19:34
(077) 610-22-33

Azərbaycan Səfəvişünaslığı üçün yol xəritəsi - Təhlil

  • >
3 815 18 Noyabr 2014 10:15 | Cəmiyyət

Cavid İsmayıl


APA İnformasiya Agentliyinin baş direktorunun I müavini,
tarix üzrə fəlsəfə doktoru



Azərbaycan tarixşünaslığında Səfəvişünaslığın banisi AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Oqtay Əfəndiyev (1926-2013) sayılır. Məhz onun XX əsrin 50-ci illərindən başlayan elmi araşdırmaları nəticəsində o vaxtadək İran-fars dövləti sayılan Səfəvilərin Azərbaycan-türk dövləti olduğu sübut edildi.

AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun aspiranturasında elmi rəhbərim olmuş mərhum O.Əfəndiyev deyirdi ki, Moskva Şərqşünaslıq İnstitutunun aspiranturasına daxil olarkən elmi rəhbəri, yəhudi əsilli görkəmli sovet şərqşünası Boris Nikolayeviç Zaxoder (1898-1960) ona Səfəvilərin tarixini araşdırmağı məsləhət görüb: "Dissertasiya mövzumu müzakirə edərkən Zaxoder Səfəvilərdən söz açaraq mənə dedi ki, "эта ваша история, это ваше государство. Иди и изучай его" (Bu, sizin tarixinizdir, bu, sizin dövlətinizdir. Get onu araşdır). Sanki bu sözləri ilə o, məndə Səfəvilər dövlətinin tarixini öyrənməyə həvəs və cəsarət yaratdı".

Qeyd edək ki, hər zaman Azərbaycana sevgisi ilə seçilən B.N.Zaxoderin vəfatından sonra onun şəxsi kitabxanası öz vəsiyyətinə əsasən Azərbaycan SSR Elmlər Akademiyasının Elmi Kitabxanasına bağışlanmışdı. Bu gün də AMEA Mərkəzi Elmi Kitabxanasında "Zaxoder Fondu" fəaliyyət göstərir. Məhz onun tövsiyəsi ilə elmdə ilk addımlarını atan O.Əfəndiyev sonda Səfəvilər tayfasının türk tayfası, Səfəvilər dövlətinin isə Azərbaycan dövləti olduğunu sübut etdi. Mübaliğəsiz demək olar ki, O.Əfəndiyev Səfəviləri Azərbaycan xalqına qaytardı və Azərbaycan tarix elmində Səfəvişünaslıq məktəbinin əsasını qoydu.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bir sıra sahələrdə olduğu kimi, elm və o cümlədən tarix elmi sahəsində də durğunluq yarandı. Bunun əsas səbəbi şübhəsiz ki, bədnam qonşularımızın hərbi təcavüzü nəticəsində əsassız yerə cəlb olunduğumuz müharibə, iqtisadi çətinliklər və bu çətinliklər üzündən elmə marağın azalması idi. Göstərilən səbəblər üzündən Azərbaycan tarixinin bir sıra şanlı səhifələri, o cümlədən Səfəvilərlə bağlı elmi araşdırmaların aparılmasında və kitabların dərc olunmasında durğunluq yarandı. Bu isə yalnız əsassız elmi iddialarla, tarixi şəxsiyyətlərin ünvanına həqarət söyləməklə gündəmə gəlmək və məşhurlaşmaq istəyənlərin işinə yaradı. Bu şəxslərin ilk və əsas hədəfi isə Səfəvilər dövləti və onun banisi Şah İsmayıl Səfəvi (1487-1524) oldu ki, bu da anlaşılan idi. Çünki xalq arasında ən məşhur və populyar tarixi şəxsiyyətlərdən olan Şah İsmayıla hücumların azərbaycanlıların həm milli, həm də dini duyğularına toxunacağını bilmək üçün münəccim olmağa ehtiyac yoxdur. Axı Azərbaycanın tarixi torpaqlarını vahid dövlətin tərkibində birləşdirən də, ölkənin müsəlman əhalisinin əksər hissəsinin mənsub olduğu şiəliyi dövlət səviyyəsində rəsmi din elan edən də məhz Şah İsmayıl Xətai olmuşdur.

Doğrudur, zaman-zaman O.Əfəndiyevin Səfəvişünaslıq məktəbinin yetirməsi olan D.Əzimli, N.Musalı və s. kimi bəzi Azərbaycan tarixçiləri tərəfindən Xətaiyə qarşı səslənən iddialara elmi dəlillərlə cavab verilsə də, bu, əsassız hücumları durdurmaq üçün kifayət etmədi. Ona görə də məsələyə ən yüksək səviyyədə müdaxilə zərurəti yarandı. Bu baxımdan Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin Şah İsmayıl Xətai haqqında iki böyük elmi məqalə ilə çıxış etməsi, daha sonra onun elmi redaktorluğu ilə "Şah İsmayıl Səfəvi. Tarixi-diplomatik sənədlər toplusu" əsərinin çapdan çıxması vaxtında atılan addım kimi qiymətləndirilməlidir. Səfəvilərlə bağlı araşdırmalarını davam etdirən R.Mehdiyev bu günlərdə "Şah İsmayıl Səfəvi: hökmdarın və döyüşçünün portreti" əsərinin birinci hissəsini (rus dilində) nəşr etdirmişdir. Birinci hissədə Səfəvilər sülaləsinin etnik mənşəyi və eyniadlı sufi ordeninin yaranmasından mərkəzləşdirilmiş dövlətin təşəkkülünə qədər olan dövrdə tarixi məsələləri, Şah İsmayılın və onun əcdadlarının şanlı həyat yolu, bu sülalənin Azərbaycan torpaqlarının birləşdirilməsi uğrunda mübarizəsi, habelə Səfəvilər dövlətinin siyasi sistemi və dini siyasəti nəzərdən keçirilir. Əsərdə Səfəvilər dövlətinin banisinin dövründə bu məmləkətin mədəniyyətinə də xeyli yer ayrılmış, görkəmli hökmdarın Azərbaycan mədəniyyətinin və dilinin inkişafında xidmətləri sadalanmışdır.

Müəllif yazır ki, kitabın çapa hazırlanan ikinci hissəsi Şah İsmayıl Səfəvinin müzəffər yürüşlərinə və diplomatik fəaliyyətinə, Şeybanilər və Osmanlı dövlətləri ilə müharibələrinə həsr edilmişdir.

Kitabın yeddi fəsildən ibarət birinci hissəsi ilə tanışlıq onu deməyə əsas verir ki, əsər Azərbaycanın orta əsrlər tarixinə peşəkar dövlət adamının elmi-konseptual yanaşmasını əks etdirir. Müəllifin toxunduğu məsələlərin vacibliyi və əhatə dairəsi barədə tam təsəvvür yaranması üçün həmin fəsillərin adlarını sadalamaq kifayətdir: "Qərəzsiz və nifrətsiz", "Səfəvilər sülaləsinin etnik mənsubiyyəti", "Səfəviyyə" ordenin yaranması və siyasiləşməsi", "Səfəvilərin ideologiyası. Şiəlik və qızılbaşlıq siyasi mübarizə vasitələri kimi", "İsmayıl tərəfindən Azərbaycan torpaqlarının birləşdirilməsi və Səfəvilər dövlətinin yaranması", "Şah İsmayılın böyük dövləti: hərbi və siyasi sistemə baxış", "Şah İsmayıl Səfəvi və Azərbaycan mədəniyyətinin və dilinin çiçəklənməsi". Bu yazıda əsəri fəsil-fəsil təhlil etməyə çalışacağıq.

Kitabın "Qərəzsiz və nifrətsiz" adlanan birinci fəsli əslində Səfəvilərlə bağlı bir sıra ittihamlara aydınlıq gətirmək məqsədilə qələmə alınmışdır. Bu səbəbdən həmin fəslin üzərində bir qədər geniş dayanmağı məqsədəuyğun sayırıq. Burada R.Mehdiyev təəssüflə qeyd edir ki, Azərbaycan xalqının Şah İsmayıl Səfəvi kimi böyük oğlunun irsi öz vətənində bu günün özündə belə layiqli qiymətini almamışdır: "Bunun bir sıra səbəbləri vardır. Başlıca səbəblərdən biri Vətən tarixşünaslığında tarixi şəxsiyyətlərə məntiqli və ölçülüb-biçilmiş yanaşmanın olmamasıdır. Azərbaycanın bir çox tarixi şəxsiyyətlərinin fəaliyyəti bu günədək elmi ədəbiyyatımızda lazımi qiymətini almamışdır. Bu, Şah İsmayıla da aiddir. Məsələ bundadır ki, elmi ictimaiyyətin bir sıra nümayəndələri üçün o, obyektiv tənqiddən belə sığortalanmış ideallaşdırılmış qəhrəmandır. Onların fikrincə, Şah İsmayıl vahid mərkəzləşdirilmiş Azərbaycan dövləti yaratmaqla Vətənini birləşdirmiş "Məsih"dir".



Akademik Şah İsmayıl Səfəviyə digər yöndən yanaşan tarixçilərin də fikirlərinə kitabında yer ayırır: "Onların fikrincə, İsmayıl - şiəlik bayrağı qaldırmaqla Azərbaycan türklərinin siyasi özünüdərkinə sarsıdıcı zərbə vurmuş dini fanatikdir. Onun yaratdığı Səfəvilər dövləti isə milli-siyasi xarakterdən çox dini xarakter daşıyırdı. Bu yanaşmanın tərəfdarları Səfəvilər dövlətində Azərbaycan-türk reallığını deyil, İran çalarını görməyə üstünlük verirlər".

Daha sonra müəllif əsərində I Şah İsmayıl Səfəviyə İran tarixçilərinin baxışlarına yer verir: "Bir qrup İran tarixçisinin fikrincə, İsmayıl orta əsrlərin ən böyük şiə dövlətinin banisi və paniranizm ideyalarının daşıyıcısı olan vətənpərvərdir. Bu tarixçilərə S.Rəhimzadə, Ə.Kəsrəvi, N.Şeybani və başqalarını misal göstərmək olar. Digərləri üçün isə o, soydaşları olan Azərbaycanın köçəri türk tayfalarının köməyi ilə İran taxtına sahib olan, İranın siyasi və mədəni həyatından fars elementini sıxışdırıb çıxarmış qatı pantürkistdir". Hər iki yanaşmanı yanlış sayan R.Mehdiyev qeyd edir ki, Şah İsmayıl pantürkist sayanlar da, paniranist hesab edənlər də o dövrdə İran və Azərbaycanın dəqiq sərhədlərinin müəyyən olunmadığını unudurlar: "Bu anlayışların hər ikisi etnosiyasi deyil, daha çox coğrafi, ən yaxşı halda isə geopolitik xarakter daşıyırdı. İsmayıl Səfəvinin yaşayıb-yaratdığı dövrdə... həm farslar, həm də türklər bu coğrafiyanın bölünməsi uğrunda deyil, onun dominant siyasi güc mərkəzinə çevrilmək uğrunda mübarizə aparırdılar".

Akademik Səfəvilər imperiyasının ərazisində 30-dan artıq xalqın, o cümlədən ərəblərin, kürdlərin, farsların yaşadığını vurğulayır: "Bu, Azərbaycan türkləri tərəfindən yaradılmış çoxmillətli imperiya idi. Bu imperiyada siyasi hakimiyyət Şah İsmayıl başda olmaqla Azərbaycan türklərinə məxsus idi".

Əsərdə İsmayıl Səfəvinin və sonrakı Səfəvi hökmdarlarının "şah", "İran şahənşahı" titullarını qəbul etməklə ənənəvi türk idarəçilik sistemindən uzaqlaşması barədə fikirlərə də toxunulur. R.Mehdiyev bu məsələdə görkəmli sovet tarixçisi İ.P.Petruşevskinin (1898-1977) fikirləri ilə razılaşaraq qeyd edir ki, "İran şahənşahı" titulu Səfəvilərin böyük şiə teokratik dövləti yaratmasına can atmasının göstəricisi idi: "Əgər Səfəvilər etnik fars olsaydılar, "şah" sözü onların adlarından əvvəl deyil, sonra işlənərdi". Daha sonra müəllif müxtəlif nümunələr gətirməklə fikrini daha geniş izah edir.

Müəllif Şah İsmayılın şiəliyi zorla yayması barədə ittihamlarla razılaşır ki, bu da onun tarixi hadisələrə münasibətdə obyektiv yanaşmadan çıxış etməsinin göstəricisi sayıla bilər: "Bəli, bu dini ideologiyanın yayılması böyük insan tələfatları ilə müşayiət olunurdu. Amma bu, həmin tarixi dövrdə böyük kütlələri birləşdirmək, onları dövlətin xarici və daxili məqsədlərinin həyata keçirilməsi işinə cəlb etmək üçün yeganə real imkan idi. Təbii ki, bu siyasətin gerçəkləşməsi yolunda İsmayıl istənilən maneəni kompromissiz aşmağa məcbur idi. Bundan başqa, mənbələrin verdiyi məlumata görə, gənc hökmdar dövlət maraqları tələb etdiyi təqdirdə, şiələrlə də sərt davranırdı". Avropanın orta əsr tarixindən təriqətlərarası savaşa misal olaraq qanlı Varfolomey gecəsini göstərən akademik qeyd edir ki, Qərbin tarixi ənənəsi bu və ya digər tarixi şəxsiyyəti tarixi kontekstdən kənarda analiz etməməyə və qiymətləndirməməyə çalışır: "Axı hər bir şəxsiyyət, hər bir hadisə özündə dövrünün möhürünü daşıyır, xüsusiyyət və reallıqlarını əks etdirir. Ona görə də bizim tarixçilərimiz öz qərbli həmkarlarından öyrənməlidirlər".

I fəslin sonunda R.Mehdiyev daim aktual olan bir məsələyə - Çaldıran savaşına görə Şah İsmayılın qardaş qırğınında ittiham olunması məsələsinə geniş münasibət bildirməyi zəruri sayır: "Türk və müsəlman dünyasına sağalmaz yaralar vurmuş bu döyüşlə əlaqədar Türkiyənin hörmətli tarixçilərindən heç kim Sultan Səlimin ünvanına tənqid səsləndirməyi özünə yaraşdırmır. Halbuki İsmayıl Səfəvinin üzərinə israrla qoyulmasına çalışılan tarixi məsuliyyətin eynisi həm də Səlimin çiyinləri üzərinə düşür".

"Səfəvilər sülaləsinin etnik mənsubiyyəti" adlanan II fəsildə müəllif Səfəvilərin fars, ərəb və kürd mənşəli olması barədə iddiaları müxtəlif tarixi mənbələrdən gətirdiyi sitatlarla darmadağın edir, birmənalı olaraq Səfəvilərin türk tayfası olması fikri üzərində dayanır: "Əgər İsmayıl türk olmasaydı, türk dilini sarayın rəsmi dili elan etməz və bu dildə ədəbiyyat nümunələri yaratmazdı... Türk dilini bu cür böyük qayğı ilə yalnız təmiz qanlı türk, öz Vətəninin əsl təəssübkeşi əhatə edə bilərdi".

"Səfəviyyə" ordenin yaranması və siyasiləşməsi" adlı III fəsildə akademik mərkəzi Ərdəbildə yerləşən Səfəvi təriqətinin rəhbərlərinin sufi şeyxləri olduğunu, yalnız Şeyx Cüneydin və Şeyx Heydərin dövründə təriqətin siyasi və şiəlik şüarları ilə çıxış etməyə, silahlı mübarizəyə başladığını bildirir.

R.Mehdiyev IV fəsildə "Səfəvilərin ideologiyası. Şiəlik və qızılbaşlıq siyasi mübarizə vasitələri kimi" məsələləri nəzərdən keçirir. İxtisasca filosof olması bu məsələdə onun köməyinə gəlir. Təsadüfi deyil ki, sünnilərin çoxluq təşkil etdiyi Azərbaycan və İranda Səfəvilərin şiəlik şüarı ilə çıxış etməsinin səbəbləri, hürufiliyin şiəlik fəlsəfəsinə təsirləri, imam şiəliyi ilə ifrat şiəliyin sərhədləri, Səfəvilərin ifrat şiəliyə qarşı mübarizəsi kimi maraqlı məsələlərə bu fəsildə geniş yer ayrılır. Sonda müəllif bu qənaətə gəlir ki, Səfəvilər şiəlik bayrağı qaldırmaqla iki məqsəd güdürdülər: "Birincisi, siyasi hakimiyyət uğrunda sünni Ağqoyunlu və Şirvanşahlarla mübarizədə ideoloji əsas tapmaq. İkincisi, hakimiyyətə gəldikdən sonra xarici siyasətdə, daha dəqiqi, Səfəvilərin imperiya ambisiyalarının qarşısında duran sünni Osmanlı və Şeybanilər dövlətləri ilə qarşıdurmada şiəlik faktorundan istifadə etmək".

Əsərin "İsmayıl tərəfindən Azərbaycan torpaqlarının birləşdirilməsi və Səfəvilər dövlətinin yaranması", "Şah İsmayılın böyük dövləti: hərbi və siyasi sistemə baxış", "Şah İsmayıl Səfəvi və Azərbaycan mədəniyyətinin və dilinin çiçəklənməsi" adlanan sonrakı fəsilləri də müxtəlif mənbələrdən əxz olunmuş qiymətli məlumatlarla yanaşı, ayrı-ayrı məsələlərə müəllifin obyektivliyə söykənən fikirlərini əks etdirir. Ümumiyyətlə, R.Mehdiyevin "Şah İsmayıl Səfəvi: hökmdarın və döyüşçünün portreti" kitabını yazarkən mövzuya dair müxtəlif mənbə və əsərlərdən, o cümlədən son illərdə çıxan kitablardan istifadə etməsi müəllifin obyektiv olmağa çalışmasının və sonda buna nail olmasının göstəricisi kimi qiymətləndirilməlidir.

Tarixin elə dövrləri var ki, onlar ölkənin, millətin taleyini həll edir. Bu baxımdan şübhəsiz ki, Səfəvilər dövrü Azərbaycanın və Azərbaycan türklərinin tarixində, taleyində mühüm yer tutur. Çünki məhz bu dövr azərbaycanlıların həm milli, həm də dini kimliyinin formalaşması prosesində əhəmiyyətli mərhələni təşkil edir. Tarixi Azərbaycan torpaqlarının vahid dövlətin tərkibində birləşdirilməsi də məhz Səfəvilərin və I Şah İsmayılın adı ilə bağlıdır. R.Mehdiyevin qeyd etdiyi kimi, qədim Azərbaycan etnosu onu digər qohum türk xalqlarından fərqləndirən yeni səciyyəvi milli xüsusiyyətləri də bu dövrdə qazanmışdır.

XVI əsr eyni zamanda Azərbaycan türklərinin bəşər tarixinə I Şah İsmayıl Səfəvi kimi hökmdar və sərkərdə bəxş etməsi ilə yadda qalmışdır. 14 yaşlı İsmayıl cəmi 3 döyüşlə (1500-cü ildə Cabani yaxınlığında Şirvanşah Fərrux Yasarla, 1501-ci ildə Şərurda Ağqoyunlu Əlvənd ilə, 1503-cü ildə Alma Qulağı yaxınlığında Sultan Murad Ağqoyunlu ilə) orta əsrlər Şərqinin ən böyük dövlətlərindən olan Səfəvilər imperiyasının əsasını qoymuşdur.

Son illər qardaş Türkiyənin telekanallarında yayınlanan müxtəlif veriliş və teleseriallarda Şah İsmayıl Səfəvi haqqında həqiqətdən və etikadan uzaq fikirlərin səslənməsi, bu tarixi şəxsiyyəti təhqir etməklə gündəmdə qalmaq istəyənlərə KİV-in diqqət ayırması ciddi polemikalara rəvac verdi. Fikirlərimizin düzgün anlaşılması üçün qeyd etməliyik ki, kimsə faktlara əsaslanan elmi polemikanın əleyhinə deyil. Heç kim də Şah İsmayılı günahsız mələk kimi təqdim etməyə çalışmır. Bəli, Şah İsmayıl Səfəvi şiəliyi dövlət dini elan etməklə Azərbaycanı türk dünyasının digər ölkələrindən ayırıb, öz dini islahatını həyata keçirmək üçün qan tökməkdən belə çəkinməyib, sonrakı Səfəvi şahlarının dövründə Azərbaycan türklərinin qurduğu bu imperiya farsların təsiri altına düşüb. Bütün bunlar tarixi faktlardır və bunu kimsə inkar etmir. Söhbət Şah İsmayılı aşağılamaq məqsədilə dövriyyəyə buraxılan və heç bir elmi əsası olmayan "Şah İsmayıl Şirvan şahlarının sümüklərini qəbirdən çıxartdırıb yandırdı", "anası Aləmşahbəyimi öldürdü" və s. kimi böhtanlardan gedir. Bu fikirlər Çaldıran döyüşündən dərhal sonra Osmanlı salnaməçiləri tərəfindən dövriyyəyə buraxılan və hələ də təsdiqini tapmayan "Şah İsmayılın həyat yoldaşı Çaldıran döyüşündə Sultan Səlim tərəfindən əsir alındı" kimi əsassız fikirlərin XXI əsrdə başqa bir formada təkrarıdır. İsmayılı Çaldıranda qardaş qanı tökülməsinə bais olmaqda ittiham edənlər bir başlıca məqamı unudurlar: Çaldıran düzü o dövrdə Səfəvilər dövlətinin ərazisi idi. Deməli, Səfəvilər dövləti Osmanlı Türkiyəsi tərəfdən hərbi təcavüzə məruz qalmışdı. Təcavüzkarı isə gül-çiçəklə qarşılamazlar. Bununla belə, I İsmayıl Səfəvi son ana qədər qan tökülməsindən yayınmağa çalışmışdı ki, bunu da onun Sultan Səlimlə yazışmaları təsdiqləyir. Hətta Xoca Sadəddin, Qoca Hüseyn kimi Osmanlı salnaməçilərinin əsərlərində yer alan məktubların üslubundan da Sultan Səlimin məktublarında etika sərhədlərini aşdığı və İsmayılı təhqir etdiyi, İsmayılın isə kifayət qədər ədəb-ərkanlı cavab yazdığı görünür (Bax: Cavid İsmayıl. I Şah İsmayıl Səfəvinin Osmanlı sultanları ilə məktublaşmaları (Osmanlı tarixçisi Qoca Hüseynin "Bədayə-ül-vəqayə" əsərinə əsasən) // Tarix və onun problemləri, № 4, Bakı, 2011, s. 25-32). O zaman niyə Çaldıran savaşının məsuliyyəti yalnız İsmayılın üzərinə qoyulmalıdır? Niyə sarayında fars dili işlənən Osmanlı sultanları türkün xilaskarı sayılır, sarayında türk dilindən başqa dildə danışılmasına izn verməyən Səfəvi şahları isə fars ruhunun xilaskarı? Necə olur ki, sünni İldırım Bayəzidlə Əmir Teymur, sünni II Mehmet Fatehlə Ağqoyunlu Uzun Həsən müharibə edərkən, sünni Sultan Səlim sünni Misir Məmlük dövlətinə son qoyarkən qardaş qanı tökmüş sayılmır? Ümumiyyətlə, Osmanlı sultanlarını övliya obrazında təqdim etmək siyasətinə nə vaxt son qoyulacaq?



Bütün bu sadalananlar onu göstərir ki, akademik Ramiz Mehdiyevin "Şah İsmayıl Səfəvi: hökmdarın və döyüşçünün portreti" kitabı zamanında yazılmış əsər olmaqla Azərbaycan tarixçiləri və Səfəvişünasları üçün bundan sonrakı fəaliyyətlərində bir növ yol xəritəsi rolunu oynayacaq. Eyni zamanda kitabın beynəlxalq və regional əhəmiyyətə malik olduğu da nəzərdən qaçırılmamalıdır. Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri bununla dünyaya mesaj verir ki, uzun illərdir başı erməni yalanlarının təkzib edilməsinə qarışmış Azərbaycan dövləti və Azərbaycan tarix elmi bundan sonra Səfəvilər dövləti və Şah İsmayıl Səfəvi ilə bağlı əsassız iddialar və özününküləşdirmək cəhdləri qarşısında susqunluq nümayiş etdirmək fikrində deyil, Səfəvilər birmənalı şəkildə Azərbaycan-türk dövlətidir. Bu baxımdan əsərin yaxın vaxtlarda fars, türk və ingilis dillərində çap olunması, eyni zamanda ana dilinə tərcümə olunaraq kütləvi nəşri məqsədəuyğun sayılmalıdır.

Bağla X