Azərbaycana saxta dərmanlar haradan gətirilir?

Azərbaycan saxta dərmanlarla mübarizə üzrə beynəlxalq konvensiyaya qoşulmağa hazırlaşır.AzNews.az-ın verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirib.

Nazir müavinin sözlərinə görə, saxta dərmanlarla bağlı problem həmişə olub və davam edir. Artıq bu məsələ Ümumdünya Səhiyyə Təşkilatını narahat etməyə başlayıb: "Saxta dərmanlar dünyanın problemidir. Sadəcə ölkələrdən asılı olaraq saxta dərmanların faizi dəyişir. Azərbaycanda son illərdə qanunvericiliyə edilmiş düzəlişlər nəticəsində ölkəyə saxta dərmanların gətirilməsi minimuma enib. Qeydiyyatı olmayan dərmanlar Azərbaycan bazarına yol tapa bilmir. Buna yol verənlər barəsində Cinayət Məcəlləsində həbs cəzası nəzərdə tutulur".

E. Ağayev qeyd edib ki, işbazlar Azərbaycana daha çox Hindistandan saxta dərmanlar gətirməyə cəhd göstərirlər: "Avropanın ən məşhur firmalarının dərmanlarının saxtalaşdırılmış formalarının gətirilməsi istəyi də ola bilər. Amma Azərbaycana gətirilən dərmanların hər bir seriyası yoxlanıldıqdan sonra bazara çıxarılır".

Sevinc
AzNews.az