“Dostlarım var olsun ki, qaranlıqda qoluma girirlər” “Dostlarım var olsun ki, qaranlıqda qoluma girirlər”

"İki arzum var, birinə mütləq çatacam" – Ceyhun Musaoğlu

“Dostlarım var olsun ki, qaranlıqda qoluma girirlər”


"Bundan sonrakı həyat yenidən yaşamaq üçündü".

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun mətbuat katibi, Jurnalist Ekspert Mərkəzinin sədri, tanınmış jurnalist, tanınan və tanınmayan jurnalistlərin dostu, üzü daima gülümsəyən Ceyhun Musaoğlunun ad günüdü.


O, 40 yaşını qeyd etdiyi gündə AzNews.az-ın suallarını cavablandırıb:

- Eşitmişəm ki, ad günlərinizdən xoşunuz gəlmir. Səbəbini deyərdiniz?

- Doğulmağıma sevinirəm, amma onun qeyd olunmasını qəbul edə bilmirəm. İnsanın dəyərinin dünyaya, heç olmasa öz ölkəsinə verdiyi töhfələrlə ölçülməsinin tərəfdarıyam. Bu mənada mən heç kiməm. Van Qoqun, Motsartın, Atatürkün, Heydər Əliyevin, yəni dahi insanların da doğum günü qeyd olunur, mənim də. Yox, onların doğulmağı dünyanı sevincə, fərəhə bürüyüb, bəs mən kiməm? Doğulub, doğulmamağımın arasında hansı fərq var? Olmasaydım belə, dünya dağılmazdı, necə ki, oldum da nə dağıldı, nə də dağılmağının qarşısı alındı. Ömər Xəyyam nəhəngliyindəki dahi deyirdi: "Mənsiz də dünyanın işi keçərmiş, əcabə, mən niyə cahana gəldim?". Halbuki onun cahana gəlməyinin özü töhfədi, ancaq yenə özünə adi insan kimi baxır. Görün indi bu müqayisədə mən hardayam da...

- Deyirlər, 40 yaş 2 igidin ömrüdü. Bu dövr ərzində hansı igidlikləriniz olub? Bəlkə igidlik göstərmək sizin planınızda deyil...

- Biz elə bir vaxtda dünyaya gəldik, mənim yaşadığım həyat elə bir dövrə düşdü ki, orada igidlik göstərmək üçün bircə məqam oldu - Müharibə. Mənsə bu imkandan istifadə edə bilmədim. Ya qorxaqlıq nümayiş etdirdim, ya ümumiyyətlə, igidliyin nə olduğunu başa düşmədim. Görünür, elə başa düşdüm ki, dünya yalnız bu həyatdan ibarətdir. Anlamadım ki, əbədi yaşamaq şansımı itirdim. Amma müharibəsiz həyatda da igidlik etmək olardı. Nə vaxt gəlib dedilər ki, vəziyyət bu qədər gərgindi, buyur, Ceyhun, gəl bu sahədə şəxsi igidlik göstər. İgidlik eləmək mənim qismətimə yazılmayıbmış. Amma yaşayıramsa, ola bilsin ki, 5 dəqiqədən sonra hər hansı hadisə baş versin, nəsə igidlik edib 50 nəfəri xilas edim. Bəlkə olacaq, bilmirəm. Doğrudan da kaş bütün insanlara igidlik eləmək üçün şərait yaradılsın. Kim eləyə bilir, eləsin, eləyə bilmir eləməsin.

- Azərbaycanın bir çox tanınmış jurnalistləri ixtisasca bu peşənin sahibi deyil, ancaq yazılarında heç də bu peşəyə təsadüfən gəlmədiklərini sübut ediblər. Sizcə, jurnalist universitet auditoriyasında yaranır, yoxsa jurnalist olmağın başqa sirri var?

- İstedad heç vaxt sonradan yaranmır. İstedad genlə gəlir. Məsələn, şuşalıların hamısı istedadlıdı. Şuşanın havasında, suyunda sirr var. İstedadlı insan hansı sahədə olursa-olsun yaratdığı hər şeydə istedadını göstərəcək. Məşhur yazıçılar var ki, ixtisasça ədəbiyyatşünas deyillər, birinci təhsillərini, karyeralarını yarımçıq qoyub ədəbiyyata qoşularaq dünyanın ən uca zirvəsinə qalxıblar. Düşünürəm ki, jurnalistika üçün birinci növbədə istedad, ikinci növbədə təcrübə lazımdır. Umumiyyətlə, jurnalistika təhsili anlamı mənə çatmır. Çünki hər şey ortadadır. Jurnalistikada nə keçirlər? Bəyəm sənə xəbərin tərifini öyrədəcəklər? Deyəcəklər ki, xəbər belə yazılır? Kim? Niyə? Harda? Bu suallara cavab verməlisən? Aydın məsələdir ki, sən baş verən xəbəri olduğu kimi yaza bilsən, elə bu suallara cavab vermiş olacaqsan. Bu boyda nəzəriyyəni öyrətməkdənsə, mənə xəbər yazmağı öyrətsinlər. Neft Akademiyasını bitirmişəm. İxtisasımın jurnalistikaya dəxli yoxdur. Ustadlarıma çox minnətdaram, mənə iki ilə xəbər yazmaq öyrədiblər. Jurnalistikanın ən çətin janrı xəbərdir. Xəbər yaza bilməyən jurmalist mümkün deyil ki, köşə yazsın, yaxud müsahibə alsın. Həmin müsahibənin strukturunda nəsə çatışmazlıq olacaq. Çünki bütün dünya, bütün proseslər, bütün kainat xəbərdən ibarətdir. Hər şeyin içində bir xəbər var. Bax, o müsahibənin xəbər dayağı olmayacaq.

- Bu il ölkədə parlament seçiləri keçiriləcək. 2005-ci ildə bu marafona qoşulub parlamentin spikeri Oqtay Əsədova uduzdunuz. Bəxtinizi yenidən sınayıb, Oqtay Əsədovu üstələmək fikriniz varmı?

- Limonat deyil ki, açasan qapağında "bəxtinizi bir daha sınayın" yazılsın. "Oqtay Əsədova uduzdunuz" təqdimatında incə yanlışlıq var. Çünki seçkiyə hörmətli spikerimizi udmağa getməmişdim. Bunu düşünüb seçkiyə gedən insan ancaq anormal ola bilər. Oqtay Əsədova uduzmamaq mümkün deyildi. O, deputat idi, əhatə dairəsi vardı, arxasında o boyda hakimiyyət dayanmışdı. Sualı belə qoyaq: Ceyhun Musaoğlu seçkiyə qalib olmaq üçünmü qatılmışdı? Əlbəttə yox. Namizədliyimi irəli sürmüşdüm ki, məni tanısınlar, bilsinlər, görsünlər. Görsünlər ki, xalqımı çox sevirəm, onu təmsil edəcək, başda, yaşdayam. Namizədlik müddətində qanunla 2 ay təbliğat aparmağa vaxt oldu. Mən özümün yazılarımla yanaşı, dostlarımın, oxuduqlarım dəyərli yazarlarımızın yazılarını da təbliğ edirdim. Buna geniş imkan yaradılmışdı. Hara çatırdım, Ramiz Rövşənin şeirlərini oxuyurdum, Musa Yaqubdan danışırdım, Salamı əzbərlətdirirdim, Anarı, Sabir Rüstəmxanlını təbliğ edirdim. Həmin vaxta qədər Bakı kəndlərində poeziya deyəndə meyxana başa düşülürdü. Onların şairləri Kərimlə Ağamirzə idi. Mən Ramizi oxuya-oxuya şairliyin, şeirin nə demək olduğunu bir daha geniş kütləyə çatdırdım. İndi Mehdiabadın gəncləri, yeniyetmələri, orta nəsil nümayəndələri Ramizdən, Musadan və başqa dəyərli yazarlarımızdan ağızdolusu danışırlar. Bundan böyük qələbə ola bilməzdi. Parlamentə düşmək qələbəsinə bərabər qələbə idi.

- Belə çıxır ki, növbəti seçkidə iştirak etmək istərdiniz?

- Niyə də istəməyim?.. Mənim iki arzum var. Biri icra başçısı olmaq, ikincisi millət vəkili. Bunu bütün dostlarım bilir. Onsuz da arzularımdan birinə mütləq çatacam. Çünki tutduğum yol düzdür, məqsədimi də açıq-aydın tanıyıram, görürəm. Yalanım yox, fırıldağım yox. Qələbəyə gedən yol isə birdir. O yolu çoxdan tapmışam, büdrəmədən gedirəm. Dostlarım var olsun ki, qaranlıqda qoluma girirlər.

- Ölkə jurnalistlərinin hamısı sizi çox istəyir. Özünüzü sevdirməyin reseptini hansı həkim yazıb?

- Təbiət yazıb, xarakter imza atıb. Ailədə gördüyüm tərbiyyə belə olub. Oxuduğum əksər kitablarda insan Allah səviyyəsinə qaldırılıb. Folkner, Sartr, Nəsimi insanın haqq olduğunu təbliğ ediblər. Belə insanları sevməmək günahdı. Mən ətrafımda olan insanları özümdən daha çox sevirəm. Şüarım belədir: "Qoy başqaları yaxşı yaşasın!". Bütün dostlarım da mənim kimi düşünür. Bilirsiz, barmağım kəsiləndə onu bağlaya bilirəm, ürəyim ağrıyanda onu sakitləşdirməyi bacarıram. Mənimdi axı, əlim çatır, ünüm yetir. Amma dostlarımdan birinə nəsə olanda bəzən bundan xəbər tutmuram, bəzən də fiziki, maddi manelərlə rastlaşıb, ona əl uzada bilmirəm. Bax, onda zülm çəkirəm. Deməli, insan özü zülm çəkməsin deyə, başqasını daha çox istəməlidir. Belə həyatı bütün insanlara arzu edirəm. İnanın ki, belə yaşasaydıq, Qarabağı çoxdan alardıq.

- Bir çox insanlar 40 yaşını qeyd etmir. Bu, sınaqdan çıxmış ənənədir. Siz fərqliliyi sevirsiniz və belə də düşünüb, belə də yaşayırsınız. Yəqin bu gün ənənəni dəyişib, dostlarınızı başınıza toplayacaqsınız.

- Dostlarsız bir günüm olmasın. İnsan hər gün ənənə yaratmağı bacarmalıdı. Qoy bizim yığışmağımız da yeni ənənənin əsasını qoysun. Çətini 40-a qədər idi. Bundan sonrakı həyat yenidən yaşamaq üçündü.

Bahar RÜSTƏMLİ
AzNews.az