08:15
(077) 610-22-33

Məmurların qəbuluna düşmək... - TƏNQİD

  • >
3 780 17 Mart 2015 14:30 | Cəmiyyət

Tofiq Hüseyn



Bir az obrazlı danışsaq- insan beşikdən qəbir evinə qədər kiminsə, kimlərinsə qəbulunda dayanır; valideynlərin, müəllimlərin, rəislərin, ömrün axırına yaxın isə Əzrayılın... Qəbula düşmək həyat normalarından biridir və bu da sirr deyil ki, ora heç kəs öz xoşu ilə deyil, məcburiyyət qarşısında, qayğılarının diqtəsi ilə üz tutur. Heç kəs deyə bilməz ki, qəbulda əsəb hissi keçirmir, kresloya yayxanıb rahat, asudə oturub kefə baxır. Deyə bilməz. Qəbul başdan-ayağa diskomfortdur.

Qəbulda ürəyi keçən, hətta dünyasını dəyişənlər olur. Bu mürəkkəb prosedurda Qəbuledənin humanistliyi, məsuliyyəti, dövlətçiliyə hörməti, sədaqəti əsas rol oynayır. Adamların qəbulu, şikayətlərə baxılması, təklifin dinlənilməsi, iradların, nöqsanların aradan qaldırılması Vətəndaş-Məmur münasibətlərində çox vacib nüansdır və razılıqla deməliyik ki, dövlət bu sahədə mühüm addımlar atır. Ölkə başçısının tapşırığı ilə nazirlər, komitə sədrləri regionlarda vətəndaşlarla qəbul keçirirlər ki, bu, çox yaxşı, orijinal addımlardan biridir. Amma təəssüf ki, əvvəllər xeyli cazibədar görünən bu tədbir indi regionlarda razılaşdırılmış, xüsusi ssenari əsasında hazırlandığından bəzi hallarda formal xarakter daşıyır. Bu görüşlərdən birində şəxsən iştirak edən adam kimi deyə bilərəm ki, vətəndaşların xeyrinə hesablanan maraqlı tədbirdə formatın dəyişdirilməsinə ehtiyac var. Bu öz yerində. İndi gəlin, bir anlığa özümüzü qəbula yollananların yerində təsəvvür edək. Baxaq görək qarşımıza çıxan hansı baryerləri dəf etməli olacağıq. Məsələn, rayonda samballı bir idarə rəisinin qəbuluna gedirik. Binanın qarşısında polis postu qurulub, postu keçir, növbətçiyə yaxınlaşırıq. Növbətçi bizi rəisin qəbul otağına göndərir, burada bizi rəisin köməkçisi qarşılayır. Əgər rəisin yanında bir kimsə varsa, yaxud rəis telefonla danışırsa, biz qəbul otağında xeyli gözləməli oluruq. Nəhayət köməkçi öz şefinə məruzə eləyir, yalnız bundan sonra biz ağır, zəhmli qapını açıb içəri keçmək şərəfinə nail oluruq.

Mən, qəbulun yaxşı halda xeyli asan variantını təsvir elədim. Amma bu variant başqa cür də ola bilər və əslində, çox vaxt elə belə də olur. İdarənin həyətindəki polis postundan "rəis yerində yoxdur", "rəisin yanında qonaqlar var", "rəis iclas keçirir" və sair sözlərlə sinəmizdən vurub qaytara da bilərlər.

Əcəba, birinci baryer- polis postu nə deməkdir, ümumiyyətlə, polis mühafizəsi hansı idarələrə şamil oluna bilər? Hüquq mühafizə orqanlarında bu xidmət başadüşüləndir. Digər təşkilatlarda, məsələn, rayon Maliyyə İdarəsində polis mühafizəsinə nə dərəcədə ehtiyac var? Bu idarənin funksiyasına azacıq bələd olanlar bilirlər ki, Maliyyə İdarəsi büdcədən ayrılan vəsaiti təyinatı üzrə bölüşdürən, vəsaitin düzgün xərclənməsinə nəzarət edən, digər bu sayaq işlər həyata keçirən qurumdur. Bu idarəyə müraciət edənlər də rəsmi adamlar-idarə müdirləri, mühasiblər, xəzinədarlar olurlar. Bu idarənin Xanbacıya, Fatmanisəyə qətiyyən dəxli yoxdur və onlar nəinki o idarənin yolunu tanıyır, bəlkə heç adını da bilmirlər. Elə isə burada oturan məmurları kim narahat edə bilər ki, idarədə polis mühafizə xidmətinə ehtiyac yaransın və bu xidmətə xeyli pul xərclənsin? Maraqlıdır, lüzumsuz xərclərin qarşısını almalı olan bir təşkilat nə səbəbə özü bədxərcliyə yol verir? Suallar çoxdur və suallara cavab axtarand ( beş-on il bundan əvvəl baş versə də ) qəbulla bağlı bir hadisəni xatırlayıram. Vətəndaşların bölgələrdə ən çox müraciət etdikləri ünvan təbii ki, rayon icra hakimiyyətidir. Rayonlardan birində başçı bölgəyə yeni təyin olunanda özü ilə Bakıdan köməkçi də gətirmişdi. Şərti adı Namiq olan cavan, arıq oğlan öz şefindən hədsiz dərəcədə qorxurdu. Mən başçının qəbuluna gedəndə onun necə qorxduğunu görür, ürək-dirək verirdim: "Burda sənlik nə var ki? Başçı deyəcək ya gəlsin,ya da gəlməsin.Sən də gəlib mənə xəbər verəcəksən,vəssalam"... Sözlərim ona təsir etmirdi. Başa düşürdüm ki, köməkçinin hər vəchlə məni qəbula buraxmamasının əsas səbəbi öz şefini narahat etməməyə çalışmasıdır. Köməkçi bilir ki, "gəlsin"də "gəlməsin"də eyni halda başçının kefini poza bilər. Onun vəzifəsində isə ən yaxşı göstərici mümkün qədər şefin müsbət enerjisini qoruya bilməkdən ibarətdir. Bir dəfə rayon icra hakimiyyətinə gedəndə Namiqi yerində görmədim. Məndə dərin təəssüf doğuran əhvalat danışdılar. Hadisə belə baş verir. Namiqin tələbə yoldaşı deyir ki, istirahət günündə ailəsi ilə ona qonaq gələcək. Şənbə günü Namiq şefinə bildirir ki, onsuz da sabah istirahət günüdür, qonağım gələcək mənə icazə verin. Başçı deyir icazə verirəm, ancaq səhər-səhər gəl, görək nə var nə yox,bir az oturub gedərsən. Namiq səhər işə gəlir və çox keçmir ki, telefonu başlayır zəng çalmağa. Evdən zəng edirlər ki, bəs qonaqlar gəlib, səni gözləyirlər. Tərslikdən bu vaxt şefin də qonaqları gəlir və şefin başı qarışır qonaqlara, köməkçinin xahişi yadından çıxır. Bədbəxt köməkçi isə qorxusundan içəri girib şefə icazə aldığını xatırlada bilmir.

Saatlar keçir, axşamçağı növbətçi polis Namiqə bağli bir zərf gətirib deyir ki, cavan bir oğlan verdi, sizə çatacaq. Namiq zərfi açanda tələbə yoldaşının xəttini tanıyır: "Namiq, biz getdik, tutduğun o vəzifənin içinə..." ÜÇ NÖQTƏ.

Bəşəriyyətin kəşf elədiyi və çox-çox ayıblarımızı örtən ən gözəl tapıntılardan biri bizim bu ÜÇ NÖQTƏ-dir. Hansı ki, biz qəbuledilməzlər deyilik, bəla ondadır ki, çox vaxt qəbulumuz fəaliyyəti ÜÇ NÖQTƏLİK olanların qorxusuna qurban gedir.

Tofiq Hüseyn, Əməkdar jurnalist
Bağla X