17:28
(077) 610-22-33

Adam çəkən “təmiz tərəzi” və Leylandra ağacı

  • >
3 015 16 Mart 2015 09:09 | Cəmiyyət

Elşad PAŞASOY


Maraq üçün yolumu yeni açılmış kənd təsərrüfatı məhsullarının yarmarkasından saldım. Nazir Heydər Əsədovun bir gün əvvəl baş çəkdiyi, "ucuz, keyfiyyətli məhsul"un ünvanı kimi xarakterizə elədiyi 9 Novruz yarmarkasından birinə.

Əslində bazarı elə yolun ortasında tikiblər - Milli Qəhrəman Məzahir Rüstəmovun adını daşıyan küçədə. Axı əvvəllər yarmarkanın açıldığı ünvanda indi 9 mərtəbə ucalır. Nə isə, təki bazar olsun...

Yarmarkaya təzə girmişdim ki, kimsə narazı-narazı "bazarda burdan ucuzdur ki" dedi. Özüm də müşahidə elədim. Meyvədən tutmuş yoqurta (?) qədər hər şey baha. Yalnız mal (5,50 manat) və qoyun əti (6,50 manata) ucuz idi. Qəssablar 8-10 manata satılan əti burda niyə ucuz satırlar deyə, hər kəs şübhəlidir. Ancaq elə ətə gözucu baxanda adam dünyaya gəldiyinə peşman olur. Qəssab and-aman edir, "Öz həyətimin danasıdır" deyir, ancaq kimdir inanan?

Deməli, təkcə yarmarka nümunəsində biz toplum olaraq bir-birimizi aldadırıq, məmurlu, satıcı-alıcılı hamımız bir-birimizə atırıq. Bu yandan da sallaqxanaların ləğvinə hazırlıqlar gedir. Əti bir mərkəzdə kəsib paylayacaqlar. İlk baxışda normaldır, hər səhər məktəbli uşaqların gözü qarşısında bağıra-bağıra kəsilən heyvanların küçələrə axıdılan qanını müşahidə etməkdənsə, bəlkə də yeni qayda yaxşıdır. Ancaq bizi kim inandıra bilər ki, quzu əti əvəzinə, keçi, dana əvəzinə at-eşşək ətini satışa buraxmayacaqlar? Axı dəfələrlə belə faktlar aşkarlanıb.

Eyyub Hüseynov neçə müddətdir haray salır ki, xaricdən ölkəyə geni dəyişdirilmiş məhsullar daşınır. Ancaq nə olsun? Qida təhlükəsizliyi deyilən bir şey yoxdur. Nəticəsi də... Məlum olub ki, Azərbaycanda xərçəngli xəstələrin sayı xeyli artıb.

İndi kimə inanasan? Yanacaqdoldurma məntəqəsindən çıxan sürücü əmindir ki, onun benzinindən kəsiblər, vətəndaş şübhə eləmir ki, yol təmirinə, bina tikintisinə ayrılan pulların böyük hissəsi yeyilir. Guya həkimə, dərmana inam qalıbmı? Eyni vaxtda üç klinikada analiz ver, görəcəksən hərəsi bir cavab yazıb, üç həkimə müraciət elə, hər birisinin resepti fərqli olacaq, hərəsi bir firmanı məsləhət görəcək. Ona görə də adamlar xaricə üz tutur. Təhsilimizdəki etimadsızlıq da TQDK-nın nəticələrində özünü göstərir.
İnamsızlıq bizi beləcə məhv edir. Əslində vətəndaşların hətta ən ciddi məsələlərə belə laqeyd münasibəti də inamsızlıqdan irəli gəlir. Çox zaman eşidirik, deyirlər camaat nə iqtidara, nə müxalifətə inanır. İqtidar müxalifətin "xarici qüvvələrə" işlədiyini, müxalifət isə hökumətin xalqı düşünmədiyini iddia edir. Yenə inamsızlıq. Üz-üzə oturub danışsalar da, bir-birinə etibar etmirlər, inanmırlar.

Bu, fəlakətli vəziyyətdir. İnamsızlıq cəmiyyəti məhvə sürükləyir. İntiharların statistikasının artması təkcə bank faizlərinin ağır olması deyil, həm də qarşılıqlı inamsızlıqdır. Adam hər yerdən, hər kəsdən əlini üzəndən, inamını büsbütün dəfn edəndən sonra kəndiri boğazına keçirir.

Özümüzə hərdən tənqidi yanaşmağı da bacarmalıyıq. On illər boyu tarixi qəhrəmanlarla qürrələnib "bizdən böyük yoxdur" demişik. Ancaq qüsurlarımız ört-basdır etmək uğurlu seçim deyil. Görün, biz nə kökdəyik ki, hətta metro girişlərində, parklarda adamların öz çəkisini bilməsi üçün qoyulan tərəzilərin də üstünə "təmiz çəki" yazıb müştəri gözləyənlər var. O qədər inamsızlıq yaranıb ki, adamlar üstünə çıxdıqları tərəzinin də düzgün çəkdiyinə şübhə edir.

Yazqabağı yenə ağacəkmə kampaniyasına başlayıblar. Hektarlarla ərazidə "ekologiyanın qorunması" "təbiətə qayğı" adı ilə hətta Avropadan gətirilən ağaclar əkib şəkillər çəkdirirlər. Ancaq adamın gözünün qabağına dərhal balaca padşahların fərmanı ilə məhv edilən yaşıllıqlar gəlir. Dünənə qədər meşəlik olan ərazilərdə indi binalar ucalır, marketlər tikilir. Adam düşünür ki, İtaliyadan Leylandra ağacını gətirib Bakıda əkməkdənsə, elə paytaxtın yaşıllıq massivlərini qorumaq daha faydalı olmazdımı? Bu da "insan yaşıllıq salır" nağılıdır.

Ümumilikdə hamı aldatmaqla məşğuldur. "Kimə ataq, irəli düşək" deyimi aktualdır. Ona görə də cəmiyyətdə ironiya, saxta təbəssümlər, inamsızlıq, süstlük üstünlük təşkil edir.
Ən təhlükəlisi odur ki, bu gedişlə biz Allah eləməmiş, Qarabağa dönməyə olan inamımızı da itirə bilərik. Deməyin ki, yarmarkadan, qəssabxanadan gəlib Qarabağa çıxdı. İrili-xırdalı bütün problemlər bizimdir və onların həlli üçün nələrsə etməliyik.

(musavat.com)
Bağla X