04:25
(077) 610-22-33

Qarabağdakı İŞİD-çilərə dollar yardımı

  • >
2 573 26 Mart 2015 19:59 | Cəmiyyət

Elşad PAŞASOY


Amerikanın Ukraynaya hədiyyəsi olan 230 ədəd "Humvee" zirehli avtomobillərinin ilk partiyası artıq Kiyevdədir. Prezident Pyotr Poroşenko Amerika hərbi nəqliyyat təyyarəsinin gətirdiyi hərbi maşınlardan birini "Borispol" hava limanında şəxsən idarə edib. Qalan 220 "Humvee" isə 45 gün ərzində Ukraynaya çatdırılacaq. Yardımlara görə Amerikaya təşəkkür edən Ukrayna prezidenti deyib ki, müvafiq silahlar quraşdırıldıqdan sonra avtomobillər döyüş zonasında olan desant qoşunlarının sərəncamına veriləcək.

Bundan qabaq ABŞ Nümayəndələr Palatası prezident Barak Obamanın Ukraynaya öldürücü silah ötürməyə çağıran qətnaməni bəyənmişdi. Sənədin lehinə səs verən 348 parlament üzvü arasında həm respublikaçılar, həm də demokratlar var idi.
Vaşinqtonun daha əvvəlki mövqeyi belə olmuşdu ki, öldürücü silah tədarükü imkanını nəzərdən keçirirlər, lakin hələ əldə edilən atəşkəsin nəticələrini gözləyirlər. ABŞ Dövlət Departamentində bəyan edirdilər ki, Ukraynanın şərqində böhranın hərbi həllini görmürlər. Lakin budur, artıq öldürücü silah yardımına səs verilib, zirehli maşınlar göndərilir…
Bu, o zaman baş verir ki, Azərbaycana qarşı təcavüzün və işğal faktının artıq 25 ili geridə qalıb. Lakin dünyanın söz sahibi olan Amerika rəhbərliyi Azərbaycana nəinki işğal altındakı ərazilərini geri qaytarmaq üçün "öldürücü silahlar" göndərməklə bağlı qərar verməyib, hətta Ermənistanın işğalçı dövlət olduğunu bircə dəfə də olsun bəyan etməyib. Hələ üstəlik, ABŞ konqresi hər il Ermənistana, həmçinin Dağlıq Qarabağ separatçılarına maliyyə yardımı göstərir.

Son günlər Ermənistan rəsmiləri davamlı şəkildə Rusiyaya "asi" çıxmağa başlayıb. Hətta Serj Sərkisyan da "cəsarətlənib" qucağında oturduğu Moskvanı Azərbaycana silah satdığı üçün qınadı. Şübhə yoxdur ki, bu cür icazəli ittihamlar Qərbin xoşuna gəlmək üçündür. Erməni rəhbərliyi anti-Rusiya bəyanatları ilə ABŞ Konqresinin diqqətini özlərinə cəlb etmək və növbəti yardım payını almaq istəyirlər.

Martın 26-da Konqres növbəti dəfə bu məsələni müzakirə edəcək. Azərbaycan və Ermənistan rəsmilərinin də ABŞ-da olduğu bildirilir. Ermənilər bu dəfə də Amerikadan maliyyə yardımı qopartmaq üçün dəridən-qabıqdan çıxırlar. Dövlət büdcəsi Azərbaycanın hərbi büdcəsi qədər olan, Amerikada, Avropada, Rusiyada dilənməklə pul toplayan Ermənistan hakimiyyəti üçün daha bir neçə milyonluq yardım almaq təbii ki, böyük hadisədir. Fakt budur ki, Ermənistan böhran içində, ordusu ac-yalavac, əsgərləri ağ bayraq qaldırıb Azərbaycan tərəfə qaçır, bir-birini güllələyir.

Belə bir vəziyyətdə Ermənistana, üstəlik də Qarabağdakı separatçı ermənilərə maliyyə yardımı barədə qərarın verilməsi elə faşizmin, İŞİD-in, terrorun, işğalın maliyyələşdirilməsindən başqa bir şey deyil. Belə olan halda Azərbaycan rəsmilərinin antiamerikan çıxışlarını anlamaq çətin deyil. ABŞ 1992-ci ildən Ermənistana üst-üstə 2 milyardlıq maliyyə yardımı etməklə əslində elə Azərbaycan torpaqlarının azad olunmasına qarşı çıxıb. Rusiya bir neçə milyardlıq silah göndərib, Amerika da pul, nə fərqi?

Amerikanın Bakıdakı səfirliyindən bu barədə sorğumuza cavab olaraq bildirilmişdi ki, Vaşinqtonun ayırdığı vəsait hərbi məqsədlər üçün nəzərdə tutulmur. Əvvəla, buna əmin olmaq mümkünsüzdür. Amerika nə bilir ki, Qarabağ ermənilərinə ayrılan yardım hansı dərədəki erməni terrorçusuna xərclənir. Lap elə dediklərində həqiqət olsa belə, özlərini Azərbaycan ərazisində "müstəqil dövlət" elan edənlərə yardımın ayrılması beynəlxalq hüququn prinsiplərinə ziddir. Elə isə niyə Amerika Konqresi Krım separatçılarına yardım yox, sanksiya qərarı verir? Necə olur ki, Haqa Tribunalı qarşısında dayanmalı olan erməni separatçısı Bako Saakyan Los-Ancelsdə canlı yayımla telemarafon keçirir?

Suallar çox olsa da, illərdir cavabı yoxdur. Hələ ABŞ-ın keçmiş səfiri Metyu Brayza vida görüşündə bu haqda sualıma diplomatik cavab verməklə kifayətlənmişdi. Görüşüb ayrılanda isə elə əyilib qulağıma azərbaycanca "yaxşı sual" idi, deyib gülmüşdü. Bəli, ABŞ rəsmiləri də bilirlər ki, Qarabağ məsələsində tutduqları bu kimi mövqelərlə yanlış yapırlar, ancaq nə fayda...

Hələ bu, azmış kimi 1992-ci ildən Azərbaycana qarşı "907-ci düzəliş"i qəbul etdi, bu günədək başımızın üstündə Domokl qılıncı kimi asılıb. Azərbaycan ordusu 1992-ci ildə uğurlu Ağdərə əməliyyatı ilə Xankəndinin bir neçə km-liyinə çatmışdı. Amerika Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək cəhdinə "907" ilə qarşılıq vermişdi.

İllər keçib, siyasət isə dəyişməyib. Bəzən erməni lobbisinin gücündən danışılır. Necə olur ki, ABŞ hətta yəhudi lobbisinin iradəsinə zidd olaraq Fələstin dövlətinin yaranmasına xeyir-dua verir, ancaq erməni lobbisinin xətrinə dəyməkdən çəkinir? Deməli, başqa maraqlar var.

"Əgər Qarabağa 100 mərmi düşəcəksə, onda bu, Azərbaycana düşmüş 10 mərmidən daha az effektiv olacaq. Çünki, Azərbaycanın ərazisində iri neft və qaz kəmərləri var və boru xətləri təhdid altında qala bilər. Azərbaycan bütün bunları itirə bilər". Bu hədələr Qarabağ müharibəsinin iştirakçısı, general-mayor Arkadi Ter-Tadevosyandan gəlib. İşğalçılar Azərbaycanın neft və qaz kəmərlərini vurmaqla hədələyir. Ermənilər də anlayır ki, bu kəmərlər Avropa üçün alternativdir. Faktiki olaraq bununla erməni general Avropanı, elə Azərbaycanın Qərbə inteqrasiyasında maraqlı olduğunu bəyan edən Amerikanı, onun maraqlarını hədəfə alıb. Bu, bir generalın hədəsi deyil. Öncə erməni rəsmilər də bu cür sayıqlamışdılar.

Təbii ki, Azərbaycan Amerikadan yardım kimi "Humvee" zirehli avtomobili gözləmir. Heç Konqresin maliyyə yardımında da gözü yoxdur. Yetər ki, azğınlaşmış, hətta erməni xalqının da qanını içməyə hazır olan Ermənistan hakimiyyətinin və Qarabağdakı İŞİD-çilərin "yal"ını kəssin. Hətta Bzejinski də Azərbaycana yönələn təhlükənin real olması barədə xəbərdar edib. Görək ABŞ Konqresi bu dəfə nə deyəcək, Qarabağdakı İŞİD-i dəstəkləyəcək, yoxsa..? Yeri gəlmişkən, keçən aylarda İŞİD Azərbaycanın neft yataqlarını vurmaqla hədələmişdi. Oxşar hədələrdir. Həm də İŞİD-in nə fərqi, ya Suriyada, ya Qarabağda olsun?

(musavat.com)
Bağla X