Azərbaycan əhalisinin 70 faizinin əməyi istismar olunur - ARAŞDIRMA

Bu gün işə qəbul zamanı işə götürənlə işçi arasında əmək müqaviləsinin bağlanmaması bir çoxlarının əməyinin istismarına səbəb olur.

Ümumiyyətlə, hər-hansı bir vətəndaşın işçi kimi öz hüququnu bilməməsi işəgötürən-işçi münasibətlərinin rəsmiləşdirilməsində və əməyin ödənişinin təşkilində problemlər yaradır. Daha sonra sığorta-pensiya sisteminin dayanıqlı inkişafına da öz mənfi təsirini göstərir.

Həmçinin, əksər hallarda müəssisələrdə işçilərin əmək haqlarının ödənilməməsi və ya minimum səviyyədə göstərilməsi hallarına rast gəlinir. Əmək müqaviləsi imzalamadan çalışmaq və yaxud alınan əmək haqqının tam miqdarda rəsmiləşdirilməməsinə göz yummaq gələcək pensiya – müavinət təminatından məhrum etmək deməkdir. Pensiya – müavinət təminatında işçilərlə əmək müqaviləsinin bağlanılması, əmək haqlarının leqallaşdırılması, məcburi dövlət sosial sığorta haqlarının vaxtında ödənilməsi mühüm rol oynayır. Ancaq təəssüflər olsun ki, əmək müqaviləsinin bağlanmaması vətəndaşın bütün bu imkanlarını əlindən alır.

Rəsmi statistikaya əsasən, Azərbaycanın əmək bazarının 70%-ə yaxını qeyri-formal əmək bazarıdır. Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri, hüquqşünas Sahib Məmmədov bildirir ki, bu, insan əməyinin istismarı deməkdir: "Belə hallar çox olur ki, vətəndaşı 1-2 ay işlədib əmək haqqı vermirlər. Sonra məlum olur ki, heç əmək müqaviləsi də yox imiş. Bu da ciddi qanun pozuntusudur. Əmək müqaviləsinin bağlanmaması inzibati məsuliyyət yaradır və işə götürən buna görə çox ciddi məsuliyyət daşıyır. Belə ki, hüquqi şəxs 25 min manata, vəzifəli şəxs 5 min manata qədər cərimə oluna bilər".

S.Məmmədovun sözlərinə görə, əmək müqaviləsi ən azı 2 orijinal nüsxədən ibarət ibarət olmalıdır: "Biri işçidə, biri də işəgötürəndə qalmalıdır. Bəzən olur ki, işçiyə müqavilənin surətini verirlər, bu, yolverilməzdir. Həmçinin, müqavilə Əmək Məcəlləsinin 43-cü maddəsinə uyğun qaydada bağlanmalıdır. Ancaq bu, yoxdur".


İşçilər bu bəhanələrlə aldadılır

Onu da qeyd edək ki, vətəndaşların əməyi sınaq müddətinə götürülmək bəhanəsi ilə də istismar olunur. Belə ki, sınaq müddəti ərzində işə götürülənlə heç bir müqavilə bağlanılmır və ona əmək haqqı da ödənilmir. Daha sonra isə işçi işinin öhdəsindən gəldiyi halda da işdən uzaqlaşdırılır. Ancaq müsahibimiz bildirir ki, qanuna əsasən, sınaq müddətinin məsələyə dəxli yoxdur: "Sınaq müddətində işə götürülən işçiyə də eyni dərəcədə əmək haqqı verilməlidir. Əmək müqaviləsində yalnız yazıla bilər ki, müqavilə filan müddətə və ya müddətsiz bağlanılır. İşçi işə başlayanda o, 15 gün, 1 ay və ya maksimum 3 aya qədər sınaq müddətinə götürülə bilər. Bu halda belə əmək müqaviləsi də lazımi qaydada bağlanmalıdır. Dövlət qurumunda və ya özəl şirkətdə çalışmağın da müqaviləyə dəxili yoxdur. Onu da deyim ki, taksilərin üstündə əmək müqaviləsinin bağlanmasına dair elanlar, çağırışlar var. Ancaq elə taksi şoferlərinin əksəriyyətinin əmək müqaviləsi yoxdur".

"Biz səni işə götürməmişdik"

Hüquqşünas Kamran Məmmədov isə qeyd edir ki, əmək müqaviləsi işə götürənlə işçi arasında razılaşdırılmış şərtlər əsasında ola bilər: "Müqavilə, ən əsası, Əmək Məcəlləsinin tələblərinə riayət olunmaq şərti ilə qarşılıqlı surətdə hər kəsin iradəsindən asılı olaraq bağlanır. Bu gün ən böyük problem odur ki, müqavilə bağlanarkən işçi tərəfə təqdim olunmur. Yəni müqavilə iki nüsxə şəkində olur, biri işəgötürən, biri isə əks tərəfdə olmalıdır. Lakin əksər hallarda şirkətlər bunu vətəndaşa, yəni işçiyə təqdim etmirlər. Onun şəxsi qovluğunda saxlanması və digər bəhanələrlə işə götürüldüyünə dair sənəd işçi şəxsə verilmir. Sonra həmin şəxs işdən çıxmaq istəyəndə bildirirlər ki, biz səni işə götürməmişdik. Bu zaman da mübahisələr yaranmağa başlayır və şəxs Əmək Müfəttişliyinə müraciət etməli olur. Məndə olan məlumata görə, Əmək Müfəttişliyi bu sahədə çox dəqiq xidmət göstərir ki, belə halların qarşısı alınsın".

Sonradan problem yaranmasın deyə...

Müsahibimiz qeyd edir ki, hər bir şirkətin işçi qarşısında fərqli öhdəlikləri ola bilər: "Eyni zamanda, onlar arasında fərqli razılaşma ola bilər. Belə ki, işə götürülənin hər hansı bir bəndi və ya şərti dəyişmək hüququ var. Bu da danışıq yolu ilə həll oluna bilər. Məsələn, ola bilər ki, müqavilənin bir bəndində işçi iş saatı vaxtı yuxuya gedərsə, onun aylıq məvacibinin avtomatik olaraq silinməsi göstərilir. Bu kimi bəndi işçi qəbul etməyə bilər. Bu ya həmin günün maaşını verilməməsinə, və ya maaşın 10 %-inin silinməsi kimi şərtlərlə dəyişdirilə bilər. Ən vacibi odur ki, müqavilə qarşılıqlı şəkildə imzalansın və onun bir nüsxəsi işçidə qalsın. Çünki əmək kitabçası iş yerində qalır və sonra hər hansı bir problem yarananda işçinin əlində orada işlədiyinə dair heç bir dəlil , sənəd olmur. Bu kimi halların yaranmaması üçün əvvəlcədən əmək müqaviləsinin bir nüsxəsinin şəxsin özündə saxlanması böyük əhəmiyyət kəsb edir. Belə ki, bu şəxsin orada işlədiyinə dair bir sübutdur".

"Bu, saxta sahibkarları varlandırır"

K. Məmmədovun fikrinə əsasən, bu gün vətəndaşlar əsasən yeni yaranmış şirkətlər tərəfindən aldadılır və əməyi istismar olunur: " İşçini 3 ay sınaq müddətinə işə götürmək adıyla qəbul edirlər. Əmək müqaviləsi bağlanır. Müqavilənin şərtinə görə, 3 aydan sonra işçinin işi şirkət tərəfindən bəyənilərsə, 3 ay daxil olmaqla maaşı ödəniləcək, bəyənilmədiyi halda işçi kimi qəbul olunmur. Əslində burada böyük qanun pozuntuları var, çünki sosial müvazinət ödənişi olmalıdır, vergi ödənişində isə həmin şəxs işçi kimi göstərilməlidir. Bu şəkildə işçi aldadılır, onun işindən razı qalmadıqlarını bahənə edərək işdən çıxarırlar. Onun 3 ay iş müddəti başa çatdıqdan sonra artıq yeni bir "qurban "gəlir. Növbəti "qurban" da bu formada 3 ay işlədilir, sonra əmək haqqı ödənilmədən yola salınır. Bu da saxta sahibkarların varlanmasına gətirib çıxarır".

Sevinc Fədai
AzNews.az