20:37
(077) 610-22-33

O valideynlər tutulmalıdır!

  • >
5 130 30 Mart 2015 16:16 | Cəmiyyət

Bəhruz Rüstəmxanlı


(İnsan Alverinə qarşı mübarizə ilə bağlı birinci yazı)


Vətəndaşı olduğu dövlətin və ya mənsub olduğu xalqın gələcək hədəflərini düşünən, gündəlik fəaliyyətində insanlarla təmasda olan və ya insan hüquqları sahəsində, xüsusilə müxtəlif cinayətlərin qurbanları ilə işləyən hər kəs təhsilin və elmin zəruri olmasını aydın görür. Azərbaycan Miqrasiya Mərkəzi İctimai Birliyinin 2014- cü ilin birinci rübündən sonrakı müddətdə yardım göstərdiyi işləri araşdıran zaman bunun bir daha şahidi oldum.

Məcburi əmək, insan alveri, ailə zorakılığı, uşaq hüquqlarının pozulması ilə bağlı törədilmiş cinayətlər daha çox normal təhsil almayan və köhnəlmiş adətlərin köləsinə çevrilmiş şəxslərə qarşı törədilmişdir. Ailə zoraklığının və insan alverinin qurbanları, o cümlədən bu cür cinayətlərin potensial qurbanlarının əksəriyyəti orta təhsili başa vurmayan şəxslərdir. Təhsildən yayınanlar isə daha çox münaqişəli ailələrdən olanlar, dözə bilmədiyinə görə ailənsini vaxtindan əvvəl tərk edənlər, uşaqlıqdan valideynləri tərəfindən təhsildən zorla ayrılanlar, nikah yaşına çatmazdan əvvəl məcburi olaraq ailə qurmağa məcbur edilən şəxslər təşkil edir. Azərbaycanda uşaqlar daha çox kənd təsərrüfatı bitkilərinin əkilib becərilməsində, heyvandarlıq sahəsində, tikintidə, məişətdə, digər qanunsuz fəaliyyətə cəlb edilməkdə və s. sahələrdə hər gün daha yaşlı ailə üzvləri, valideynləri və ya digər yaxın qohumları tərəfindən qanunla qadağan olunmuş fəaliyyətə cəlb olunur və təhsildən yayındırılır.

Bu vəziyyət bəzi regionlarda məktəbli qızlara münasibətdə daha dözülməzdir. Azərbaycanda yüzlərlə məktəb adını saymaq olar ki, həmin məktəbləri bitirərək ali məktəblərə daxil olan bir nəfər də xanım olmayıbdır. Uşaqlar məhz xanım olduqları üçün bəzi rayonlarda və kəndlərdə müəyyən yaşdan sonra məktəbə buraxılmır ki, bu da əslində ayrı-seçkilikdir. Qızların məktəbə buraxılmamağı eyni zamanda birbaşa köhnəlmiş adətlərlə bağlıdır. Təhsil sahəsində olan bu problem hakimiyyət orqanlarının nəzarətindədir və hakimiyyət bu hallara qarşı mübarizə aparmaq üçün iradə nümayiş etdirir. Belə ki, Prezident Andminstarsiyasının rəhbəri Ramiz Mehtiyev İdarəçilik Akademiyasında təhsillə bağlı keçirtdiyi son toplantıdakı çıxışında təhsilin aşağı səviyyədə olmasını haqlı olaraq həm də valideyinlərin və vətəndaş cəmiyyətinin bu sahəyə laqeyid münasibəti ilə əlaqələndirmişdi. Bu həqiqətən belədir. Çünki təhsildə problemlərin olması təkcə dövlətdən deyil, məhz cəmiyyətdən və hər birimizdən daha çox asılıdır.

Elə problemlər mövcuddur ki, onların həlli təkcə dövlət proqramları, icra hakimiyyəti orqanlarında struktur dəyişiklikləri, məktəblərin maddi-texniki bazasının yaxşılaşdırılması, islahatlar və inzibati tələblərlə həll olunmur. Bəzi problemlərin həlli bizdən fəal vətəndaş mövqeyi ortaya qoymağı tələb edir. Problemin mövcud olması hamıya aydın olsa da ona qarşı aparılan mübarizə heç zaman adekvat olmamışdır. Belə ki, bu mövzu Təhsil Nazirliyinin, bu sahədə fəaliyyət göstərən QHT-lərin və beynəlxalq təşkilatların, xüsusilə mətbuatın, davamlı olaraq diqqət mərkəzində olmayıb. Azərbaycan Miqrasiya Mərkəzi olaraq biz, bu vəziyyətin kökündən dəyişməsini və bunun üçün ilk növbədə Mətbuatın və QHT-lərin, daha sonra müvafiq icra hikimiyyəti orqanlarının –xüsusilə Təhsil Nazirliyinin daha sonra isə Milli Məclisin diqqətini bu məsələyə yönəltmək qanunvericiliyin dəyişdirilməsinə nail olmaq niyyətindəyik. Hesab edirik ki, bu sahədə bəzi inkişaf etmiş və təhsil sahəsində ciddi uğurlar əldə etmiş ölkələrin təcrübəsindən faydalanmalıyıq. Məsələn, Almaniya və Avstriya kimi ölkələrdə uşağını dərsə buraxmayan valideyn üçün inzibati məsuliyyət müəyyən edilib. Belə ki, üzürsüz olaraq uşağını məktəbə buraxmayan valideyn hər gün üçün 50 EURO cərimə ödəməlidir. Belə hallar davamlı olduqda isə uşağın həmin ailədən alınaraq başqa ailəyə və ya müvafiq dövlət qrumlarına verilməsi təcrübəsi də mövcuddur. Əslində bu dəyişikliyə Azərbaycan Respublikası Konstitusiyası birbaşa imkan verir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə görə cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etmək qadağandır.

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 42-ci maddəsinə əsasən dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir. Göründüyü kimi sadalanan normalar imperativ normalardır. Yəni dövlət hər kəsin orta təhsil almasını təmin etməli və təhsildən yayınma hallarının qarşısını almalıdır. Qanunvericilikdə dəyişikliyin edilməsi əslində elə birbaşa Konstitusiyadan irəli gəlir. Hesab edirik ki, övladlarını təhsildən yayındıran valideynlərin cəzalandırılması üçün İnzibati Xətalar Məcəlləsinə müvafiq dəyişikliklər edilməlidir.

Qeyd: Azərbaycan Miqrasiya Mərkəzi hazırladığı qanun layihəsini bu yaxınlarda Milli Məclisin deputatlarına paylamağı planlaşdırır.

Bəhruz Rüstəmxanlı
Azərbaycan Miqrasiya Mərkəzi İctimai Birliyinin prezidenti


Bağla X