11:24
(077) 610-22-33

Dil Qurumu mediada ciddi qüsurlar aşkarlayıb

  • >
928 24 Sentyabr 2012 15:22 | Cəmiyyət

AzNews.az media monitorinqinin nəticələrini təqdim edir



"Azərbaycan Dil Qurumu" İB Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə medianın monitorinqini aparıb. Monitorinq Qrupunda sədr kimi dilçi alim Şahlar Məmmədov , üzv kimi isə dilçi alim Elçin Məmmədov və Anar Niftəliyev təmsil olunub. Qrup ədəbi dil normalarının qorunması və inkişafı məsələləri ilə bağlı 2012-ci il sentyabrın 10-dan 17-dək yazılı və elektron mətbuatı araşdırıb.
Qeyd edək ki, monitorinqə "Yeni Müsavat", Azadlıq", "Şərq", "525-ci qəzet", "Bakı xəbər" qəzetləri və "Lent.az", "Qafqazinfo.az", "Azadliq.org", "Publika.az","Avropa.info", "Mediaforum.az", "Modern.az" saytları cəlb edilib.
Azərbaycan Dil Qurumu İB-nin Monitorin Qrupundan AzNews.az-a verilən məlumat əsasında monitorinq zamanı ən çox müşahidə edilən dil xətalarını diqqətinizə çatdırırıq.

Aşkarlanan vulqar sözlər:

Ədəbi dil normalarına uyğun gəlməyən və zəruri ehtiyac olmadan əcnəbi sözlərdən istifadə edilir. Məsələn:

1. "novostroyka" - "Azadlıq" qəzeti (11 sentyabr);
2. "çekist" - "Azadlıq" qəzeti (13 sentyabr);
3. "obşak", "xlebnik", "padlo", "srok" - "Yeni Müsavat" qəzeti (11 sentyabr);
4. "dıxaniyem" – "Yeni Müsavat" qəzeti (12 sentyabr);
5. "kayf" – "Yeni Müsavat" qəzeti (13 sentyabr);
6. "aktivist" - "Publika.az" (11 sentyabr);
7. "vetnamka" - "Qafqazinfo.az" (10 sentyabr) və s.

Fərqli şəkildə yazılan sözlər:

"Orfoqrafiya lüğəti"ndə qeydə alınmış sözlər bəzən fərqli formada yazılır. Məsələn:
1. Tel-Əviv - "Qafqazinfo.az" (12 sentyabr);
2. diaspora - "Qafqazinfo.az" (11 sentyabr);
4. labaratoriya - "Publka.az" (10 sentyabr);
5. otel - "Lent.az" (14 sentyabr) və s.

Dil Qurumundan bildirilir ki, sonu "a" hərfi ilə bitən alınma sözlərin düzgün yazılış forması "Orfoqrafiya qaydaları"nın 4-cü maddəsində aydın şəkildə izah edilib. Əsli "h" samitli sözlər "h" ilə də yazılır (hotel) ki, bu da 10-cu maddədə yer alıb.
Qurum tərəfindən aşkarlanan digər xətalar isə aşağıdakılardır:

Xüsusi isimlərin yazılışı

Yazılı və elektron mediada xarici mətbuat, şirkət, restoran, şəxs və s. adların orijinala uyğun şəkildə yazılışı artıq ənənə halını almaqdadır. Məsələn:

1. Eurovision
2. Embawood
3. Star city
4. Nar Mobile
5. Mercedes
6. Thomas De Wall
7. Michael
8. Dana Rohrabacher
9. Human Rights Watch
10. Gabriel Garcia Marquez
11. Facebook
12. The New York Times
13. Volkswagen
14. Baku Crystal Hall,
15. Hyatt Regency və s.

Bildirilir ki, monitorinqə cəlb edilən qəzet və saytlar içərisində "Azadliq.org" saytı bu halı artıq "prinsip olaraq" qəbul edib.

Məluamta görə, alınma sözlərin Azərbaycan dilinin fonetik prinsiplərinə uyğunlaşdırılması qaydasına zidd olan bu cür yazılışlarda bəzən Türkiyə türkcəsində olduğu kimi, xüsusi isimləri hal şəkilçilərindən ayırmaq üçün kəsmə, apostrof işarəsindən də isifadə edilir. Məsələn:
1. Michelle`nin - "Azadlıq" qəzeti;
2. H.Clinton’un ölkəsində; Erdoğan’la - "Azadliq.org"...

Mürəkkəb ixtisarların (abreviaturaların) yazılışı

"Orfoqrafiya qaydaları"nda mürəkkəb ixtisarların 3 yazılış forması göstərilib.
Monitorinq Qrupunun üzvlərinin sözlərinə görə, bu maddəyə beynəlxalq ixtisarların milli dilə uyğunlaşdırılması və ya kütləviləşmiş ixtisarların saxlanılması ilə bağlı əlavə və dəyişiklik edilməsinə ehtiyac vardır.

Mürəkkəb adların yazılışı

"Orfoqrafiya qaydaları"nda (maddə 31) mürəkkəb adların yazılış qaydası aydın şəkildə göstərilib: "Yüksək dövlət vəzifələri, fəxri adlar, habelə nazirlik, komitə, birlik, cəmiyyət, qurum, akademiya, universitet, teatr, filarmoniya, siyasi partiya, eləcə də tarixi günlərin və s. adlarının tərkibindəki bütün sözlərin (yardımçı sözlərdən başqa) birinci hərfi böyük yazılır". Təəssüf ki, yazılı və elektron mətbuatda bu qaydaya çox vaxt əməl edilmir. Məsələn:
1. xarici işlər naziri Əhməd Davudoğlu; iqtisadiyyat naziri Zəfər Çağlayan, milli müdafiə naziri İsmet Yılmaz – "Qafqazinfo.az" (11 sentyabr);
2. Yaponiyanın maliyyə və poçt xidməti islahatları naziri - "Publika.az" (10 sentyabr);
3. fövqaladə hallar naziri –"Yeni Müsavat" qəzeti (12 sentyabr);
4. səhiyyə naziri, əmək və əhalinin sosial müdafiəsi naziri (s.13) - "Yeni Müsavat" qəzeti (10 sentyabr)
5. 6 saylı yol istismar idarəsi (s.7) "Şərq" qəzeti (11 sentyabr) və s.

Nitq qüsuru və ya asemantikləşmə nəticəsində yaranmış sözlər

Monitorinq Qrupu mətbuat orqanlarında belə səhvlər də aşkarlayıb.
Məsələn:
1. narahatçılıq – "Publika.az" (10 sentyabr);
2. müsəlmançılıq - "Yeni Müsavat" qəzeti (12 sentyabr) və s.
Dərslik və dərs vəsaitlərində - "çılıq4" şəkilçili sözlər bir qayda olaraq – "çı+lıq4" və - "çılıq"4 şəklində izah edilir. Peşə, sənət anlayışı bildirən sözlərdə şəkilçi – "çı+ lıq" şəklində parçalanır, mücərrəd məna bildirdikdə isə - "çılıq4" bütöv şəkildə götürülür, halbuki – "çılıq4" şəkilçisi bir qayda olaraq ismə artırırlır. Məsələn, qəzetçilik;
Qurumdan bildirilir ki, "narahat", "nigaran" sözləri sifət olduğuna görə, "narahatlıq", "nigaranlıq" şəklində yazılmalıdır.

Sayt adlarının yazılışı

Sayt adları 3 müxtəlif formada yazılışı da gündəmə gətirilib. Məsələn:
1. "Qafqazinfo", "Media forum",
2. Lent.az
3. Publika.Az

"Orfoqrafiya qaydaları"nda sayt adlarının yazılışı ilə bağlı ayrıca bənd yoxdur. Qrurum təklif edir ki, sayt adları dırnaq işarəsi olmadan, internet ünvanı saxlanılmaqla (az, com, org və s.) yazılsın. Məsələn: Qafqazinfo.az, Publika.az, Mediaforum.az, Azadliq.org və s.

Monitorinq Qrupunun qənaəti

Monitorinq qrupu hesab edir ki, keçən monitorinqin (2012-ci il iyunun 19-dan 30-dək) nəticələri ilə müqayisədə vulqar sözlərin sayı xeyli azalıb. Buna baxmayaraq, xüsusi isimlərin və mürəkkəb adların yazılışında qaydasızlıq qalmaqdadır. Səbəb isə, dil qurumları ilə əlaqələrin zəifliyi, əksər media mənsublarının mövcud lüğətlərdən istifadə etməməsi və dil normalarına laqeyd münasibət olaraq vurğulanır.

Eyni zamanda, 2004-cü ildə çap olunmuş "Orfoqrafiya lüğəti"nin müasir tələblərə tam cavab verməməsi diqqətə çatdırılıb.

Qeyd edək ki, monitorinq zamanı yazılı və elektron mətbuatda yol verilmiş texniki və üslub səhvlər nəzərə alınmayıb.

Sevinc
AzNews.az
Bağla X