12:55
(077) 610-22-33

“Kiçik padşahlar”ın “səmimiyyəti”

  • >
5 718 2 Mart 2015 15:40 | Cəmiyyət

Tofiq Hüseyn



Biz onunla eyni vaxtda oxumuşduq, ayrı-ayrı fakültələrdə... İş elə gətirdi, eyni şəhərdə də yaşayıb işləyəsi olduq. Milisdə müstəntiq idi. Dolanışığı-güzəranı pis deyildi .Özünə əla komfort yaratmışdı. Maşını, evi, bahalı geyimləri, yüksək təbəqədən olan əhatəsi və. s Amma elə bil yenə də nəyisə çatışmırdı. Deyirdi mən uşaqlıqda tez-tez xəyala dalırdım. Fikirləşirdim ki, böyüyəndə kaş elə bir vəzifəm olaydı, barmağımı düymələrdən birinə basanda yemək-içmək, o birinə basanda rəqqasələr, başqa birinə basanda xanımlar gələydi hüzuruma... Kefə baxaydım özümçün. Böyüyüb hüquq fakültəsini bitirdim, əlimdə imkanlar oldu, ancaq xəyalımda qurduğum o cənnət məkana çata bilmədim. Başa düşdüm ki, həmin məkana çatmaq üçün müstəntiq, prokuror yox, gərək rayonda Birinci Katib olasan. Ancaq Birinci Katib... Yalnız və yalnız bu vəzifə ilə xəyalımda qurduğum aləmə qovuşmaq olar.

Onun dediklərində həqiqət var idi. Sovet dövründə birinci katibləri "kiçik padşah" adlandırırdılar. Əllərində həqiqətən qeyri-məhdud səlahiyyətlər var idi.

Sonra bir formasiya digəri ilə əvəz olundu. Birincilərin yerinə icra başçıları gəldi. Forma dəyişsə də, məzmun dəyişmədi. Görünür, idarəetmənin başqa üsulunu tapmaq mümkün olmadı. Eybi yox. Qoy olsun. İnsafən müstəqilliyimizin ilk illərində bu vəzifənin daşıyıcıları özlərini nisbətən səliqəli aparırdılar. Dükan-bazara çıxır, şikayətçiləri qəbul edir, adamlara qaynayıb-qarışırdılar. Yadımdadır, Sabirabadın icra başçısı var idi, Əşrəf Məmmədov. Son dərəcə ziyalı, savadlı, mədəni bir adam. Həm də elmlər namizədi.

Bir dəfə səhər çağı Sabirabadda idim. Baş meydanda dayanmışdım. Adamlar dəstə-dəstə yanımdan keçib işə tələsirdilər. Camaatın arasında birdən gözümə tanış sima dəydi - İcra başçısı idi. Pay-piyada, qoltuğunda qovluğu işə tələsirdi. Özü də kimlərlə? Bazara-dükana gedən, beş-on manatlıq iş dalınca kiminsə qapısına yollanan, iqtidardan-müxalifətdən olan, yaşayışından-güzəranından razı-narazı adamlarla eyni sırada, çiyin-çiyinə... Gördüyümü rayondakı dostlarıma danışanda onlar Əşrəf müəllim barədə daha maraqlı faktlar söylədilər. Dedilər ki, sən hələ onu kəndlərə gedəndə görəsən. İdarədə-filanda oturmur, kənd camaatının ən çox toplaşdıği yeri soruşub ora gedir. Qoymaz ki, stul-zad gətirsinlər. Lap elə quru bir kötüyün üstündə oturub adamlarla söhbət edir, iclasda danışılmalı olanlari açıq havada, uşağın-böyüyün iştirakı ilə müzakirəyə çıxarır. Hamının başa düşdüyü, aydın, səmimi şəkildə.

Əşrəf müəllim daha icra başçısı olmasa da Əşrəf müəllim kimiləri indi də az deyil. Onların arasında mənim dostlarım da var. Təəssüf ki, tanıdıqlarımdan bir çoxunun həyatı, işi, davranışı başqa tərzdədir. Gəlin onlara daha "kiçik padşah" deməyək. Onlar Prezidentin bölgələrdəki səlahiyyətli nümayəndələridir. Dövlət başçısının etimadı ilə yerlərdə əhalinin dərd-sərinə qalmalı, yananın üstünə su tökməli, imdad diləyənin harayına çatmalı olan mənsəb sahibləridir.

Əlbəttə, mən onların işinə qarışıb münasibət bildirmək fikrində deyiləm. Sadəcə davranışlarında bəzi müşahidələrimi imkanım daxilində qələmə almaq istəyirəm. Məsələn, İcra aparatında tanıdığım birisinin vəzifəsini gözlənilmədən böyütdülər. Elə böyük qanacaq, qabiliyyət sahibi deyildi. Bəs səbəb nə idi? Məndən başqa demə səbəbini hamı bilirmiş.İcra başçısının "məsləhət" bildiyi kadr şikayətə gələnləri qapıdan qaytarıb öz şefini başağrılardan mümkün qədər daha çox qoruya bilmək qabiliyyətinə malik imiş. Şəxsi müşahidələrimdən biri belə.

Əşrəf müəllimin işə gəlməyini təsvir elədim. Amma başqa cür gələnlər də var. Deyək ki, saat 10 - başçının işə gəlməli olduğu vaxtdır. Dəhlizdə-filanda heç kəs gözə dəymir. Hamı gərgin halda öz otağına girib qapını bağlayıb. Köməkçi binanın qarşısında dayanıb. Maşın gəlir, köməkçi qapını açır, becid hərəkətlə maşından qovluğu götürür, başçını düz kabinetin qarşısına qədər müşayiət edir. Bu dəqiqələrdə digər qapılardan birinin ağzında kimsə görünsə, başçı öz kabinetinə keçənə kimi həmin adam elə qapının ağzında da dayanıb gözləməlidir. Bu, "böyük-kiçik", "ədəb-ərkan", "nizam-intizam" məsələsi deyil, idarədə yaradılmış gərginliyin tipik nümunəsidir.

Rayonda növbəti tədbir-hüzn günü idi. Vətən yolunda öz canını fəda etmiş şəhidlərin məzarı ziyarət olunurdu. Camaat qəbirəstanlığa toplaşmışdı. Hamı rayon rəhbərini gözləyirdi. Bir azdan gəlib çıxdı, amma necə... Dövlət Avtomobil Müfəttişliyi maşınlarının əhatəsində, polisin müşayiəti ilə... Şəhid qəbirlərinin sayı az idi. Başçı qəbirlərin üstünə gül qoyurdu. Bu müqəddəs və xeyli asan, həm də savab işi təkbaşına görə bilərdi. Amma yox, bir nəfər yanı ilə addımlayır, gülü rəhbərə verir, rəhbər gülü qəbirlərin üstünə düzürdü. Mən, gül verənlə gül düzənin yaş fərqini müəyyən etməyə çalışdım. Yaşıd olardılar.

Söhbəti uzatmıram. Bunlar adi müşahidələrdən doğan acı təəssüratdır. Adi olmayan şey isə-bizdə çatışmayan səmimiyyətdir ki, bunların hamısı onun qıtlığından irəli gəlir. Bir az səmimi olaq, qardaşlar. Səmimiyyət ən böyük vəzifələrin fövqündə durur.

Tofiq Hüseyn, Əməkdar jurnalist
Bağla X