02:33
(077) 610-22-33

“Beş gün ac-yalavac yol gəldik” - Ən gənc əsgər haqqında...

  • >
5 591 2 Mart 2015 15:24 | Cəmiyyət

Bu yazı Ağdam rayon özünümüdafiə taborunun ən gənc əsgəri Qarayev Rafiq Hümbət oğlu haqqındadı.



O, səkkizinci sinfə kimi rayonda oxuduqdan sonra təhsilini Bakıda, 14 saylı peşə məktəbində davam etdirib. Müharibə ab-havası, döyüşmək həvəsi də gənc qəhrəmanı elə burada haqlayıb...

836 saylı Ağdam Ərazi Özünümüdafiə Taboruna döyüşlərin ən qızğın çağında üz tutub Rafiq. Məqsədi - silaha sarılmaq, yurdun keşiyində dayananlarla çiyin-çiyinə vermək, Vətən qarşısında övladlıq borcundan çıxmaq idi. Bakıda, oxuduğu təhsil müəssisəsində rahatlıq tapmır, gecə-gündüz ön cəbhəyə getmək, düşmənlə döyüşmək haqqında düşünürdü.

Lakin çağırış yaşına çatmaması bu inadkar və yurdsevər gəncin qarşısında keçilməz səddə çevrilmişdi; nə qədər çalışırdısa, Komandiri inadından döndərə bilmirdi.
Dəfələrlə aldığı eyni cavablar qanını qaraltsa da, ancaq fikrindən daşınmır, ruhdan düşmürdü. Çünki doğulub boya-başa çatdığı Ağdam torpağına hər dəfə Vətən yanğısı, vətəndaşlıq duyğusu ilə üz tuturdu...

Budur, taborun ən gənc əsgərilə qarşı-qarşıya əyləşmişik. Aradan nə qədər illər keçib, amma elə o vaxtdan sadəliyi, səmimiyyəti və çılğınlığı ilə yaşıdlarından fərqlənən cəbhə dostum, deyəsən, heç dəyişməyib. Elə əvvəlki Rafiqdi: vətənpərvər, qayğıkeş, təvazökar...

O danışır və danışdıqca məni yenidən odlu-alovlu illərə, ŞİRİN MİRZƏYEVLİ günlərə aparır. Hər kəlməsindən, hər cümləsindən Komandirin ilıq nəfəsini, müqəddəs ruhunu hiss edirəm. O günləri, o illəri yenidən yaşamaq, yenidən ŞİRİN MİRZƏYEVLƏ bir sırada addımlamaq, inanın, böyük səadətdi. İndi mən öz müsahibimə, həm də buna görə minnətdaram.

"Yaşın çatmır, səni tabora götürə bilmərəm!.."



Beləliklə, biz yenə də ŞİRİN MİRZƏYEVLƏ, Komandirin sədaqətli əsgərlərilə bir aradayıq, Rafiq QARAYEV danışır:

- Yəqin ki, yadındadı, Ağdam ərazi özünümüdafiə taboru Əlmədədli sovetliyində yerləşirdi. Komandirlə ilk görüşümüz burada, 1991-ci ilin noyabrında oldu. Mən onun yanına polis əməkdaşı olan əmim oğlu Bünyad Qarayevlə getmişdim. Ürək sözlərimi bildirdim: Xaçındərbənddən olan bir gənc ağdamlı kimi burada, öz torpağımın müdafiəsində dayanmaq istəyirəm, - dedim. Əsgərlikdə olub-olmadığımı soruşdu. Onda mən Bakıda balıqçılıq texnikumunda oxuyurdum. Yaz çağırışçıları idik deyə, hərbi xidmətə hələ çağırılmamışdım. Buna görə də Komandir etiraz etdi və davamlı təkidlərimə baxmayaraq fikrindən dönmədi: xidmət etməmisən, yaşın çatmır, səni tabora götürə bilmərəm!..

Uzun get-gəldən sonra, nəhayət, dördüncü gəlişimdə, inadımdan dönməyəcəyimi anladı və məni öz yanına götürdü. Bölük komandiri Yavər Babayevi yanına çağırıb tapşırıq verdi: Rafiqi şəxsi heyətin siyahısına sal, amma birbaşa cəbhəyə, səngərə göndərmə, qoy hələ döyüş hazırlığı təlimi keçsin, - dedi...

"Starşina Səttar bölüyün "anasıdır", mən də "atası..."

Rafiq Qarayevin cəbhə həyatı belə başladı. Bölüyə ilk gəlişi zamanı yaddaşına əbədi həkk olan, ancaq heç vaxt yadından çıxarmayacağı ilk sözləri də şəhid komandiri Yavər Babayevdən eşitdi: Bu gördüyün "starşina" Səttardır, o, bölüyün "anasıdır", mən də "atası..."

Təqribən on gündən sonra Fərrux əməliyyatı başladı, - Rafiq Qarayev özünəməxsus səmimiyyət və sadəlövhlüklə danışır: - Komandir döyüşə getməyə icazə verməsə də, etiraz etdim. Yavər müəllim əlacsız qalıb məni də özü ilə götürdü. Bax beləcə, ilk əməliyyatda iştirak etdim. Biz bu döyüşdə Şirin Mirzəyevin komandanlığı altında, digər qüvvələrlə heç bir itki vermədən Fərruxu ermənilərdən təmizlədik və kəndin mühafizəsini təşkil etmək məqsədilə bir müddət postlarda keşik çəkdik.
Fərruxda dəniz səviyyəsindən min səksən metr hündürlükdə yerləşən bir yüksəklik vardı. – Müsahibim ara vermədən danışır, hər kəlməsi, hər cümləsilə Şirin Mirzəyevi xatırlayır, onun müqəddəs ruhu qarşısında sanki öz borcundan çıxmağa çalışırdı. - Ermənilər o yüksəklikdən nəinki bizim mövqelərimizi, hətta Fərruxun alt hissəsində yerləşən mənim doğma kəndimi iriçaplı silahlardan, zirehli texnikalardan atəşə tuturdular. Komandirimiz Yavər Babayev döyüş növbəsini dəyişərkən bildirdi ki, biz bu yüksəkliyi mütləq ermənilərdən geri almalıyıq. Hamıda ruh yüksəkliyi vardı. Vətən yolunda döyüşməyi şərəf sayırdıq. Baxmayaraq ki, hələ silah-sursatımız da az idi, avtomatlar təzə-təzə paylanırdı...

İlk döyüş

Nəhayət, komandirimiz Yavər Babayevin əmrilə bir-neçə saatdan sonra həmin yüksəkliyə qalxdıq. Yüksəklik o qədər əlverişsiz idi ki, kiminsə ora çıxması ermənilərin ağlına gəlməmişdi. Bəlkə elə ona görə buradakı döyüş postlarının yiyəsiz olduğunu gördük. Orada xeyli şərab şüşələri, manqallar, bir hərbi çadır və o çadırın içində dəstəkli rabitə cihazı vardı. Bu rabitə cihazı ilə onlar birbaşa Xankəndilə əlaqə saxlayırmışlar.

Yüksəklik hardasa bir kilometr uzunluğunda olardı. Ermənilər səhər, günorta və axşam bizi atəşə tuturmuşlar ki, postlarının yiyəsiz olması diqqəti çəkməsin. Bir müddətdən sonra, saat 11-12 radələrində, qara tentli Kamazın gəldiyini gördük. Məlum oldu ki, ermənilər artıq bizim gəlişimizdən xəbər tutublar.

Zirvədə qövsvari mövqe tutduq: Yavər, Çingiz, Səttar, Baris, Tahir, Bədəl, Maşallah, Asəf, Rizvan, Qələmdar. Kimlərinsə adını unutmuşamsa, qoy məndən inciməsin, üzrlü saysınlar...

Bölüyün ilk şəhidi

Nə isə, atışma başladı.
Payızın gəlişi asta-asta hiss edilirdi. Qarşıdan ermənilərin səsini artıq açıq-aydın eşidirdik. Onların bir-neçəsini şumluqda öldürdük. Bundan vahiməyə düşən düşmən sahəyə od vurdu. Hər tərəfi tüstü bürümüşdü, göz-gözü görmürdü. Ermənilər isə böyük qüvvə ilə irəliləyirdilər. Bizim ilk şəhidimiz Çingiz o vaxt nişanlı idi, cəmi 21 yaşı vardı. Yanğını söndürənlərə kömək edəndə düşmən snayperinə tuş gəldi.
Bu minvalla 3-4 saat qızğın atışma getdi. Ermənilərə əlavə kömək gəldiyi üçün Çingizin meyitini götürüb geri çəkilməyə məcbur olduq. Bir-bir geri çəkiləndə mənim silahım iki ağacın arasında iliş qaldı. – Bu anlarda müsahibim həyəcanını boğa bilmir, Allahın ona verdiyi macalı - sağ qalmasını İlahinin bir lütfi kimi dəyərləndirir: - Avtomatım təqribən məndən 10-15 metr aralıda, yüksəklikdən sallana-sallana qalmışdı. Bir tərəfdən ermənilərin açıq-aydın eşidilən səsi, digər tərəfdən də, alaya silahların təzə paylanması və onsuz da silah çatışmazlığından əziyyət çəkməyimiz, məni tərəddüd içində qoymuşdu. Axırda qərara gəldim ki, nəyin bahasına olursa olsun, silahımı mütləq götürməliyəm. Axı mənə, həm də etimad göstərilmişdi. İkinci döyüşdə silahı itirmək, bir əsgər kimi şəxsi nüfuzuma xələl gətirə bilərdi. Ona görə də ölümü gözümə alıb sürünə-sürünə geri qayıtdım, silahımı götürdüm.

Beləcə, geri çəkildik və dağın quzeyində axşama kimi gözləməyə məcbur olduq. Çünki ermənilər ərazini fasiləsiz atəş altında saxlayırdılar. Şirin Mirzəyev bizim geri çəkildiyimizi eşidən kimi ZDM-i köməyə göndərdi. O zirehli maşını Hidayət idarə edirdi...

Ağdərənin Umudlu kəndi taborun həyatından qırmızı bir xətt kimi keçib, Rafiq Qarayevin yaddaşında unudulmaz xatirələrlə qalıb. Müsahibim Umudlu savaşını keçdiyi döyüş yolunun ən ağır sınağı kimi elə dəqiqliklə təqdim edir ki, istər-istəməz özünü o günlərin içində hiss etməyə bilmirsən:

- Bir müddətdən sonra, dekabrın axırı, yanvarın əvvəllərində bizimkilər Ağdərənin Umudlu kəndinə gedəsi oldular, - Rafiq müəllim ağır döyüş məcaraları ilə dolu Umudlu olaylarına belə körpü atır və bizi də özü ilə birgə o günlərin canlı iştirakçısına çevirir. - Şirin Mirzəyevin bir devizi vardı: "Azərbaycanın hər qarış torpağı bizim Vətənimizdir". Məhz buna görə də Umudlunun müdafiəsini öz üzərinə götürmüşdü. Bizdən qabaq orada Bakıdan gəlmiş könüllülərdən ibarət bir tabor döyüşürdü. O taborda nəsə hadisə baş vermişdi. Ona görə də həmin hissəni dəyişmək lazım idi. Yeri gəlmişkən, Ağdamın öz ərazilərindən başqa biz həm də Xocavəndin Əmralılar, Kurapatkin, Ağdərənin Sırxavənd kəndlərini də ya qoruyurduq, ya da əlavə kömək kimi oradakı qüvvələrə yardım edirdik. Şirin Mirzəyevin sevdiyi taktikalardan biri də o idi ki, qorunan ərazilərə daha çox yerli adamları cəlb edirdi. Məqsədi etibarlı müdafiə xətti qurmaq idi. Buna görə də hər zaman öz əsgərlərinin önündə gedirdi və bununla, ətrafındakılara, xüsusilə, yerlərdəki komandirlərə şəxsi nümunə göstərirdi. Ümumiyyətlə, peşəkar zabit kimi öz dəyərli məsləhətlərini bizdən heç vaxt əsirgəməzdi.

"Qısa müddətdə Komandirin səs-sorağı çox yerə yayıldı"

Şirin Mirzəyev sadə, tələbkar və təvazökar bir Komandir idi. İnsanları özünə inandırmağı bacarırdı. Elə ona görə də ətrafına toplaşanların sayı durmadan artır, bölgədə yüksək nüfuz qazanırdı. Onun yanında olmaq, həqiqətən, əsl şərəf idi. O bizim valideynlərimizi əvəz edirdi. Özünü fərqləndirməzdi. Yediyimizi yeyər, geydiyimizi geyinər, yatdığımız yataqda yatardı. Yemək vaxtı ilk növbədə mətbəxə nəzarət edər, sonra gəlib öz əsgərlərilə bir masa arxasında əyləşərdi. Heç vaxt özünü əsgərlərindən ayırmazdı. Tələbkar idi. Amma tabor yeni-yeni formalaşanda bizə bir az sərbəstlik vermişdi. Deyirdi ki, tam təchiz olunandan sonra, sizdən də hər şeyi nizamnaməyə uyğun tələb edəcəyəm.

Qısa müddətdə Komandirin səs-sorağı çox yerə yayıldı. Təbii ki, biz də bununla fəxr edirdik. - Müsahibim hiss və həyəcanını boğa bilmir, verəcəyim sualları gözləmədən sanki hər şeyi diqqətimə çatdırmağa çalışır və bu zaman ən adi detalları belə xüsusi vurğu ilə qabardırdı. - Şirin Mirzəyev ərazi özünümüdafiə taboru ilə əhali arasında çox etibarlı bir birlik, əlaqə, vəhdət yaratmışdı. İnsanlar bir-birinə arxa-dayaq olur, son tikələrini də qardaş kimi bölüşürdülər.

"Silahlarımızı çörək kisələrinin içində gizlətdik ki, görməsinlər"

Beləliklə, 1992-ci il yanvar ayının sonlarında biz Umudluya yollandıq. Əvvəllər, yəni dekabrın axırlarından oradakı döyüşçülər növbəli şəkildə dəyişdirilirdi. Sonradan gediş-gəliş çətinləşməyə başladı. İki həftədən bir dəyişdirilən qüvvələr, artıq əvəz edilmirdi. O üzdən Umudluya göndərilən sonuncu qrupun gələcək taleyi, hamı bilirdi ki, məlum deyil. Bizim bölükdən ora üç nəfər ayrıldı. Onların arasında mən də vardım. Baxmayaraq, Şirin Mirzəyev tapşırmışdı ki, məni ön xəttə göndərməsinlər, təkid etdim və Yavər Babayevin razılığını aldım.

Gəncə hava limanına getdik. Ancaq bizə vertolyot vermədiklərinə görə bir gün burada qalası olduq. Silahlarımızı çörək kisələrinin içində gizlətdik ki, görməsinlər. Rus əsgərləri bizi təpədən-dırnağa kimi yoxlayırdılar.

Nə isə, səhəri gün bir vertolyot, iki "krokodilin" mühafizəsində Umudluya uçduq. Şirin Mirzəyev hərbi vertolyotda idi. Enişdən sonra biz mülki vertolyotdan düşəndə, bir-bir həm hamını sayır, həm də əsgərlərə son tapşırıqlarını verirdi. Məni görən kimi əhvalı dəyişdi və dərhal soruşdu ki, səni buraya kim gətirib, axı mən tapşırmışdım, gənc əsgərləri döyüşə göndərməsinlər. Dedim, mən özüm könüllü gəlmişəm. Onsuz da daha gec idi. Yerimə başqa adam gələ bilməzdi...

"Son nəfəsimizədək döyüşməyə, şəhid olmağa hazır idik"

Fevralın 28-dək orada qaldıq. Bu arada Umudluya heç bir kömək göndərilmədi. Üçüncü postda dayanmışdıq: mən, Şirin Mirzəyevin qardaşı oğlanları Həsənlə Gündüz, Məhəmməd və Çingiz. Məhəmməd yerli sakin idi. Sonradan Umudludan çıxanda o bizə çox kömək etdi. - Rafiq müəllim arada dərin fikrə gedir, məni unudur və o günlərin ağır, keşməkeşli sınaqlarını sanki öz ürəyində yenidən yaşayırdı. - Vəziyyət kritik idi. Ərzaq ehtiyatımız, sursatımız tükənmişdi. Əsgərlərinə psixoloji təzyiq yolu ilə Şirin Mirzəyevi sındırmaq istəyirdilər. Amma buna baxmayaraq, biz Şirin Mirzəyevə bütün varlığımızla inanırdıq. Son nəfəsimizədək döyüşməyə, şəhid olmağa hazır idik. Çünki Komandirin öz canını Vətən yolunda fəda etməsini gözlərimizlə görürdük...

Vəziyyət belə olanda anladıq ki, bizim istəyimizdən asılı olmayaraq kənd artıq boşaldılmalıdır. Əhali vertolyotlarla çıxarıldı. Əsgərlərin bir qismi də onlarla birgə geri göndərildi. Amma bizə - 18 nəfərə yer çatmadı. Fəxrəddin Rəcəbov da qərargahda qalmışdı.

Qərargaha gələndə axşam idi. 12 nəfər gənc əsgər və 6 nəfər yaşlı döyüşçü, bir də 5 nəfər kənd sakini qalmışdı Umudluda. Artıq ermənilər də duyuq düşmüşdülər, kəndə hücum planlaşdırırdılar. Hər postda bir nəfər qalmaqla heç nə edə bilməzdik. Bu, mənasız bir addım olardı. Ona görə də dağlara çəkilmək, kömək gözləmək qərarına gəldik. Sonra yenidən kəndə qayıtmaq niyyətində idik.

"Təslim olmaq fikrimiz yox idi"

Rabitə əlaqəmiz də yox idi. Fəxrəddin dedi ki, gənc əsgərlərlə ermənilərin postuna hücum edib mühasirəni yara bilmərik. İtkilərimiz çox olacaq. Ona görə də dağlara çəkilmək, Murov istiqamətindən Kəlbəcərə getmək qərarına gəldik. Bu, vaxtında verilmiş düzgün qərar idi...

Umudlu müdafiəçilərinin üzləşdiyi növbəti ağır çətinliklər də bundan sonra başladı. Günlərlə uzanan aclıq, keçilməz qayalar, qar-çovğun və nəhayət, qeyri-müəyyənlik onları tamam haldan salmışdı. Bütün bunları gənc əsgərin dilindən eşitmək və o günlərin məhrumiyyətlərlə dolu ağır sınaqlarını başa düşmək o qədər də çətin deyil. Rafiq Qarayev danışdıqca haldan-hala düşür, keçdikləri döyüş yolunun ağırlığını ən incə detallarınadək çatdırmağa çalışırdı:

- Kənddən çəkiləndən sonra xeyli yol getdik. Yüksəkliyə qalxdıqca qar daha da qalınlaşır, şaxta sərtləşirdi. Aclıq da bir tərəfdən bizi haldan salmışdı. Kəndə qayıtmaq isə çox təhlükəli idi. Səhərə yaxın gənc əsgərlərdən 3 nəfəri artıq yeriyə bilmirdi. Ayaqları tutulmuşdu. Bu da bizim hamımızın həyatı üçün ciddi təhlükə mənbəyi idi. Murovun xırda zirvələrini aşıb aşağı enməyə başladıq. Hava yavaş-yavaş işıqlaşırdı. Bu vaxt vertolyotların gəldiyini gördük. Özümüzü tanıtmağa Fəxrəddin Rəcəbov icazə vermədi. O vaxt ermənilər özlərini azərbaycanlılar kimi təqdim edib çoxlarını aldadırdılar. Amma vertolyotda, həqiqətən də, Şirin Mirzəyev imiş, bizi axtarırmış. Yenidən Umudluya gəlibmiş. Bizi tapa bilməyib ətrafı gəzirmiş.

Biz də vertolyotlara özümüzü tanıtmadıq. Beləcə, onlar da gözdən itdilər. İki gün yol getdik. Azuqəmiz tamam tükənmişdi. Çay qırağında itburnu tapıb başımızı aldadırdıq. Fəxrəddin bəy bizi qruplara böldü ki, kimsə bir tərəfə çıxa bilsə, qalanlara kömək gətirsin.

Biz Məhəmmədlə altı nəfər bir bölündük. Ayrılandan sonra bir gün də yol getdik. Artıq 4-cü gün idi ki, ac-susuz idik. Yaylaq yerinə çatanda ayaq barmaqlarımı don vurdu. Ancaq hamımız sinəmizdən bir patron assaq da, ruhdan düşməmişdik. Ölsək də, erməniyə təslim olmaq fikrimiz yox idi.

"Hamı bir-birinə doğma qardaş kimi sarıldı"

Beşinci gün səhərə yaxın bir şum yerinə çatdıq. Düz kəndin üstündəki posta gəlmişdik. Məhəmməd dedi ki, siz mövqe tutun, nə qədər atışa bilirsinizsə atışın. Amma Şirin Mirzəyev bütün postlara bizim haqqımızda məlumat veribmiş. Xəbərdarlıq edibmiş ki, mənim əsgərlərim dağlardadı, ehtiyatlı olun, birdən onları vurarsız!..

Məhəmməd təqribən bilirdi ki, gəlib çıxdığımız kənd Ağdabandır, amma dəqiq əmin deyildi deyə, özü irəli getdi ki, vəziyyəti tam öyrənsin. Sürünə-sürünə şumluqdan irəli keçdik. Gördük kənd aşağıdadı, amma qayanın yanında adamlar dayanmışdı. İmkan daxilində bir-birimizi müdafiə etmək məqsədilə hərəmiz bir mövqeyə çəkildik.
Bu vaxt qayanın dibindən çıxan adamlar bizi görsələr də, özlərini itirmədilər, biz də təhlükə hiss etmədiyimiz üçün soruşduq ki, bu, hansı kənddi? Biləndə ki, Ağdaban kəndindəyik, qollarımız tamam boşaldı. O səhnə indi də gözlərimdən çəkilmir. Hamı bir-birinə doğma qardaş kimi sarıldı.

"Beş gün ac-yalavac yol gəldik"

Söhbətin bu yerində müsahibim bir anlıq fikrə gedir və əməlli-başlı kövrəlir. Bu kövrəklik yalnız o günlərin ağır sınaqlarından sağ-salamat çıxdıqlarına görə deyil, əksinə, yenidən doğma torpaqların müdafiəsində dayana bilmək üçündü. Onlar belə döyüşürdülər, onlar belə yaşayırdılar...

Bir dəfə də olsun Rafiq Qarayevin sözünü kəsmədim. Fikirləşdim ki, bu fasiləsizliyin özü də xidmətin dinamikliyini, gərginliyini oxucuların diqqətinə çatdırmaq üçün əla bir fürsətdir. Budur, yenə də söz Rafiq müəllimindir:

- Bizi Ağdabanda Firdovsi müəllimin evinə gətirdilər. O da bizi öz doğma qardaşı kimi qarşıladı. Acından ayaq üstə dura bilməsək də, bizi çox yeməyə qoymadılar. Beş gün idi ac-yalavac yol gəlirdik. Axşam saat səkkizdə xəbər verdilər ki, ikinci dəstənizi də gətirirlər. Fəxrəddinlə Əfqanıstan veteranı Eldar bir az yaxşı idi, amma qalanlarını soyuq tamam əldən salmışdı. Onların hər ikisinin mühasirədən çıxmağımızda əziyyəti böyük oldu.

"Biz otağa girəndə Şirin Mirzəyevin gözləri doldu"

Kəlbəcərə gəldik. Arkadaş (Fəxrəddini hamı belə çağırırdı) komandirlə danışdı. Ağdama gələndə ayaqlarımız tamam yara idi. Ona görə də döyüş əməliyyatına getmədik. Martın 4-də tabora gələndə alayda xeyli silah-sursat gördük. Vəziyyət tamam fərqli idi. Biz otağa girəndə Şirin Mirzəyevin gözləri doldu. Hamımızı bir-bir bağrına basdı...
O bizə tamam fərqli yanaşırdı. Dedi ki, gənc əsgərlər, mənim gələcək zabitlərim, komandirlərim, bu sınaqdan uğurla çıxdınız. O bizi ali hərbi məktəbə oxumağa göndərmək niyyətində idi. Hər birimizə pul mükafatı və təzə "əfqan" forması hədiyyə etdi. Sonra bizi müalicəyə göndərdi, dedi ki, sağalan kimi yanıma gəlin, gələcək xidmətinizlə bağlı qərarı da onda verəcəm.

"Mənim hərbi biletimdəki şəklim əsgər formasındadır"

Uşaqlar Qazançı əməliyyatına getdilər, biz də müalicəyə. Ayaqlarımın yarası dərin olduğu üçün Mahrızlıya hospitala gəldim. Aprelin sonu, mayın əvvəlləri olardı. Müalicəmi bitirib Şirin Mirzəyevin qardaşı oğlu Mübarizlə tabora gəldik və xidmətimizi davam etdirmək fikrində olduğumuzu bildirdik. Artıq alay yaradılmış və Şahbulağa köçmüşdü.

Şirin Mirzəyev yenə bizi bağrına basdı. Burda bir faktı da deyim ki, şəxsi heyətin siyahısında mənim adım yox idi. Ona görə də bu haqda Komandirə məlumat verdim. Bizi Mustafa müəllimin yanına göndərdi. Mənə hərbi bilet verildi. Elə ona görə bugünkü gündə də mənim hərbi biletimdəki şəklim əsgər formasındadır.
Tədris taborunda məndən qarantini keçib-keçmədiyimi soruşanda, Mirzəyev dedi ki, o artıq qarantini döyüşdə keçib, hərbi andını da orada içib. Biletimi alandan sonra nümunəvi xidmətimi nəzərə alıb məni Şahbulaqda komendant bolüyündə, taqım komandirinin müavini təyin etdilər. Tabeliyimdə 16 əsgər vardı. Həqiqətən də, özüm utanırdım. Axı ordu sıralarında 6-7 ay idi xidmət edirdim. Ancaq Şirin Mirzəyev xüsusilə sınaqdan alnıaçıq, üzüağ çıxan əsgərlərini həmişə yüksək qiymətləndirirdi. Onları gələcəyə həvəsləndirirdi. Yəni, mənə çox böyük etimad göstərilmişdi. Akif Gülmalıyev komandirim idi...

Komendant bölüyündə olsaq da, Sırxavənd əməliyyatında postların qurulmasında biz də iştirak etmişik. Şirin Mirzəyevin də mühafizəsində olmuşam. Bağbanlar, Mərzili istiqamətində, Gülablının alt hissəsində, Aranzəmin istiqamətində döyüşlərdə iştirak etmişəm. Komandir həlak olandan sonra da həmin istiqamətlərdə döyüşlərimiz oldu.

Çünki əsgər qıtlığı vardı...

"Şirin Mirzəyev bütöv AZƏRBAYCANLI idi"

Mənim komandirim həmişə öndə addımladığı üçün, biz ruh yüksəkliyilə döyüşlərə gedərdik. Qorxubilməz əsgərlərimiz vardı. Hamı bu böyük insanın adını uca tutmağa çalışırdı. Hətta atam deyirdi ki, oğul, məndən çox sizi komandiriniz istəyir. Ona görə də atam onun yanına 2-ci dəfə getməyə utandı. Atamın sözlərinə anam da həmişə qahmar çıxardı. O vaxt ölkədəki xaosdan fərqli olaraq, bizim alayda məhz Mirzəyevin böyük əziyyəti, xidmətləri sayəsində ciddi nizam-intizam vardı. O bütöv AZƏRBAYCANLI idi. Öz Vətənindən ötrü canını fəda etdi. Onun yolunda təkcə mən yox, bütün alay ölməyə hazır idi.

Şirin Mirzəyev peşəkar kadr kimi hərbin bütün incəliklərinə bələd idi. Mən şahidəm ki, o, tapançadan necə sərrast atəş açırdı. Qəfildən geri dönüb hədəfi dəqiqliklə vurur və deyirdi ki, hər bir zabit bunu bacarmalıdır. O, Azərbaycan xalqının sədaqətli oğlu idi. Elə xalqın da "kisəsindən" getdi.

Böyük arzuları vardı. Ağdamı da ona görə seçmişdi ki, bütün Qarabağın müdafiəsini təşkil etsin. Ağdərənin, Xocavəndin müdafiəsinə qismən də olsa, qatılmışdı. Onun sağlığında Ağdamın bir qarışı da alınmamışdı, əksinə, ərazilərimizin bir qismi düşməndən azad edilmişdi. Məsələn, Aranzəmin, Ağbulaq iki saata ermənilərdən təmizləndi. Ancaq ona sonradan kömək göndərilmədi. Niyə? Çünki bəziləri Şirin Mirzəyevi sevmir, vahid komandanlıq altında birləşmək istəmirdi.

Bunlar faktdır, həqiqətdir və bunları olduğu kimi yazmaq lazımdır ki, gələcək nəsillər görsün. Görsünlər ki, Şirin Mirzəyev kimi qəhrəmanlar Babəkin, Xətainin layiqli davamçılarıdır. Bu qəhrəmanın ayağı dəyən yerə biz başımızı qoymağa hazır idik. Düzdür, Azərbaycan xalqı heç vaxt Qarabağ itkisilə barışmayacaq. Ancaq təəssüf edirəm ki, Şirin Mirzəyevin arzuları yarıda qırıldı...

Üç il cəbhədə döyüşən Rafiq Qarayevin – alayın ən gənc əsgərinin döyüş hekayəsi bax beləcə başa çatır. Amma bu, son deyil. Müsahibim bu gün də Qarabağ uğrunda silaha sarılmağa, döyüşməyə hazırdır. Elə döyüşür də. Unudulmaz Komandiri, Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevə, Qarabağ qazilərinə, müharibə əlillərinə, veteranlara göstərdiyi diqqət və qayğı ilə...

İbrahim İbadoğlu (RÜSTƏMOV)
Bağla X