektiv xidmətinin qanuniləşəcəyi və bununla bağlı qanunun qüvvəyə minəcəyi bildirilirdi. Lakin hələ də bu barədə hər hansı bir qanun qəbul olunmayıb. Göstərilən səbəblər arasında Azərbaycan cəmiyyətinin hələlik bu cür xidmətə hazır olmaması da dayanır. Eyni zamanda, bu xidmətdən daha çox şəxsi, məişət xarakterli problemlərinin həlli üçün istifadə olunması da əsas gətirilir.

Qeyd edək ki, bu xidmətin qanuniləşməsi bizim cəmiyyətdə ciddi problemlərə yol aça bilər. Çünki detektiv xidmətinin hər hansı bir sirrin üstünü açması bizim mentalitetimizə zidd ola, bu da ciddi münaqişələrin yaranmasına səbəb ola bilər.

Ailədaxili münasibətlərdə xəyanətin aşkarlanması və hər hansı dedektiv vasitəsilə təsdiqinə dair əldə olunan faktlar isə, əgər məlumatlar Əməliyyat-axtarış fəaliyyəti və Dedektiv fəaliyyət haqqında qanunun tələblərinə uyğun əldə olunarsa, məhkəmədə bu sübutlardan istifadə etmək mümkün olur. Əks halda heç bir işə yaramaz.

Beləliklə, hələ ki, ölkəmizdə belə bir xidmətə ehtiyac duyanların istəyinin həyata keçirilməsi mümkün deyil. Mümkün olsa belə, bu fəaliyyət qeyri-leqal şəkildə ola və hər hansı problemlər yarana bilər. Ancaq belə bir xidmət qanuniləşdirilməsə belə, hər halda buna ehtiyac duyan və gərəkli bilən vətəndaşlar var.

Sevinc Fədai
AzNews.az
Bağla X