06:18
(077) 610-22-33

“Nə yaxşı ki, bu günü də gördüm” - Mövlud Süleymanlı

  • >
1 800 18 Mart 2015 12:40 | Cəmiyyət

Bu gün Xalq yazıçısı Mövlud Süleymanlının 72 yaşı tamam olur.


"Köç" romanının, çoxlu sayda povest, pyes və ssenarilərin müəllifi doğum günü təəssüratlarını AzNews.az-la bölüşüb.

"Hər açılan sabah mənim üçün bir ad günüdür. 72-ni keçmişəm, oyananda sevinirəm. Deyirəm ki, nə yaxşı ki, bu günü də gördüm. Dünən axır çərşənbə idi, bu gün isə 72 yaşım tamam olur. Düşünüləsi çox şeylər var. Arxaya baxanda ancaq yaradıcılığımı görürəm. Narahatçılığım yoxdur. Ona görə də rahatam. Hər gün mənim üçün qiymətlidir",- deyə yazıçı bildirib.

M.Süleymanlı hazırda yeni roman üzərində işlədiyini də deyib: "Bilmirəm, son ünvanımdır, ya nədir, mən hazırda roman üzərində işləyirəm. Ad da daxil olmaqla hər şey özü-özünə yaranır. Romanın şərti adı hələki bilinmir. Onun işıq üzü görməsinə də tələsmirəm. Lap ağır-ağır işləyirəm. Ancaq 6-7 hazır ssenarim var. Bu gün Azərbaycanda ssenariyə maraq meydanını hiss etmirəm. Gərək ssenari ilə maraqlanan rejissor olsun, hələ ki, bu sahədə aydınlıq yoxdur. Kinoda nəyi çəkmək lazım olduğunu bilən azdır".

Uzun illər Azərbaycan Radiosuna rəhbərlik edən yazar son illər ədəbi gündəmdə olmadığına da aydınlıq gətirib: "Mənim üçün gündəm anlayışı yoxdur, çünki çap olunmaq istəmirəm. Gündəm isə çox qarışıqdı. Qiybət baş alıb gedir, hərəkətdə olan hər şey dayanıb. Jurnalistika və ədəbi mühit daha çox münasibətlər üstündə qurulub. O bunun, bu da onun ardınca qeybət edir, hörmət itib. Mən də belə şeylərdən uzağam. Yəqin nə vaxtsa bunlar durulacaq".

Bahar RÜSTƏMLİ
AzNews.az
Bağla X