TQDK dərsliklərin monitorinqinin detallarını açıqladı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycanda dərsliklərin monitorinqi ilə bağlı həyata keçirəcəyi siyasətin ilkin detallarını açıqlayıb. TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə APA-ya bildirib ki, artıq TQDK-da ümumtəhsil fənləri üzrə dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqi şöbəsi yaradılıb: "Şöbə ilk növbədə I sinifdən tutmuş XI sinfə qədər olan dərsliklərin monitorinqi ilə məşğul olacaq. "Təhsil qanunu" və təhsilin məzmununu təşkil edən standartlara qoyulan tələblər baxımından hər bir dərslik ekspertlər tərəfindən ekspertiza ediləcək. Kurrikulumla bağlı dərsliklərdə isə kurrikulumun tələbləri yoxlanacaq. Elmi-metodiki nöqteyi-nəzərdən və yaş kateqoriyası baxımından ekspertizası aparılacaq. Ekspertiza işinə orta məktəb müəllimləri, dərsliklərin məzmunu ilə tanış olan alimlər və metodistlər cəlb olunacaqlar. Ekspertizadan müsbət qiymət alan dərsliklərin növbəti illər üçün də çapına müsbət rəy veriləcək".

E. Nağızadə deyib ki, dərsliklər 4 ildən bir təkmilləşdirilir: "Hazırda qüvvədə olan dərsliklərin monitorinqi aparılacaq. Əgər onlarda hər hansı çatışmazlıq və qüsurlar varsa, həmin dərslərlə bağlı müvafiq tədbirlər görüləcək".

AzNews.az