06:18
(077) 610-22-33

Mən sənsiz ölmədim, məni bağışla... - Faciəvi şəkildə vəfat edən Fuadın xanımı yazır

  • >
6 274 5 Mart 2015 18:03 | Cəmiyyət

Ötən ilin sentyabr ayında avtomobil qəzasında dünyasını dəyişən “Türküstan.net” saytının redaktoru Fuad Abdurahmanlının həyat yoldaşı Lalə xanım, o məşum günlə bağlı yaşantılarını 6 aydan sonra qələmə alıb.


"Türküstan" qəzetinə istinadən həmin yazını təqdim edirik:

Gecənin qaranlığı idi. Qəflətən şimşək çaxmağa başladı... Göyün üzünü qara buludlar aldı. Hələ yağış başlamamışdı. Heç özünün də bilmədiyi qara bir hiss bütün düşüncələrinə hakim kəsilmişdi. Sanki göy üzündəki qara buludlar yavaş-yavaş onun qəlbinə dolurdu. Hələ olacaqlardan xəbəri yox idi.

Başını qatmaq üçün kitab oxuyurdu. Daim həyat yoldaşını fikirləşirdi. Uzaq yola çıxanda həmişə ondan nigaran qalardı. Bu gün də həmin günlərdən biri idi. Ondan xəbər gözləyirdi, çünki hələ də sonuncu mesajına cavab yazmamışdı. "Görəsən, niyə yazmır? Yəqin maşında yuxuya gedib, axı o uzaq yol gedəndə həmişə mürgüləyir" – deyib özünə təsəlli verirdi. Hərdən qara fikirlər onu rahat buraxmırdı. "Yox, ona heç nə olmaz!"

Bu düşüncələr timsalında qəflətən qaynanası Gülnarə ananın telefonu zəng çaldı. Ağlına pis fikir gəlmədi, yəqin bir tanışıdır deyib keçdi. Əslində isə hər şey başqa cür idi. Zəng edən yoldaşının xalası idi. Soruşurdu ki, bu gün Fuad Şəkiyə yola çıxıb? Fuad adını eşidən kimi ayağından yer qaçdı. Bütün bədəni titrədi. Sanki bayaqkı narahat düşüncələrin, qəribə hisslərin cavabını tapırdı. Evdə bir-bir hamıya zənglər gəlməyə başladı... Hamı Onu soruşurdu. Ürək çırpıntıları get-gedə artmağa başladı. Deyəsən, nəsə olmuşdu. Telefonu əlinə alıb tez Ona zəng etdi. O an beynində tək bir şey canlandırırdı. Fuad onun zəngini açıb "canım" deyəcəkdi. Başqa nə ola bilərdi ki? Onun canının başına nə gələ bilərdi ki? Bir anda bütün ümidləri qırıldı... Operatorun səsi qulağında cingildədi: "Bu nömrəyə zəng çatmır". Telefonu yerə çırpıb "Ay Allah, ay Allah" deyə qışqırmağa başladı. Özünü yerə çırpıb sanki imdad dilərmişcəsinə evdəkilərə dedi: "Fuada nə olub? Ona nə olub? Niyə hamı bizə zəng edir? Niyə ona zəng çatmır?" Evdəkilərə dayanmadan suallar yağdırmağa başladı. Hamı onun kimi çaş-baş qalmışdı və nə baş verdiyini anlamağa çalışırdılar. Fuadın anası onu sakitləşdirməyə çalışdı. "Dayan görək, heç nə olmuyub, qızım". Amma bu cavab onu qane etmədi. Çünki artıq nəsə çox pis bir şey baş verdiyindən adı qədər əmin idi! Hissləri onu yanıltmamışdı...

Huşu özündən gedəcəkdi. Növbəti zəng onu özünə qaytardı. "Fuadın olduğu maşın qəzaya uğrayıb, onu Şamaxı rayon xəstəxanasına aparıblar. Vəziyyətindən heç kəsin xəbəri yoxdur. Tez gəlin!" Bunu eşitcək əli-ayağı əsməyə başladı, sanki dünya bir anda başında fırlandı. Qəribə bir ağrı bütün bədəninə hakim kəsilmişdi. Ürək döyüntülərinin səsi qulağına çatırdı.

Bu xəbəri alan kimi evdən hazırlaşıb çıxmağa başladılar. Evdən çıxa-çıxa hamı dua edirdi! "Nə olar, Allahım Fuada heç nə olmasın!" Hamı maşına əyləşdi. Hərənin əlində bir telefon Fuaddan bir xəbər bilmək üçün tanışlara zəng edirdilər. O isə ancaq Fuada zəng edirdi. Qaynatası, qaynanası, qaynının axtarışlarının cavabsız qalması üçün dua edirdi! Axı pis xəbər deyə bilərdilər! "Yox, yox olmaz, mən nə xəstəxanaya, nə də başqa kimsəyə zəng etməyəcəm! Özü mənim zəngimə cavab verəcək!" Qorxurdu... Çox qorxurdu. Hər an kimsə onun pis xəbərini verə bilərdi. Şamaxıya bir saat yarımlıq yol getməli idilər. Şəhərdən çıxmağa yaxın birdən qardaşı ağlına gəldi. "Qoy o da mənlə gəlsin! Qardaşımdı, mənə dayaq olsun". Sonra qardaşını – Ziyanı da götürüb yollarına davam etdilər.

Bayaqdan dolmuş buludlar sanki ağlamağa başladılar. Yağış elə tökürdü ki, tut ucundan göyə çıx! Belə havada maşın sürmək çox təhlükəli idi. Ona görə də, demək olar ki, addım-addım yol gedirdilər. Yolboyu susmayan telefonlar, sorğu-suallar, min cür fikirlər hər yerə hakim kəsilmişdi. Qaynanası dayanmadan oğlunun şəklinə baxıb dua edirdi. O isə həm dua edir, həm də qardaşına qısılıb "ona heç nə olmuyub hə?" – deyə durmadan, dayanmadan soruşurdu. Qardaşı isə ancaq başını yelləyirdi. Sanki hər şeyə hazır olmaq lazım gəldiyini demək istəyirdi. Bu onun ümidlərini daha da qırırdı. Fuadın sağ olduğuna inamı get-gedə azalırdı. Qarşılaşacağı mənzərənin, eşidəcəyi xəbərin dərinliyini düşünüb dəli olurdu. O anın bir yuxu olmasını o qədər ürəkdən diləyirdi ki... heç yaşanmamış bir gecə və hər şey öz axarında... Elə Fuad da onun yanındadır... Amma olmurdu!

Maşın yeyin-yeyin irəliləyirdi. Artıq səbr kasası dolmuşdu. Dayanmadan "Biz nə vaxt çatacayıq, axı?! Bezdim, daha dözə bilmirəm!" – deyirdi. Hamı da onun kimi səbirsiz idi. Hamının üzündən qəm, qəm-qüssə, kədər yağırdı. Sözlər hər kəsin boğazında düyünlənmişdi. Hamı bir şey istəyirdi – onu sağ görmək! Nəhayət, yol getdikcə qısalmağa başladı. Şamaxıya az qalmışdı. Ora çatmağa həm sevinir, həm də pis olurdular. O qədər qarışıq duyğu idi ki... Ya sevinəcək, ya da Tanrıdan həyatlarının ən böyük zərbəsini alacaqdılar!

Nəhayət Şamaxıya çatdılar. Şəhər mərkəzindən keçib rayon xəstəxanasını axtarmağa başladılar. Xəstəxananın yerini dəqiq bilmədikləri üçün yoldan ötənlərdən ünvanı dəqiqləşdirməyə çalışdılar. Çox az qalmışdı... Elə çathaçatda bir polis maşını qabaqlarında peyda oldu. Yəqin xəstəxanaya gedir deyib polis maşınını təqib elədilər. Amma bu yolun onları əslində xəstəxananın morquna apardığından xəbərsiz idilər... Maşın xəstəxananın önündə dayandı. Güclə maşından düşüb göz-gözü seçməyən qaranlığa və səs-küy gələn tərəfə yönəldilər.

Onun bədəni elə titrəyirdi ki... Sanki buzlaqların düz mərkəzindəymiş kimi... Ayaqları getmirdi. O birilər həyəcanla, təşvişlə qabağa tərəf qaçmağa başladılar. "Bir xoş xəbər, sadəcə sağ olduğun desinlər, başqa heç nə istəmirəm, İlahi" – deyə-deyə səs gələn tərəfə yönəldi. O an o qədər zəif, o qədər gücsüz idi ki... Alacağı xəbər bütün həyatını dəyişəcəkdi. Elə xəstəxanın qapısına az qalmış qardaşı və qaynının bərkdən qışqırığını eşitdi, amma inanmadı! "Yox-yox!" – deyə irəli atıldı. Bu qışqırtı səsləri belə onu qara xəbərə inandıra bilməmişdi. Elə qaynanasına çatmağa az qalmış birdən soyuqqanlı, sir-sifəti buz kəsmiş bir qadın onlara yaxınlaşdı. Bu qaynanasının tanışı idi. "Gülnarə, evimiz yıxılıb!!!"

Bir anda donub qaldı. Qohum-əqrəba da artıq onların yanında idi. "Yox, ola bilməz! Ona heç nə olmayıb! Fuad, Fuad" – deyə qışqırıb, sağa-sola şığımağa başladı. Heç kim onu saxlaya bilmirdi. Sanki dəli olmuşdu. Ətrafda heç kim ona güc gələ bilmirdi! Qışqırıb, qışqırıb birdən dayandı. "Qardaşımı istiyirəm" - deyib, gözü ilə onu axtardı. Qardaşı onu qucaqlayıb hönkürüb ağlamağına davam etdi. Amma o ağlamırdı... Qardaşından aralaşıb bir kolluğun dibində oturdu. Gözünü bir nöqtəyə zilləmişdi. O an bütün dünya başına yıxılmışdı. Dünyanın ən böyük müsibəti onun başına gəlmişdi. Sevdiyini, əzizini, həyatının mənasını, keçmişini, gələcəyini, ümidlərini, arzularını hər şeyini birdəfəlik itirmişdi... Həyatının bütün xoşbəxtliyi o an əllərinin arasından uçub getmişdi. Faciəsinin dərinliyini hələ tam dərk eləmirdi. Hələ hər şey çox yeni idi. Hələ onun da bədəni isti idi...

Fuadı onlara təslim etdilər! Onu doğub-böyüdüyü, canı qədər çox sevdiyi doğma Şəki torpağında dəfn eləməyə qərar verdilər. Axı Fuad Şəkini çox sevirdi. İndi isə çox sevdiyi bu torpaqda əbədi yuxuya gedəcəkdi...

O hələ də ağlamırdı. Aldığı xəbərin şokundan çıxa bilməmişdi. Bir kəlməni dayanmadan sayaqlayırdı: "Deyirlər ki, Fuad ölüb!"

Xəstəxananın həyətindəkilər maşınlara doluşdular. Onu dəfn eləməyə aparırdılar. Yol bitib-tükənmək bilmirdi, getdikcə uzanırdı. Sanki torpaq Fuadı qəbul etmək istəmirdi! Axı hələ tez idi! Həm də çox tez... Hələ bütün arzuları, bütün həyatı, gələcəyi qabaqda idi. Hələ heç övladı da olmamışdı. Türkiyədə təhsil alırdılar, gələcəklərini qurmaq üçün oraya üz tutmuşdular. Hələ yolun başında idilər. Amma onun yolu sona çatmışdı. Çıxılmaz bir dalana dirənmişdi. Bütün arzularını, xəyallarını da özü ilə gedər-gəlməzə aparmışdı.

Həyat eşqi çox güclü idi. Yaşayıb-yaratmaq həvəsi, elm-təhsilə olan marağı, dərin intellekti onu hamıdan fərqləndirirdi. Hər kəsə əl tutmağı sevirdi, bir kimsə darda olarsa iki əli qanda da olsa belə özünü çatdırardı. Amma indi onun köməyinə çatan olmamışdı. Həyatın gərdişi onu bu dünyadan alıb birdəfəlik uzaqlaşdırmışdı. İndi o heç kimin əlinin çatmadığı, ününün yetmədiyi bir yerdə idi. İndi o bu dünyanı tərk eləmişdi!

Ölüm! Nə imiş bu ölüm! Necə acı, necə zəhər kimi, zəqqum kimi dadılmaz, həzm edilməz bir məfhummuş, İlahi! Axı niyə belə tez? Arzularının çiçək açan vaxtında heç rəva idimi bu ölüm? Ölüm haqqdımı, həqiqətən? Həm haqqı, həm nahaqqı alır ağuşuna! Amma niyə belə tez?!

Bütün yolu ağlında ancaq bir düşüncə vardı. "İndi mən bir də Fuadı görməyəcəm? Yəni biz onu qara torpağa verəcəyik?!" Şəkiyə çox az qalmışdı. Maşın yanacaqdoldurma məntəqəsində saxladı. Çünki Fuad arxada qalmışdı... axı o həmişə bizə rəhbər idi. Yenə onu gözləyirdik. O bizə yol göstərəcəkdi. O hələ də ağlamırdı. Qardaşı tez-tez çönüb ona baxırdı. Dayanmadan ağlayırdı. Gözü bacısında qalsa da Fuadın faciəsinə dözə bilmirdi. Necə ola bilərdi? Axı onu Şəkiyə elə Ziya özü yola salmışdı!

Qəflətən Rəşadın səsini eşitdi. Dəli kimi ağlayırdı. Rəşad Fuadın xalası oğlu idi. Onu bütün qohumlarından çox istəyirdi. Sanki doğma bir səs eşitmiş kimi onu yanına çağırdı. Deyəsən, yavaş-yavaş şokdan çıxırdı. Rəşadı qucaqlayıb hönlürtüylə ağlamağa başladı.

Fuad gəlib onlara çatmışdı. Tez yola düzəldilər. Fuadı tək qoymaq istəmirdilər. Səhərə yaxın Şəkiyə çatdılar. Oradakı ağlaşma, haray və fəryadların səsi hələ də qulağındadı. Bu acıya necə dözəcəkdi?! Hansı çiyin bu yükü qaldıra bilərdi!

Artıq günorta olmuşdu. Bilirdi ki, artıq onu dəfn edəcəkdilər. Başına gələnlərə inanmırdı. Gerçəkdənmi Fuad artıq yox idi? Ah, o nalələr, o ağılar, o fəryadlar... beynində cingildəyirdi. Onu tabuta qoyanda dözmədi, "Fuad, Fuad" deyə çığırıb əlini qapıya vurmağa başladı. Hamı onu sakitləşdirməyə çalışırdı. Əslində isə bu müsibətin qarşısında heç kimin gücü-taqəti qalmamışdı. Məzarlıq yoluna qədər son dəfə ona baxdı. Bir də heç vaxt onun heç bir nişanəsini görməyəcəkdi. Baxışlarından bir saniyə belə itməsin deyə gözünü qırpmırdı. Onu son mənzilə yola salmışdı...

Gözünü əllərinə zilləmişdi. Boş qalmış əllərində sanki bütün kədərini oxuya bilirdi. Bütün müsibəti iki ovucunun arasında idi.

Onu müqəddəs bayraqla dəfn etdilər. Sən demə arzusu imiş... üstünə də bayraq çəkdilər. Məzarı üstdə daim Fuada suallar verirdi. Deyirdi: "Axı bütün arzularımızı, gələcəyimizi bu balaca məzara necə sığdırdın, Fuad?"

Onu soyuq, tənha məzara qoyub Bakıya qayıtdılar. Əllərindən heç nə gəlmirdi. Ölüm bütün qapıları bağlamışdı. Başqa çıxış yolu yox idi. Bir yolla həyatlarına davam etməyə məcbur idilər. Bundan sonra nə olacaqdı, necə olacaqdı onu heç kim bilmirdi.

Lalə isə əslində hamıdan çox yara aldığına inanırdı. Çünki bu qəfil ölüm onun bütün həyatını, arzularını, gələcəyini, xoşbəxtliyini ondan alıb çox uzaqlara aparmışdı... Bu dərdə dözmək çox çətin idi. Amma o hələ də yaşayırdı. Və hər gün beynində ancaq bu iki misra fırlanırdı:

Mən elə bilirdim sənsiz ölərəm

Mən sənsiz ölmədim, məni bağışla...
Bağla X