Tarixdə bu gün: 10 mart Tarixdə bu gün: 10 mart

Bu gün Azərbaycan milli teatrının yarandığı gündür

Tarixdə bu gün: 10 mart



Tarixdə bu gün martın 10-da Səfəvi dövləti və Rusiya arasında Gəncə müqaviləsi bağlanıb, Azərbaycan peşəkar milli teatrının yarandığı gündür, SSRİ Nazirlər Soveti Ermənistandakı azərbaycanlı əhalinin Azərbaycana deportasiyası haqqında ikinci qərar qəbul edib.

1735 - Səfəvi dövləti və Rusiya arasında Gəncə müqaviləsi bağlanıb. Səfəvi ordusunun komandanı Nadir xan və knyaz Qolitsın tərəfindən imzalanan müqaviləyə görə, rus qoşunları Xəzəryanı Azərbaycan torpaqlarını (Bakı, Salyan, Dərbənd) tərk etdilər. Bunun müqabilində Səfəvi dövləti rus tacirlərinə güzəştli ticarət şəraiti yaratmaq, Osmanlı ilə müharibədə Rusiyaya yardım etmək barədə öhdəlik götürüb.

1772 - Alman filosofu, filoloq, dilçi və yazıçı Fridrix Şleqel (Friedrich Schlegel, 1772-1829) anadan olub.

1873 - Azərbaycan peşəkar milli teatrının yarandığı gündür. Həmin gün Bakıda böyük maarifçi Həsən bəy Zərdabinin təşəbbüsü, dramaturq Nəcəf bəy Vəzirov və aktyor Əsgər ağa Adıgözəlovun (Gorani) fəal iştirakı ilə Mirzə Fətəli Axundzadənin "Lənkəran xanının vəziri" komediyası səhnələşdirilib. Bir qədər sonra (17 aprel 1873) Axundovun "Hacı Qara" komediyası səhnəyə qoyulub. 10 mart Azərbaycanda "Milli teatr günü" kimi qeyd olunur.

1878 - Görkəmli yazıçı, dramaturq, şair və filosof Mirzə Fətəli Axundzadə (30 iyun (yeni təqvimlə 12 iyul) 1812, Şəki - 1878) Tiflisdə vəfat edib. Yaradıcılığa şeirlə başlayıb, "Puşkinin ölümünə Şərq poeması" (1837) ilə məşhurluq qazanıb. 1850-1855-ci illərdə yazdığı 6 komediya ("Müsyö Jordan və dərviş Məstəli şah", "Molla İbrahimxəlil kimyagər", "Lənkəran xanın vəziri", "Xırs-quldurbasan", "Hacı Qara", "Mürafiə vəkilləri") ilə Azərbaycan dramaturgiyasının, 1857-ci ildə qələmə aldığı "Aldanmış kəvakib" povesti ilə realist Azərbaycan nəsrinin təməlini qoyub.

1915 - İlk azərbaycanlı balerina, SSRİ Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı, pedaqoq, professor Qəmər Hacağa qızı Almaszadə (1915-7.4.2006) anadan olub.

1920 – Azərbaycan Qızıl Aypara Cəmiyyəti təsis edilib. Təşkilat Azərbaycan Xalq cümhuriyyətinin müdafiə naziri, general-leytenant Əliağa Şıxlinskinin təşəbbüsü ilə yaradılıb. Prezident İlham Əliyevin 7 aprel 2008-ci il tarixli sərəncamı ilə martın 10-u Azərbaycanda "Qızıl Aypara günü" kimi qeyd olunur. Azərbaycan Qızıl Aypara Cəmiyyəti 1995-ci ildən Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının üzvüdür.

1939 - Moskvada Şabolovka telemərkəzindən ilk televiziya yayımı başlanıb. Həmin vaxt Moskvada bir neçə yüz televizor vardı.

1940 - Xalq artisti, tanınmış xanəndə Canəli Xanəli oğlu Əkbərov Lənkəran rayonunun Tükəvilə kəndində doğulub. Opera tamaşalarında ("Leyli və Məcnun" - Məcnun, "Əsli və Kərəm" - Kərəm, "Aşıq Qərib" - Qərib, "Şah İsmayıl - Şah İsmayıl və s.) baş rollarda çıxış edib.

1940 - Məşhur Amerika kinoaktyoru, əlbəyaxa döyüş sənəti ustası Çak Norris (Chuck Norris - Carlos Ray Norris) anadan olub.

1948 - SSRİ Nazirlər Soveti Ermənistandakı azərbaycanlı əhalinin Azərbaycana deportasiyası haqqında ikinci qərar qəbul edib. Bununla bağlı SSRİ Nazirlər Sovetinin ilk qərarı 1947-ci il dekabrın 23-də qəbul olunmuşdu. Qərara görə, azərbaycanlı kolxozçuların boşaltdığı ərazilərə xaricdən ermənilər köçürülməli idilər. Azərbaycanın rəhbəri Mircəfər Bağırovun Stalinə müraciətindən sonra qərarın sərt şərtləri qismən yumşaldılıb. 100 minə yaxın azərbaycanlının tarixi torpaqlarından deportasiyasını həyata keçirən bu qərarların təşəbbüskarı SSRİ Nazirlər Soveti sədrinin müavini Anastas Mikoyan idi. 1948-1953-cü illər deportasiyası nəticəsində Ermənistanda 476 azərbaycanlı kəndi boşaldılmışdı.

1958 - Amerika aktrisası Şaron Stoun (Sharon Vonne Stone) anadan olub. "Əsas instinkt" (1992, Ketrin Tramell) filmi ilə şöhrət qazanıb. "Yolayrıcı", "Kazino" və s. filmlərdə çəkilib.