Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz verib. Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz verib.

Azərbaycanda “Şöhrət“ ordenli akademik vəfat etdi

Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz verib.



Azərbaycan Dövlət mükafatı laureatı, Əməkdar memar, "Şöhrət" ordenli, AMEA Memarlıq və İncəsənət İnstitutunun şöbə müdiri, Azərbaycan Memarlar İttifaqının üzvü, akademik Şamil Fətullayev-Fiqarov martın 9-da ömrünün 87-ci ilində vəfat edib.

AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumat Azərbaycan Milli Elmlər Akademiyasının rəsmi saytında yer alıb.

Akademik Şamil Fətullayev-Fiqarov 1928-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. 1953-cü ildə Azərbaycan Politexnik İnstitutunun Memarlıq-inşaat fakültəsini bitirib, 1956-cı ildə AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun aspirantı olub. 1963-cü ildə namizədlik, 1980-ci ildə doktorluq dissertasiyalarını müdafiə edib, 1990-cı ildə professor elmi adını alıb.

Elmi fəaliyyəti dövründə bir sıra mükafatlara layiq görülüb. 1986-cı ildə Azərbaycan SSRİ-nin Şərəf nişanı ordeni, 2000-ci ildə preident Heydər Əliyevin Fərmanı ilə "Şöhrət" ordeni ilə təltif olunub. Həmçinin 2008-ci ildə Polşanın qızıl medalına layiq görülüb...

Azərbaycan memarlığı tarixinin XIX-XX əsr dövrlərinin tədqiqi məhz onun adı ilə bağlıdır. Azərbaycan memarlığı və şəhərsalması tarixi üzrə böyük elmi biliyə malik olan Ş.Fətullayevin yaradıcılığı elmi məktəb olub. Bu məktəbin bazasında Zivərbəy Əhmədbəyov, Qasımbəy Hacıbababəyov, Kərbəlayi Səfixan Qarabağı, Məşədi Mirzə Qafar İzmaylov və s. kimi tanınmış memarlarımızın həyat və yaradıcılığı gənc alimlərimizin tətqiqat obyektinə çevrilib.

Azərbaycan milli memarlıq tarixinin dünya miqyasında təbliği istiqamətində də Ş.Fətullayevin xüsusi xidmətləri olub. O, müxtəlif ölkələrdə keçirilmiş beynəlxalq konfranslarda uğurla çıxış edərək Azərbaycan memarlığını layiqincə təbliğ edib.
Alimin rəhbərliyi altında 15 elmlər namizədi, 4 elmlər doktoru yetişdirilib.

150-dən artıq elmi əsərin müəllifidir. Onlardan "XIX-XX əsrin əvvəlləri Bakının şəhərsalma memarlığı", "XIX-XX əsrin əvvəlləri Azərbaycanın şəhərsalma və memarlığı", "Azərbaycan məscidləri", "İran şəhərləri Qacarlar dövründə", "Bakının Memarlıq ensiklopediyası", "Abşeron memarlığı", "Memar-Məşədi Mirzə Qafar İzmaylov" və s. monoqrafiyalar Azərbaycan memarlıq tarixi üçün dəyərli mənbədir.

Tanınmış alim və səmimi insan Şamil Fətullayev-Fiqarovun xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.

Allah rəhmət eləsin!