09:28
(077) 610-22-33

Mətbuatın “sarı”lıq xəstəliyi... - Azərbaycanda ciddi xəbərlər niyə oxunmur?

  • >
1 944 7 Mart 2015 11:21 | Cəmiyyət

Mətbuat yarandığı gündən ciddi jurnalistika oxucu marağı baxımından “sarı mətbuata” uduzub.


Bu gün də istər dünya, istərsə də Azərbaycan mediasında maqazin xəbərləri, şou-biznes ulduzlarının şəxsi həyatına aid qalmaqallar, yarıçılpaq aktrisa şəkilləri və digər bu kimi xəbərlər ölkənin ictimai-siyasi həyatına aid, taleyüklü məsələlərdən bəhs edən xəbərlərdən daha çox oxunur. Ölkənin ən populyar xəbər portallarında xəbərlərin oxunma sayı arasında müqayisə aparsaq, hər hansı müğənninin həyatında bəhs edən və ya aktrisanın fotosessiyasını təqdim edən xəbərlər, cəbhə xəbərlərindən, siyasi-analitik məqalələrdən daha çox marağa səbəb olur.

Bəs görəsən, media-oxucu münasibətlərindəki bu tendensiyanın sosial-psixoloji səbəbləri nələrdir?

Psixoloq Azad İsazadə bildirdi ki, insanlar öz monoton həyatlarına rəng qatmaq üçün qalmaqallı xəbərlərə daha çox maraq göstərirlər: "Hər insanın öz maraq dairəsi var. Ancaq bu bir həqiqətdir ki, mediada ən çox izlənən qalmaqallı xəbərlərdir, şou xəbərləridir və sairə. Burada bir neçə psixoloji amil var. Birincisi, orta statistik bir vətəndaşın həyatında heç bir hadisə baş vermir. Ona görə də qalmaqallı xəbərləri izləməklə özünü həmin hadisələrin içində hiss etməyə çalışır. Onlar üçün darıxdırıcı gündəlik həyat bir qədər canlanır, özünü iştirakçı kimi hiss edir. Şou-biznes hadisələrini oxumaqla özünü o cəmiyyətin bir üzvü kimi hiss edir. Bu millətdən, dövlətdən asılı deyil. İnsanların maqazin xəbərlərinə olan marağı bütün xalqlara məxsusdur. Əhalinin böyük hissəsi orta səviyyə sayılır və onlar çox sadə və monoton həyat sürürlər. Əhalinin yalnız 1 faizi maraqlı həyat sürür və digər təbəqələrin də diqqəti onların üzərində olur".

Psixoloq bildirdi ki, burada intellektual və qeyri-intellektual ayrı-seçkiliyi aparmaq düzgün deyil: " İnsanlarda intellekt ayrıdır, emosional sfera ayrıdır. Ancaq bu da təsdiq olunub ki, intellekti zəif olan insan daha çox parıltılı xəbərlərin təsiri altına düşür. Acaq bunu birbaşa intellektlə əlaqələndirmək də düzgün olmazdı. Əgər insanın öz həyatı maraqlıdırsa onun üçün şou xəbərləri o qədər də əhəmiyyət kəsb etmir. Ancaq monoton həyat sürən insanlar üçün şou-biznesdə kimin nə geyindiyi, kim necə bəzəndiyi, hansı plastik əməliyyat keçirdiyi də maraq kəsb edir".

Media eksperti Zeynal Məmmədli isə "sarı mətbuat"ın daha populyar olmasında kütlə psixologiyasının əsas rol oynadığını vurğuladı: "Bu məsələdə bioloji amili heç zaman gözardı etmək olmaz. İnsan hər şeydən öncə bioloji varlıqdır, deməli sürü psixologiyası ilə idarə oluna bilər. İnsanları daha çox kütlə psixologiyası idarə edir. Cəmiyyət həyatı insanı bezdirəndə, sosial problemlərdən yorulanda, müxtəlif qaranlıq məqamlarla üzləşəndə, insan cəmiyyət həyatından ayrılıb bioloji həyatına qayıtmağa çalışır. Bu yolla insan kütlə psixologiyasına uyğunlaşır. Bununla da cəmiyyətdəki fərdlər bir-birinə bənzəyir. İnsanlar bir-birindən uzaqlaşdıqca, nifrət etdikcə bir-birinə çevrilirlər. Bu təkcə psixoloji amillə deyil, birbaşa olaraq sosial-psixoloji amillərlə bağlıdır. Avtoritar və totalitar rejimlərdə yaşayan insanlarda bioloji təfəkkür, kütlə psixologiyası daha aktiv olur. Bu səbəbdən insanlar açıq-saçıq, qalmaqallı xəbərlərə, maqazin məlumatlarına daha çox meyl edirlər".

Ekspert bu tipli xəbərlərin daha çox "sarı mətbuat"a və bulvar mətbuatına xas olduğunu bildirdi: ""Sarı mətbuat" mövzunu maraqlı təqdim etməyi daha üstün tutan mətbuatdır. Burada önəmli olan maraqlı olmaq və xəbəri sata bilməkdir. "Sarı mətbuat"da jurnalist tacirə çevrilir. Xəbəri ciddi şəkildə vermək "sarı medianı"n bazarını öldürə bilər. O kütləyə yönəlib və kütlə psixologiyasını əsas götürür. İstənilən qəzetin "sarı" hissəsi ola bilər. Ancaq başdan-başa "sarı mətbuata" çevrilmək qəbul edilə bilməz. Azərbaycanda artıq çox az sayda ciddi mətbuat qalıb, media isə tamamailə "sarı" və bulvar mediasına çevrilib".
Zeynal Məmmədlinin sözlərinə görə, "sarı mətbuat" hər zaman ciddi mətbuatdan öndə olub: "Bütün ölkələrdə bu tendensiya eynidir. Bunun ən böyük səbəbi odur ki, media artıq bir biznes sahəsidir və hər bir media quruluşunun rəhbəri daha çox alıcısının-oxucusunun, tamaşaçısının olmasını istəyir. Bu səbəbdən ən ciddi media orqanları da "sarı" elementlərdən istifadə edirlər. Sarı mətbuat üçün önəmli olan xəbəri doğru yazmaq deyil, tez və daha maraqlı yazmaqdır. Çünki, o bazar psixologiyası ilə işləyir. Daha maraqlı xəbər daha çox satış və maliyyə deməkdir".

AzNews.az saytının redaktoru Elçin Zahiroğlu insanlar düşünmək yox, daha çox əylənmək istəyir: "Mətbuatın qaldıra bildiyi, toxunduğu ciddi mövzularının çox cüzi hissəsinin insanların həyatına aidiyyəti var. Toplum olaraq, maariflənməyə, yeni nə isə öyrənməyə az meylli olduğumuzdan həyatımıza aidiyyəti olmayan həmin ciddi mövzulara vaxt ayırmırıq, daha doğrusu, oxucular ayırmır. Bunu son günlərin statistikası çox yaxşı ifadə edir. Manatın devalvasiyası, qiymətlərlə bağlı xəbərlər şou, əyləncəli xəbərlərdən dəfələrlə çox oxunur. Ümumiyyətlə, bütün iqtisadi xəbərlərin oxunmasınada sıçrayış yaranıb. Niyə? Ona görə ki, bu xəbərlərin oxucuların həyatına təsiri, aidiyyəti var. Bu məntiqlə yanaşanda sual yaranır: bəs niyə insanların həyatına ümumiyyətlə, aidiyyəti olmaya şou xəbərləri və ya verilişləri çox oxunur və ya baxılır? İnsanlar düşünmək yox, əylənmək istəyir. Fikir versəniz, o ölkələrdə şou xəbərlərinə diqqət çoxdur ki, orda insanlar yaxşı əylənmirlər. İnsanların əyləndiyi, öz həyatlarının şousunu yarada bildiyi ölkələrdə heç vaxt bu tip proqramlara, informasiyalara maraq bizdəki həddə deyil. Axı insanlar arzuladığı, amma reallaşdıra bilmədiyi nələrisə informasiyalarda, mavi ekranlardan seyr etməyə çox həvəslidirlər".

Qafqazinfo.az saytının redaktoru Elbrus Ərud isə sualımıza cavabında qısa olaraq bildirdi ki, əsl xəbəri yaza bilirsənsə, o xəbər oxunur.

(musavat.com)
Bağla X