Sevda Sultanova Sevda Sultanova

Qadınlarımızın mişka sevgisi

Sevda Sultanova

Bu il də 8 martın trendləri dəyişmədi: mişka və kitab... Düşünürəm ki, bu mövzuda yazmağa gec qalmamışam. Tarixi geridə buraxsaq da heç bir halda mövzu əhəmiyyətini itirmir.

8 mart ərəfəsində keçirilən bir sorğuda yeniyetmə, gənc xanımların çoxu mişka hədiyyəsi almaq arzusunda olduqlarını dedi. Bir qrup xanım isə sosial şəbəkələrdə mişka əvəzində hədiyyə kimi kitabı tərcih etdiyini yazdılar.

Xanımların sevgilisindən, dostundan mişka almaq istəyinin bir neçə amilə bağlayıram.

Birincisi, bu, azərbaycanlıların hədiyyə təsəvvürləri ilə bağlıdır. Məsələn, biz hədiyyəni mütləq bahalı, lap bahalı olmasa da nəsə gözəgəlimli, gözəgörünən kimi təsəvvür edirik.

"Hədiyyə" sözü hər şeyin təmtəraqlısını sevən azərbaycanlının düşüncəsində heç bir halda ucuz, sadə bir şey ola bilməz. Hədiyyə ucuz olsa da, heç olmasa, dəbdəbəli görüntüsü olmalıdır.

Neçə il əvvəl sıravi almanların ad günlərində bir-birinə sabun, şam, çay hədiyyə etdiyini görəndə mədəni şok yaşamışdım. Onlar üçün bu sadə, bəsit hədiyyələrin simvolikliyi diqqətin və sevginin ifadəsi üçün yetərliydi.

Bizim isə hədiyyə gözləntilərimiz çox böyükdür və qlobal əhəmiyyət daşıyır.

Bu mənada mişka bahalı olmasa da gözə görünən əşyadır.

İkinci səbəb qadınlarımızın infantilliyidir. Yaşından asılı olmayaraq, qadınlar yumşaq oyuncaqları çox sevirlər, divanların küncünü, divarları, yataq otaqlarını yumşaq oyuncaqlarla bəzəyirlər. Böyük, gözəl yumşaq oyuncaq görəndə ona laqeyd qala bilmirlər, ciblərinə münasib olmasa da almağa çalışırlar, cehizlərini yumşaq oyuncaqlarsız təsəvvür etmirlər.

Qadın infantilliyi yəqin ki, bir az da təhtəlşüurda ailə mühitinin, qadağaların, konservativ tərbiyənin qoyduğu izlərlə bağlıdır. Adətən ailələrdə qızlara uşaqlığını yaşamağa macal vermirlər. Kiçik yaşlarından təlqin edirlər ki, sən artıq böyük qızsan, belə eləməməlisən, ağır oturub batman gəzməlisən, qız uşağı çox gülməz, dişlərini ağartmaz, ayıbdır, və s. ilaxır. Qıza uşaqlığını normal yaşamağa imkan verməmiş onu vaxtından əvvəl qadın, gəlin olmağa hazırlaşdırılar. Görünür, qadınların gəlinciklərə, yumşaq oyuncaqlara sevgisinin kökündə normal yaşanmamış uşaqlıq gizlənir.

Digər səbəb ailədə ciddi nəzarətdə olan, qapalı böyüyən, alternativ yaşam və əyləncə seçimləri olmayan qızların tənhalıq hissidir. İncidilən, küsən, darıxan, özünü tənha hiss edən qızlar mişkanı qucaqlayıb təsəlli tapırlar, onlarla yatırlar.

Necə ki, Viktor Hüqonun "Səfillər"ində incidilən, tənha Kozetta gəlinciyini qucaqlayıb yatır, onu özünə yeganə dost bilir.

Mişka qızların tənha, kədərli anlarında utanmadan sarıla biləcəyi varlıqdır.

Onu sevmək analıq instinkti ilə də bağlıdır.

Mişkaların köməksiz, sevimli, məsum üzü olur, qızlar da onları ana kimi əzizləməyi, bağrına basmağı, qayğısına qalmağı xoşlayırlar.

Nəhəng mişkalar kişi obrazı ilə də oxşar təsəvvürlər yaradır. Kobud, yekəpər mişka kişi obrazına uyğundur. Eyni zamanda bu kobud məxluqları cizgi filmlərində, nağıllarda xeyirxah, sevimli, qoruyucu obraz kimi də təqdim edirlər. Yəni qadınlar ərlərini həm kobud, nəhəng, həm də qayğıkeş, xeyirxah görmək istəyirlər. İki fərqli cəhətin simbiozunu isə mişkada tapırlar.

Sevgililərinin onlara mişka bağışlamaların həm də kişinin bir parçası kimi qəbul edirlər.

Kim bilir, bəlkə 8 mart günü sevgilisindən hədiyyə almadığına görə intihara cəhd edən qızın da bu kimi səbəbləri varmış. Bəlkə o da sevgilisindən onun bir parçası kimi məhz mişka gözləyirmiş. İncidildiyi, tənha anlarında ona sarılmaq istəyirmiş. Bəlkə o da normal uşaqlığını yaşamayıb, mişkada təsəlli tapmaq istəyirmiş.

Kitaba gəlincə..."Qadınlara kitab bağışlayın" çağırışlarında bayağı nəsə var. XIX əsrdə çox ciddi maarifçilik tarixi, inqilabi Molla Nəsrəddin jurnalı, sovet dövründən bu yana pis-yaxşı təhsili olan ölkədə, yeni texnologiyalarla savadı, intellekti artırmaq üçün imkanların asan olduğu epoxada yetkin (uşaq və yeniyetmələrə yox a, məhz yetkin) insanlara israrlı "kitab alın" çağırışları mənə absurd, tragikomik görünür.

Əgər yetkin insanlara kitab oxumağı təbliğ edilirsə, bizim şüurumuzda, dünyaya baxışımızda çox şey qaydasında deyil. Nə qədər banal səslənsə belə, oxumağa həvəsli, ehtiyacı olan kəs onsuz da oxuyacaq. Necə ki, Lomonosov kənddən Moskvaya təhsil üçün gəldi, necə ki, Mirzə Cəlil cəhalətdən işıqlığa çıxmaq üçün mücadilə elədi...

lent.az