Martın 18-də Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında MDB Parlament Assambleyasının Böyük Vətən Müharibəsində Qələbənin 70 illiyinə həsr edilmiş “Yaddaş estafeti” aksiyası çərçivəsində ölkəmizdə səfərdə olan nümayəndələri ilə görüş keçirilib. Martın 18-də Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında MDB Parlament Assambleyasının Böyük Vətən Müharibəsində Qələbənin 70 illiyinə həsr edilmiş “Yaddaş estafeti” aksiyası çərçivəsində ölkəmizdə səfərdə olan nümayəndələri ilə görüş keçirilib.

Böyük Vətən Müharibəsinin veteranları Putinə müraciət etdi

Martın 18-də Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında MDB Parlament Assambleyasının Böyük Vətən Müharibəsində Qələbənin 70 illiyinə həsr edilmiş “Yaddaş estafeti” aksiyası çərçivəsində ölkəmizdə səfərdə olan nümayəndələri ilə görüş keçirilib.



Görüşdə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə, MDB ölkələrinin rəhbərlərinə, dövlət və hökumət rəsmilərinə, Böyük Vətən Müharibəsi veteranları təşkilatlarına, mədəniyyət xadimlərinə, ictimaiyyətin nümayəndələrinə müraciət qəbul edib.

AZNEWS.AZ AZƏRTAC-a istinadən müraciəti təqdim edir.

"Cəmi bir neçə aydan sonra böyük və nurlu bir hadisə - 1941-1945-ci illərin Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi qeyd ediləcək. Sovet xalqının mərdliyi və qəhrəmanlığı sayəsində faşist Almaniyasının xaincəsinə hücumunu dəf etmək və Vətənin müstəqilliyini qorumaq mümkün oldu. Təsvirəgəlməz səylər bahasına qazanılmış bu Qələbə dünya tarixinə qızıl hərflərlə yazılıb.

Bəşər tarixində ən dəhşətli və qanlı savaş olmuş bu müharibədə Azərbaycan xalqı da başqa xalqlarla çiyin-çiyinə dözüm və igidlik nümayiş etdirib. Müharibə dövründə 700 min həmvətənimiz cəbhəyə gedib, onların yarıdan çoxu döyüş meydanlarında qəhrəmancasına həlak olub. 130-a yaxın həmvətənimiz Böyük Vətən müharibəsi illərində göstərdiyi igidliyə görə Sovet İttifaqı Qəhrəmani fəxri adına layiq görülüb.

Ölkəmiz üçün o mürəkkəb və çətin dövrdə Bakıdakı sənaye müəssisələrinin əksəriyyətində hərbi məhsullar buraxılırdı. Bu müəssisələrdə 130 növdən çox silah və sursat istehsal olunurdu. Cəbhənin neft və neft məhsulları ilə əsas təchizatçısı məhz Azərbaycan idi. Bütün ölkədə istehsal edilən yanacağın 80 faizi respublikamızın payına düşürdü.

Sovet xalqının böyük qəhrəmanlığı haqqında nurlu xatirə Azərbaycanda bu gün də böyük ehtiramla yad edilir. 9 May günü bizdə əvvəlki kimi, ölkənin ən mötəbər dövlət bayramı olaraq qalır.

Müharibə və əmək veteranları dövlətimizin gündəlik qayğısını hiss edirlər. Azərbaycan Prezidenti İlham Əliyev veteranların sosial müdafiəsi məsələsini şəxsi nəzarətində saxlayır: veteranlara prezident təqaüdü ödənilir, müntəzəm olaraq onlara mənzil və avtomobillər ayrılır, digər güzəştlər şamil edilir.

Müharibənin başa çatmasından 70 il keçir. Bu illər ərzində 1941-1945-ci illərin faciəli və qəhrəmanlıqlarla dolu hadisələrini işıqlandıran minlərlə kitab yazılıb, fundamental çoxcildlik əsərlər nəşr edilib. Düşünmək olardı ki, İkinci Dünya müharibəsinin tam və obyektiv tarixi yaradılıb. Lakin təəssüf ki, Qərbdəki tarixçi və memuarçıların müharibənin yekunlarını təftiş etmək, faşizmin darmadağın edilməsində Sovet İttifaqının həlledici rolunu inkar etmək cəhdləri müşahidə olunur.

Opponentlərimiz unudurlar ki, məhz Sovet İttifaqı faşist Almaniyasının Avropada yürüşünü qəhrəmancasına mübarizə nəticəsində dayandıra bilmiş və ümumiyyətlə İkinci Dünya Müharibəsinin strateji xarakterini dəyişdirmişdir. Əslində dünya xalqlarını faşizm köləliyindən qoruyan əsas hərbi-siyasi qüvvə SSRİ olub.

Saxtakarlar İkinci Dünya Müharibəsi salnaməsini yenidən yazaraq tarixi faktları özlərinin istədikləri kimi interpretasiya edir, öz ölkələrinin tarixində aşkar boşluqları miflərlə doldurur, yaxın keçmişin həqiqətini gizlədir və təhrif edirlər. Onların əsas məqsədi faşist təcavüzkarlara və satqınlara bəraət qazandırmaq, Qələbəni qəhrəmancasına şücaət göstərmiş keçmiş SSRİ xalqlarının əlindən almaqdır.

Bir fakt xüsusilə hiddətləndiricidir ki, keçmiş Sovet respublikalarında nasist canilərin və onların əlaltılarının bu gün qəhrəmanlar kimi təqdim edilməsi cəhdləri çoxalıb. Bu qulyabanılara heykəllər qoyulur, memoriallar açılır, onların haqqında filmlər çəkilir və s. Əlbəttə, nasist canilərin və onların cinayət yoldaşlarının ətrafında qəhrəman oreolu yaradılması yolverilməz haldır. Heç şübhəsiz, gənc nəslə zərərli təsir göstərən bu cür mənfi əməllər bizi hiddətləndirir.

Ürək ağrısı ilə müşahidə etməli oluruq ki, qonşu Ermənistan Respublikasında tarixi həqiqət təhrif edilir, kollaborasionistlər yorulmadan təriflənir.

Bu ölkədə nasist canilər Dro və Njdenin adı ətrafında geniş miqyaslı pərəstiş yaradılıb. Onlarınşərəfinə xatirə sikkələri zərb edilir, bədii və sənədli filmlər çəkilir. Ermənistanın paytaxtı Yerevanda Qaregin Njdenin adını daşıyan meydan və metro stansiyası, Dronun adını daşıyan küçə var.

İş o yerə çatıb ki, Ermənistanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Akademiyası yaradılandan sonra daha bir təşkilat – Ermənistan Müdafiə Nazirliyi yanında Drastamat Kanayan adına Milli Strateji Araşdırmalar İnstitutu da bu yeni qurumla əməkdaşlıq etmək arzusunu bildirib. Lakin nasist canilərə açıq-aşkar bəraət verməyə yönəlmiş bu hadisəyə indiyə qədər heç bir reaksiya verilməyib. Yeri gəlmişkən, xatırlatmaq artıq olmazdı ki, 1948-ci ildə Njde hərbi cani kimi 25 il həbs cəzasına məhkum edilib və 1957-ci ildə Vladimir şəhərindəki mərkəzi həbsxanada ölüb. Qeyd edək ki, ona bəraət verilməyib. Məhkəmə əvvəl çıxarılmış hökmü qüvvədə saxlayıb.

Ermənistanın özündə satqınların yorulmadan göylərə qaldırılması az imiş kimi, bu ölkə həmin fəaliyyəti Rusiyanın informasiya və mədəniyyət məkanında da həyata keçirir, rusiyalıların özlərini də buna cəlb edir. Faktları saxtalaşdırmaqla məşğul olan ermənilər keçən müharibə illərinin real tarixi hadisələrini təhrif edirlər.

Lakin ən təəccüblüsü budur ki, bütün bunlar Vətəni mərdliklə müdafiə edən milyonlarla sovet əsgərinin həlak olduğu Rusiya ərazisində baş verir. Məhz bu ölkənin rəhbərliyi hər dəfə vurğulayır ki, o, Böyük Vətən müharibəsi haqqında tarixi həqiqəti qorumaq niyyətindədir və bu həqiqətin təhrif olunmasına heç vaxt yol verməyəcək. Halbuki Rusiya xalqı belə mənfi meyllərə həmişə həssas reaksiya verib...

Buna baxmayaraq, Ermənistan, məsələn, Dro (Drastamat Kanayan) və Njde (Qaregin Ter-Arutyunyan) kimi faşist caniləri təmizə çıxarmaq üçün Rusiyanın resurslarından fəal istifadə edir. Məsələn, nasist rejiminin əlaltısı, Hitlerin və Himmlerin dostu Njde məşhur KİV-lərin səhifələrində qəhrəmanlara bərabər tutulur və erməni xalqının "görkəmli oğlu" adlandırılır. "Qaregin Njde" filmində məşhur rusiyalı aktyorlar Ç.Xamatova (Njdenin arvadı rolunda) və Mixail Yefremov (Petko Xristov) çəkiliblər. Biz əminik ki, həm Ç.Xamatova, həm də M.Yefremov çaşdırılıblar, onlar Njdenin nasist başkəsən olduğunu bilməyiblər. Lakin fakt faktlığında qalır. Adı çəkilən film bütün Rusiyada nümayiş etdirilib.

Bundan əlavə, erməni diasporunun nümayəndələri Vladimir şəhərindəki Knyaz Vladimir qəbristanlığına gedib, bu caninin xatirəsini yad edirlər. Üstəlik, onlar həmin qəbristanlıqda bu faşist əlaltısına xatirə kompleksi tikilməsi haqqında məsələ qaldırırlar. Yəni doğrudanmı Rusiya ərazisində bu satqın faşistə monument ucaldılacaq? Məgər bu, həlak olmuş əsgərlərin xatirəsinin təhqir edilməsi deyilmi?! Məgər bu, faşizm qurbanlarını həyasızcasına ələ salmaq deyilmi?! Biz belə abidə qoyulmasına qəti etiraz edirik.

Rusiyanın paytaxtında "Qaregin Njde ilə söhbətlər və ya Njdenin 125 illiyinə abidə" kitabının təqdimatı keçirilir. Paradoksal haldır ki, bu tədbirin təşkilatçılarının fikrincə, "Njdenin ideyaları bu gün həmişəkindən daha aktualdır və müasir cəmiyyətdə fəal təbliğ edilməlidir".

Bizi məyus edən odur ki, Sovet İttifaqının hüquqi varisi olan ölkədə xəyanətkar faşistləri tərifləyirlər. Halbuki məhz Rusiya tarixin yenidən yazılmasına, İkinci Dünya müharibəsi reallıqlarının təhrif edilməsinə qarşı həmişə fəal çıxış edir. Biz bu istiqamətdə səylərinizi qiymətləndiririk, sizi dəstəkləyirik. Lakin bir məsələni anlamaqda çətinlik çəkirik: Rusiya ərazisində nasist canilərə pərəstiş edilməsinə necə yol vermək olar? Həmin vətən xainlərini bu gün "vətənpərvərlər", kommunizmə və "Stalin rejimi"nə qarşı "ideya mübarizləri" kimi təqdim etməyə çalışırlar. Lakin dinc əhaliyə qarşı cinayətlər, zorakılıqlar, qətllər törətmiş bu faşist kölələrinə haqq qazandırmaq olmaz...

Sizdən xahiş edirik ki, Rusiya ərazisində satqın faşistlərin təriflənməməsi, onlara pərəstiş yaranmaması üçün, xüsusən Rusiyanın mədəniyyət və elm xadimləri tərəfindən belə halların olmaması üçün zəruri tədbirlər görün.

Biz sizi sayıq olmağa, faşistlərin əlaltılarına himayədarlıq etməyə yönəlmiş bu cür manipulyasiyalara uymamağa çağırırıq. Əminik ki, belə mənfi halların qarşısına sipər çəkilməsi üçün zəruri tədbirlər görəsiniz.

İllər keçir... Qırx beşinci ilin may ayının Qələbə günləri getdikcə uzaqlaşır. lakin fakt faktlığında qalır. Faşizmin bel sütununun qırılması, Hitlerin bütün dünyanı fəth etmək planının puç edilməsi məhz sovet xalqının birliyi sayəsində mümkün olub. Biz bir-birimizi dəstəkləməklə müharibənin qanlı-qadalı yollarını qürurla, başımızı dik tutaraq keçmişik. Bu gün dirçəlməyə cəhd göstərən qəhvəyi vəba kabusunun qarşısını yenə birgə səylərimizlə ala bilərik.

Hörmətlə və bizi düzgün başa düşəcəyinizə ümidlə, Azərbaycanın bütün Böyük Vətən Müharibəsi veteranları adından:

Rzayev Dadaş Qəırib oğlu – Respublika Veteranlar Təşkilatının sədri, MDB Əlaqələndirmə Şurası Rəyasət Heyətinin üzvü, ehtiyatda olan zabitlər təşkilatının Beynəlxalq Məşvərət Komitəsinin və ehtiyatda olan Zabitlər Komitəsinin üzvü, ehtiyatda olan general-mayor
Ağahüseynov Tofiq Yaqub oğlu – Veteranlar Təşkilatı Rəyasət Heyətinin üzvü, müharibə veteranı, ehtiyatda olan general-polkovnik
Heydərov Muradəli Şəfaqət oğlu – müharibə veteranı, "Şöhrət" ordeninin üç dərəcəsi ilə təltif edilib
Rzayeva Mariya Stepanovna – müharibə veteranı
Qritçenko Aleksandr Aleksandroviç – müharibə veteranı, 3-cü dərəcəli kapitan, "Şöhrət" ordeni ilə təltif edilib
Qədimova İrina İvanovna – Leninqradı blokadaısı, universitet müəllimi
Qazıyev Sübhi Əhməd oğlu – müharibə veteranı, Xətai rayonu veteranlar təşkilatının sədri
Sarıyev Qara Əli oğlu – müharibə veteranı, professor
Cəfərova Sofiya Həşim qızı – müharibə veteranı, istefada olan polis polkovniki
İbrahimov İsmayıl Əli oğlu – akademik, müharibə veteranı, Respublika Veteranlar Təşkilatının Rəyasət Heyətinin üzvü, Sosialist Əməyi Qəhrəmanı
Hüseynov Bahadur Məmmədqulu oğlu – müharibə veteranı, Respublika Veteranlar Təşkilatının Rəyasət Heyətinin üzvü, istefada olan general-mayor
Xəlilov Cəlil Malik oğlu – Respublika Veteranlar Təşkilatı sədrinin müavini, fəlsəfə doktoru, MDB Əlaqələndirmə Şurası Rəyasət Heyətinin üzvü, ehtiyatda olan zabitlər təşkilatının Beynəlxalq Məşvərət Komitəsinin və ehtiyatda olan Zabitlər Komitəsinin üzvü, ehtiyatda olan polkovnik, müharibə veteranı
Moxin Lev Mixayloviç – müharibə veteranı
Şevtsov Vasili Romanoviç – müharibə veteranı
Hacıyev Atabala Həzi oğlu – müharibə veteranı, Lenin ordeni ilə təltif edilib
Müraciətin mətni Rusiyanın mədəniyyət xadimlərinə və ictimaiyyətinə, veteranlar şuralarına, RF parlamentinin rəhbərlərinə də göndərilib.