18:58
(077) 610-22-33

1 saylı Tibb Kollecində tələbə bileti alveri

  • >
8 698 25 Sentyabr 2012 07:51 | Cəmiyyət

Hər tələbədən 30 manat tələb edilir



Bakı şəhər 1 saylı Tibb Kollecində rüşvət faktı aşkarlanıb. Belə ki, redaksiyamıza daxil olan məlumata görə, kollecin tələbələrinə tələbə bileti verilməsi üçün onların hər birindən 30 manat pul toplanır. Pul vermək istəməyən tələbələrə problem yaradacaqlarını bildirirlər. Kollec rəhbərliyi pul yığma kampaniyasını qrup nümayəndələri tərəfindən apartdırır. Onlar hər bir tələbə ilə ayrıca danışaraq tələbə biletinə pul verilməyin "zəruriliyini" başa salırlar.

Məlumatı verən kollec tələbələri adlarının yayınlanmasından çəkindilər.
Çəkinmələrini isə tam şəkildə əsaslandırdılar.

Biz bu məlumatı dəqiqləşdirməkdən ötrü 1 saylı Tibb Kolleci ilə əlaqə saxladıq. Lakin məsələylə bağlı dəqiqi bir cavab almadıq. Zəngimizə cavab verən kollec əməkdaşı məlumat vermək iqtidarında olmadığını bildirdi. Həmçinin, rəhbərlik bu barədə məlumat verməkdən imtina etdi: "Biz telefonla heç bir məsələyə münasibət bildirmirik". Danışıqlarda bir məsələ hiss olunurdu ki, bunlar üçün rüşvət toplamaq elə də qeyri-adi hal deyil. Hər-halda, fakt yanlış olsaydı, anında etiraz edərdilər.
Məsələ ilə əlaqədar Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirliyə də müraciət etdik. O, bu barədə məlumatı olmadığını, faktı araşdıracağını bildirdi.

Rüşvət faktının aşkarlanması barədə hüquqşünas Nazir Quliyevlə də danışdıq. Onun sözlərinə görə, hər zaman belə müraciətlər olur, ancaq problem ondadır ki, müraciətlər anonim şəkildə edilir: "Müraciət edən şəxs adını, digər faktları açıq şəkildə bildirmirsə, bunu araşdırmaq və sübut etmək də çətinlik yaradır. Konkret fakt olmadan hüququn da rolu daralır. Hər bir ciddi fikrin arxasında hansısa faktlar dayanmalıdır. Yaxşı olardı ki, Respublika Prokurorluğunun Korrupsiyaya qarşı Mübarizə İdarəsinə, hüquq mühafizə orqanlarına və ya digər qurumlara müraciət etsinlər. Ancaq Azərbaycan reallığında anonim müraciət etməmək sonra həmin insan üçün problemlər yaradır. Məsələn, bu məqamda tələbə şikayətinə görə aldığı təhsildən də məhrum edilə bilər. Bu zaman tələbə həm psixoloji cəhətdən, həm də kollecdə özünü qorumaq baxımdan buna hazır olmalıdır".

Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.

Sevinc Fədai
AzNews.az
Bağla X