05:21
(077) 610-22-33

Dövlətin pulu çoxdur, yoxsa Məmmədqulunun?..

  • >
4 174 19 Mart 2015 15:49 | Cəmiyyət

Seymur Verdizadə



Kəllədaxili qansızma diaqnozu ilə xəstə yatan 20 yaşlı Gülnar Əliyevanın pulsuz əməliyyat olunması üçün Səhiyyə naziri Oqtay Şirəliyevə ünvanladığım müraciət cavabsız qalmadı. Hörmətli millət vəkillərimizdən birinin müdaxiləsindən sonra nazirliyin səlahiyyətli şəxsləri məni qəbul edərək, Gülnarı dövlət xəstəxanalarının birində pulsuz əməliyyat elətdirməyə hazır olduqlarını bildirdilər.

Amma sevincimizin ömrü uzun olmadı. Qısa sorğu-sualdan sonra məlum oldu ki, Səhiyyə Nazirliyinin balansında olan xəstəxanalarda ancaq açıq əməliyyat həyata keçirmək mümkündür. Açıq əməliyyat zamanı xəstənin yaşamaq şansı yarıbayarı azaldığı üçün Gülnarın valideynləri Səhiyyə Nazirliyinin köməyindən imtina etdilər. Hansı valideyn gözü görə-görə övladını ölümün ağuşuna atar?

Hazırda Gülnar və ailə üzvləri nə vaxtsa möcüzənin baş verəcəyinə ümid edirlər. Gülnarın bir ayağını itirmiş zavallı atası, bir gözündən məhrum olmuş qardaşı, uzun illərdən bəri yataq xəstəsi olan anası ümid edir ki, bir gün "ağ atlı oğlan" ortaya çıxıb, əməliyyat xərcini öz boynuna götürəcək. Gülnarın normal həyata qayıtması üçün cəmi 6290 manat vəsait tələb olunur. Dəfələrlə yazıb-pozmağımıza baxmayaraq, hələlik heç kim bu pulu ödəmək istəmir. Ağ xələtli Səhiyyə nazirindən ümid kəsilib. "Ağ atlı oğlan" isə gəlib çıxmaq bilmir...

Gülnar Əliyevanın əməliyyatı yalnız özəl klinikalarda mümkündür. Bakıda fəaliyyət göstərən bu cür klinikaların sayı 10-dan çoxdur. Bilirsiniz, bu klinikalar kimindir? Bu məsələ ilə yaxından maraqlananda məlum oldu ki, sözügedən klinikalardan birinin sahibinin adı Əhməd, birinin adı Səməd, digər birinin adı isə Məmmədquludur. Vəziyyətin nə qədər acınacaqlı olduğunu təsəvvür edirsinizmi? Məmmədqulunun klinikası hər cür tibbi avadanlıqla təmin olunub, amma Səhiyyə Nazirliyinin balansında olan xəstəxanalarda bəzən adi pambıq, yod tapılmır. Neçə vaxtdır bir sual mənə rahatlıq vermir: dövlətin pulu çoxdur, yoxsa Məmmədqulunun? Niyə Azərbaycanda heç bir dövlət xəstəxanasında qapalı beyin əməliyyatı həyata keçirmək mümkün deyil? Doğrudanmı, Səhiyyə Nazirliyinin büdcəsi qapalı beyin əməliyyatı həyata keçirmək üçün tələb olunan tibbi avadanlığı almağa imkan vermir? Əgər belədirsə, nazirlik niyə dövlətin qarşısında məsələ qaldırmır? Necə olur ki, yol çəkməyə, körpü tikməyə vəsait tapılır, amma Gülnar kimi gənc qızların həyatda qalması üçün tələb olunan tibbi avadanlığı almağa pul tapılmır?

Əvvəllər bu barədə bir neçə dəfə yazmışam. Məqamı gəldiyi üçün bir daha təkrar etmək istəyirəm: neft pullarının çoxluğu heç vaxt köksümü qabartmayıb. Əgər həmin pullar 20 yaşlı bir qızcığazı ölümün pəncəsindən xilas edə bilmirsə, biz onun çoxluğu ilə necə öyünə bilərik?

Ayıbdı, vallah!..
Bağla X