04:59
(077) 610-22-33

Azərbaycan ailəsinin faciəvi dramları

  • >
3 737 26 Sentyabr 2012 14:28 | Cəmiyyət

Zorakılıq, qətl və intihar...



Son dövrlər ailədaxili münaqişələrin qurbanına çevrilənlərin sayı çoxalıb. Demək olar ki, hər gün mətbuatda və televiziyada evli cütlüklər arasında qanlı olayların baş verməsi barədə məlumatlar əldə edirik. Həm də bu qətllər çox faciəvi şəkildə baş verir və ailə münasibətlərindəki böhran baltalanmaya qədər aparıb çıxarır. Bəs görəsən, ailədaxili qanlı münaqişələrə, bu dərəcədə zorakılıq hallarına səbəb olan amillər hansılardır? Cəmiyyətimizdə can almaq niyə bu qədər adiləşib? Bu faciəvi dramların əsas qəhrəmanları kimdir?

Qeyd edək ki, bu ilin yanvar-may ayları ərzində Azərbaycanda 36 qadın ailədaxili zorakılıq nəticəsində öldürülüb. Ölüm hadisələrinin çoxu isə qısqanclıq zəminində baş verib. "Təmiz dünya" İctimai Birliyinin apardığı monitorinqin nəticələrinə əsasən, ailədaxili zorakılıq qadınlar arasında intihar hallarının da artmasına səbəb olub. Belə ki, 5 ay ərzində intihar edən qadınların sayının 57 nəfər olduğu müəyyən edilib.

Ailədaxili münaqişələr niyə yaranır?

Ümumiyyətlə, ailə münaqişələrinin baş verməsinin müxtəlif səbəbləri olur. Uşağa aid öhdəliklər; onun tərbiyələndirilməsində ziddiyyətlər. Həmçinin ər-arvad münasibətində meydana çıxan problemlər, alkoqolizm, qumar oynama, iqtisadi çətinliklər, xəyanət, tənhalığa meyl, ortaq nöqtələrin tapılmaması, həddindən artıq qısqanclıq və sahiblənmə kimi bir çox səbəblər ailədə münaqişənin alovlanmasına rəvac verir. Bu mübahisələr zamanı çox vaxt psixoloji iqlim ağırlaşır. Bəzi hallarda sözlü və ya fiziki şiddət belə tətbiq olunur. Həmçinin, cütlüklər bir-birlərinin şəxsiyyətinə yönəlmiş ağır təhqirlər söyləyirlər. Bəzən bu mübahisələr müvəqqəti ayrılıq, ya da ağır qətllərlə nəticələnir.

Problemlərin "yeganə həlli yolu" - qətl

Sosial psixoloq Naib Niftəliyev bildirir ki, bu, kifayət qədər ciddi, həssas, eyni zamanda, ürək ağrıdan bir məsələdir: "Təbii ki, istənilən halda insanın digərinə əl qaldırıb, onu qətlə yetirməsi qəbulolunmaz, bağışlanılmaz cinayətdir. Doğrudur, ailədaxili zorakılığın əsas qurbanları qadınlar, bəzi hallarda isə uşaqlar olur. Lakin qadınlar da öz ərlərini döyüb xəsarət yetirdiyi, öldürdüyü, qatilə çevrildiyi hallar olur. Təəssüf ki, aparılan maarifləndirmə işlərinə, belə halların kəskin şəkildə pislənilməsinə baxmayaraq, belə faktların artması müşahidə olunur".
Psixoloqun sözlərinə görə, bu kimi halların getdikcə mənfi sosial təmayülə çevrilməsi, bəzi insanların (bu, daha çox kişilərə aiddir) zoru, gücü, qadını həyatdan məhrum etməni ailədaxili problemlərin "yeganə həlli yolu" kimi görməsi mahiyyətcə xoşagəlməz təzahürdür və çox ciddi səbəblərlə bağlıdır: "Mahiyyət etibarı ilə, bütün zorakılıq halları iki böyük amillər qrupu – sosiogen və psixogen faktorlarla izah edilir. Sosiogen amillər daha çox cəmiyyətdə qəbul olunub bərkiyən, möhkəmlənən, insanların gündəlik davranış meyarlarına çevrilən sosiomədəni (və ya kulturoloji) dəyərlər sistemi ilə bağlıdır. Bu sosial təsisatların, ictimai qurumların, kütləviləşmiş təmayüllərin, makro və mikro mühitin ailədaxili münasibətlərə, o cümlədən, ailədə zorakılığının artıb-azalmasına adekvat təsirini ifadə edir".

Bir insan həyat yoldaşını baltalayırsa…

Psixogen amillər isə daha çox fərdi-psixoloji xüsusiyyətlər və şəxsi keyfiyyətlərlə bağlıdır: " Zorakılığa meylli olmayan, məsuliyyətli insanı çox nadir hallarda özündən çıxarmaq mümkün olur, belə insanlar yalnız başqa çıxış yolu qalmayanda zorakılıq etməyə məcbur olurlar, çox vaxt buna vadar edilirlər. Bir insan həyat yoldaşının üzərinə balta ilə yeriyib, amansızcasına qətlə yetirirsə, artıq onun ruhi cəhətdən sağlam birisi olmasına çox ciddi şübhələr yaranır. Belə qətllərin əksəriyyəti tərəflərdən birinin digərinə xəyanət etməsi ucbatından baş verir. Əslində, həyat yoldaşını qətlə yetirənin sonradan intihar etməsi və ya könüllü şəkildə polisə təslim olmasını anlamaq çətin deyil. Xəyanətlə üzləşmək çox ağır mənəvi-psixoloji böhrandır və onun fəsadlarını aradan qaldırmaq əksər hallarda qeyri-mümkün olur".

Qadınların mənəvi zorakılığı

Qadınların öz hüquq və vəzifələri barədə yetərincə məlumatlı olmaması, xanımların bir çoxuna xas olan mülayimlik, vəziyyətlə barışmaq istəyi bu kimi hallarda, əslində, onların əleyhinə işləyir: "Başqa sözlə, qarşı tərəfin yersiz, səbəbsiz qısqanclığı, bəzən özünüifadə səviyyəsinin çox aşağı olması, bir sıra hallarda kişilərə qarşı təhrikedici rəftar belə qətllərin əsas səbəblərindəndir. Qadınların psixoloji zorakılığına gəldikdə, bu, daha çox qısqanclıq, ailədə söz sahibi olmaq, həyat yoldaşını gizli və açıq şəkildə idarə etmək, daha yaxşı, komfort şəraitə yiyələnmək, bir sıra hallarda natamamlıq kompleksi və tərəflər arasında ciddi səviyyə fərqindən yaranan nüfuz mübarizəsindən irəli gəlir. Elə xanımlar var ki, həyat yoldaşlarının hər addımına nəzarət etməyə çalışırlar, ailədə həlledici söz sahibi olmaq istəyirlər. Və anlamırlar ki, insanların həyatı nə qədər dəyişsə, müasirləşsə də, kişilərin əksəriyyəti üçün bu, qəbulolunan deyil".

Sosial problemlər də qatil edir

Bütün psixoloji amillərlə yanaşı, məlum problemdə digər amillərin də rolu danılmazdır. Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu ailədaxili qanlı münaqişələri yaradan əsas səbəb kimi sosial problemləri göstərir: "Xüsusilə də, kişilər evə pul gətirə bilmədiklərindən ailədə başıaşağı olurlar, sözləri keçmir. Bu baxımdan ailələrdə aqressiyalar artır. Qadın kişi ilə tez-tez münaqişə edir və nəticədə mətbəxdə yanındakı bıçağı arvad ərinə, əri arvadına yönəldir və belə qanlı olaylar baş verir".
Ailədaxili zorakılıqlardan çıxış yolunu ictimaiyyətin maariflənməsində görən hüquq müdafiəçisi bu məsələdə vətəndaş cəmiyyətlərinin rolunun artırılmasını məsləhət görür: "Qeyri-hökumət təşkilatlarına layihələr ayrılmalıdır. İctimai təşkilatlar da rayonlarda, şəhərdə bununla bağlı maarifləndirmə işləri aparmalı, belə halların yolverilməz olduğunu cəmiyyətə təlqin etməlidir. Digər tərəfdən mətbuatın, xüsusən televiziyaların bu istiqamətdə geniş fəaliyyətinə ehtiyac var. Bu yöndə maarifləndirici teledebatlar təşkil edilməli, insanlar ailədaxili zorakılıqlardan çəkindirilməlidir. Bütün bunlar həyata keçirilərsə, yəqin ki, ailədaxili qanlı olayların da sayını minimuma endirmək olar".

Seksoloji uyğunsuzluq

Ailə münaqişələri xüsusilə ər-arvad münaqişəsi təhlil edilərkən ailənin inkişafında böhranlı dövrlərin nəzərə alınması vacibdir. İlk dövr ailə həyatının birinci ilində müşahidə edilir (nikahların ümumi sayının 30%-ni boşanma ehtimalı daşıyır), ikinci dövr uşaqların anadan olması ilə bağlıdır, uşağın anadan olması bir çox ailələr üçün ciddi sınaqdır. Üçüncü dövr ər-arvadın orta yaş dövrünə təsadüf edir. Ailə həyatının ilk 10-15 ilini əhatə edən bu dövr hisslərin məhdudluğu ilə xarakterizə edilir. Dördüncü dövr ər arvadın birgə yaşayışının 18-24-cü illərindən sonra yaranır. Ailə münaqişələri öz səbəblərinə görə fərqlənir. Onların əhəmiyyətlisi – ailə üzvlərinin fəallığının, özünü ifadə etməsi azadlığının məhdudlaşdırılması, ailənin bir və ya bir neçə üzvünün davranışının qəbul edilmiş normalardan kənara çıxması, əks maraqların, meyllərin mövcudluğu, ailə üzvlərindən birinin tələbatlarının ödənilməsi imkanlarının məhdudluğu, bütünlükdə ailədə qarşılıqlı münasibətlərin sərt tipi-çətin həll edilən maddi problemlərin mövcudluğu, ər arvad münasibətlərinə qohumların müdaxilə etməsi, nikahda partnyorların seksual disharmoniyası. Yeri gəlmişkən, qeyd edək ki, ər arvad münasibətlərində seksoloji istək də mütləq uyğun gəlməlidir. Psixoloqun fikrinə görə, bunlar hamısı şərtdir. O yoxdursa, tərəflərdən biri daimi stress içində olur. Məsələn, belə olan halda hər hansı bir qadın daimi axtarışda olur, qənaətlənmir və bunu evdən kənarda axtarır. Tapan kimi isə əldə mobil telefonla gizli mesajlaşmalar, gizli görüşlər başlayır və s. Ər də bunu biləndə bu cür ağır nəticələr ortaya çıxır.

Sevinc Fədai
AzNews.az
Bağla X