01:33
(077) 610-22-33

Hadı Rəcəblini “topa” tutdular: “Müəllim işdən sonra komitə sədri işləsin”

  • >
7 765 12 Mart 2015 13:44 | Cəmiyyət

“Əgər vətəndaş yaxşı yaşamaq istəyirsə, çox işləməlidir.

Əgər bu gün müəllim 150-200 manat maaş alır və dolana bilmirsə, o, işdən sonra da başqa nə iləsə məşğul olmalıdır. Lənkəranın Veravul kəndində Balabəy müəllim adlı bir şəxs var. O, günün birinci yarısı müəllimlik edir, nahardan sonra isə gedib daş hörür, ustalıq edir. Qazandığı pulla da ailəsini saxlayır. O, bunu heç də ayıb hesab etmir. Bunun nəyi pisdir ki?"

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəblinin səsləndirdiyi bu fikirlər cəmiyyətdə etirazla qarşılanıb. AzNews.az məsələ ilə bağlı facebook sosial şəbəkəsində paylaşılan bəzi statusları təqdim edir:

Səbuhi Məmmədli: " Hadı müəllim, Lənkəranın Osakücə kəndinin müəllimi Firavan müəllimə "Palıdlı sahil"inizdə iş verə bilərsinizmi?"

Cavid İsmayıl: "Hadı Rəcəblinin müəllimlərə işdən sonra fəhləlik təklif etməsi niyə qəzəblə qarşılanır ki? Zatən rayon və kəndlərimizdə müəllimlər işdən sonra fəhləlik də edir, inək də sağır, qoyun da otarır, daş da hörür, dərzilik də edir. Yəqin ki, qəzəblənənlər şəhər müəllimlərinə görə od püskürürlər. Çünki rayon və kənd müəllimlərindən fərqli olaraq, onların əlavə qazanc imkanları repetitorluq etməklə məhdudlaşır. Ona görə təklif edirəm ki, Hadı Rəcəbli Bakı müəllimlərindən birini evində qulluqçu, digərini isə Milli Məclisdə katibə kimi işə götürsün. Lənkərandakı "Palıdlı Sahil" istirahət mərkəzində də ofisiant vəzifəsinə yalnız müəllimlər qəbul edilsin".

Niyaz Niftiyev: "Niyə Hadı Rəcəblinin sözünü qəribçiliyə salırsınız? Sovet dövründə də müəllimlər yay tətilini gözləyirdi ki, Rusiyaya xiyar-pomidor aparsınlar, ordan da "paçka-paçka" yağ gətirsinlər. Addım başı örnək gətirdiyiniz Türkiyədə də müəllimlər dərsdən sonra digər işlər görürlər, xüsusən də taksi sürürlər".

Qan Turalı: "Olmazmı ki, müəllim işdən sonra Sosial siyasət komitəsinin rəhbəri olsun?"

Elmin Həsənli: "Bir dəfə Oqtay Əsədov Etibar Hüseynova demişdi: "Sən nə qədər az danışsan, o qədər yaxşıdır". Eynisini Hadi Rəcəbliyə deyən lazımdır".

Vahid Qasimov: "Əslində adam düz deyir. Əlində heç bir sənəti-qabiliyyəti olmayan adamın işsizlikdən-pulsuzluqdan ağlaması mənasızdır. Vaxtında əziyyət çəkməyən tənbəli heç kim havayı saxlayası deyil. İş var bir anbar: kuryer, hambal, süpürgəçi.. Amma biz onu istəmirik. İstəyirik ki, əziyyətə düşmədən, isti yerdə elə-belə oturaq telefon oynadaq. Adımız "security" olsun, maaş da 500 manatdan aşağı olmasın. Nə isə..
İndi gələk müəllimlərə.. Bir məsəl var, deyirlər ki, işinin ustası olanlar öz biznesini qurur, sahibkarlıqla məşğul olur, işini babat bilənlər sahibkarların onların yanında işləyir, maaşlı işçi olur, işinin ancaq adını bilənlər isə həmin işin müəllimliyini edir. Subyektiv olsa da, əslində düzdür. Bunu mən bir sahibkar, işçi və müəllim olaraq açıq deyə bilərəm. Proqramçılığını yaxşı bilən adam kursda (400 AZN), universitetdə (300 AZN), və ya məktəbdə (200 AZN) proqramçılığı öyrətməz... gedər proqramçı işləyər (1000 AZN) və ya heç olmasa xırda sahibkar olar (3000 AZN). Səhv olduğumu fikirləşənlər birinci mənə daşı atsın..
Bu nöqteyi-nəzərlərdən mən hörmətli deputatımızla tamamilə həmfikirəm. Kapitalist cəmiyyətdə əlavə iş məsələsi və istehlak mədəniyyəti məsələləri ilə də elə.. Amma.. Bir əmma var...
Hörmətli deputat qara camaatın vəziyyətini, səhvlərini və nə etməli olduğunu gözəl göstərir. Bəs yaxşı, deputat, millət vəkili, xalqın təmsilçisi, qanunların təkmilləşdirməsi prosesində xalqın müvəkkili olan bu adam özü bu istiqamətdə hansı işlər görüb? Məktəb proqramına din (və ya heç olmasa mənəviyyat) və ya istehlak problemləri, "şopinq edukeyşn" dərslərinin salınmasını təklif edibmi? Yox. Bəs niyə?
İkinci bir sual: Tutaq ki, müəllim, həkim (təqaüdçü, əlil, və.s.) məvaciblərinin artırılması üçün dövlət büdcəsində vəsait bəs eləmir. Bu özü özünə bir cəfəngiyatdır kı, ərazisi 86 min kv.km. hər bir təbii sərvəti olan ölkəmizin illik büdcəsi, ərazisi 65 min kv.km. olan və heç bir təbii sərvəti olmayan Litva ilə eynidir !!!(?!?!?!) Dövlət büdcənin artırılması üçün hansı tədbirlər görür? Və millət vəkilləri bu istiqamətdə hansı işlər aparır!? Bütün məsələ bu..
Nə isə..."

Ərəstun Oruclu: "Əgər müəllim ailəsini saxlamaq üçün əlavə fəhləlik, ustalıq, bağbanlıq, dalandarlıq edirsə, burada həqiqətən ayıb heç nə yoxdur. Ayıb o olardı ki, müəllim ailəsinə çörəkpulu qazanmaq üçün deputatlıqla məşğul olaydı".

Mirmehdi Ağaoğlu: "Hadı Rəcəblini gələn il Davosa göndərmək lazımdır. Mütərəqqi iqtisadi təklifləri var".

Mahir Məmmədli: "Azərbaycana əliqabarlı müəllimlər lazımdır. Bu nədir, hansına baxırsan əlləri hamar. Elə bil məmurdurlar".

Fuad Məmmədzadə: "Hadı Rəcəblinin müəllimlər haqqında dediklərindən sonra yadıma öz maaşının ona bəs etmədiyini deməsi düşdü. Görəsən özü gedib daş daşıyır, divar hörür?"

Qurbanəli Ömər Balıqçıoğlu: "Müəllim işləyəndə (2009-da) paralel olaraq balıqçı fəhlə işləyirdim. Müəllimlikdən 160 AZN, balıqçılıqdan 490 alırdım. Sonradan kollec rəhbərliyi qeyri- rəsmi də olsa ikinci iş yerimin olmasını əsas gətirərək əmək haqqımı 69 manata endirdi. Mən də əsəbləşib özümə böyük bir iş qurdum.
Demək istədiyim odur ki, müəllimlərin fəhləlik etməsi təzə söhbət deyil".

Aqil Ələsgər: "Əziz müəllimlər! Maaşınız azlıq edirsə, Hadı müəllimin 28 may küçəsində sayını belə yaddan çıxardığı obyektlərində fəhlə işləyə bilərsiniz. Ya da Araz kinoteatrı ətrafında hazırda tikinti gedən obyektində dərsdən sonra daş daşıya, qum qarışdıra da bilərsiniz. İşin ağırlığından fəhlələr tez-tez dəyişdiyindən orada sizə iş hər zaman var. Ancaq seçki zamanı Hadı müəllimin xeyrinə karuseldə iştirak etməyi də unutmayın ki, 1822 manat maaş alıb, sizə-dəyərli müəllimlərimizə aldığınız 150 manatla dolana bilməməyinizdən dolayı fəhləliyi rəva görsün..."

Cəlil Cavanşir: "Hadı müəllimi məcburi olaraq uzaq dağ kəndlərinin birinə məllim göndərmək lazımdır. Qoca vaxtında dərsini desin, maaşı qane etməyəndə də günortadan sonra uşaq hazırlaşdırsın, meşəyə oduna getsin, kömür yandırsın, kərpic kəssin, mer-meyvə yığıb satsın, meyvə arağı çəksin...
Axşamlar yorulanda da, ayaqlarını odun peçinin altına uzadıb xəyallar qursun...."

Ülviyyə Alovlu: "Onda tüpürüm o müəllimin illərlə oxuyub aldığı diploma ki, axırda onsuz da "2 alanlar"la birgə hamballıq edəcək".

Səbuhi Abbasov:
"Ümumiyyətlə müəllimin işdən sonra fəhlə kimi çalışmağının strateji konseptual əhəmiyyəti:
- müəllim fiziki cəhətdən sağlam olur
- asudə vaxtını səmərəli keçirir
- cibidolu evə gəlir
- yatanda yorğunluqdan rahat yatır
- xalq içində daha çox vaxt keçirir
- tikinti sektoruna nəzarət edir
P.S. Qadın müəllimələr üçün isə hesab edirəm ki, işdən sonra manikur-pedukur işləri daha münasib olar".

Təranə Xudabaxşiyeva: "Mikayıl bəyden (Təhsil naziri – red) bir ricam var. Madam ki müəllimlər günün ikinci yarısı hörgü, bənna işleri ilə məşğul olmalıdırlar , onda 4 illik proqrama bənnalıq dərsləri də əlavə olunsun!"

Rəşad Müseyibzadə: Siz Hadi Rəcəblini səhv başa düşmüsünüz eee. Səhv eləmirəmsə 9-cu sinif "Anatomiya" kitabında idi. Seçenova aid olan telim idi, hər hansı bir işdən sonra ən yaxşı istirahət aktiv istirahətdir. Yeni məsələn, müəllimlər məktəbdə işləyib yorulurlarsa, onlar gedib fəhləlik etməklə həm aktiv istirahət edə bilərlər, həm də əlavə pul qazanarlar. Hadi Rəcəbli bu mənada demək istəyib.
Bağla X