14:03
(077) 610-22-33

“Qocaları gənc nəslin əlindən almaq lazımdır” - Qəşəm Nəcəfzadə

  • >
2 106 1 Aprel 2015 16:21 | Cəmiyyət

“Çalışıram ki, ad günüm yaddan çıxsın”


Bu gün şair Qəşəm Nəcəfzadənin döğum günüdür. Onun 56 yaşı tamam olur. Beynəlxalq Rəsul Rza mükafatının, 38-ci Beynəlxalq Poeziya Festivalının iştirakçısı AzNews.az-a müsahibəsində ad gününü bir balaca tortla qeyd edəcəyini deyib.


- Ad gününüzü bu gün necə qeyd edəcəksiniz?

- Mənim ad günümü evdə heç kəs bilmir. Sadəcə olaraq, iş yerimdə balaca bir tort alacam, yoldaşlarla qeyd edəcəyik, yüksək səviyyədə keçirmək fikrim yoxdur. Elə insanlar var ki, ad gününü təntənə ilə qeyd edir. Hətta özünün deyil, nəvələrinin, nəticələrinin də doğum gününü keçirir. Mən belə şeylərdən uzağam. Çalışıram ki, ad günüm yaddan çıxsın.

- Ömrünüzün neçənci baharını qeyd edirsiniz?

- Özünüz hesablayın, 1959-cu ildə anadan olmuşam. Məndən həmişə yaşımı soruşanda 59 deyirəm.

- Nəyə görə?

- Çünki 59 rəqəmi dəyişmir, elə yerində qalır. Dəyişən təkcə yaşdır. Mən də dəyişməyən rəqəmi xatırlayıram. 59 daha yaxşıdır. Amma belə 56 yaşım var. Ad günü olanda görürsən ki, bəzi adamlar kədərlənir. Mənsə çox çevinirəm. Deməli, bu bədən məni 56-cı ilə kimi gətirib çıxarıbsa, qabağa daha çox apara bilər. Əgər 56 yaşa kimi gəlmişəmsə, demək yaşamağa dəyər. Aşıq Alının bir sözü var: "50-ni aşırdın, yüzə nə qaldı". Bir də bir bioloji söhbət də var. Məni bu yaşa kimi ürəyim, təfəkkürüm, düşüncəm, beynim gətirib. Desələr ki, 20-30 yaşa qayıt, qayıtmaram.

- Niyə ki, cavanlaşmaq istəmirsiniz?

- Yox. Geriyə qayıt, yenidən qız sev, ailə qur, uşaqlar olsun, onların qayğısını çək, böyüt... Hazır indi bunlar var da. Bir də niyə fikir edim axı. Bu boyda problemi təzədən niyə yaşayım? Hər yaşın öz gözəlliyi var. Adam hər yaşda rahat nəfəs alır. Bu saat rahatam və duyğuluyam, sanki başqa aləmdəyəm. Yaşlı adamlar var ki, müasirdir, elə cavan var ki, müasir deyil. Elə cavanlar var ki, müasirlikdən yazır, amma qocadır. İnsanın müasir olmağı onun yaşından asılı deyil. Müasirlik bütün yaş dövrlərində əsas şərtdir. Duymaq, başa düşmək, bu mənada mən 56 yaşımın yanında özümü çox gənc hiss edirəm. Kim özünü hansı yaşda hiss edirsə, elə o yaşdadır.

- Deyirlər, insan yaşlaşdıqca kamilləşər. Bununla razısınız?

- Ömrümə yenidən nəzər salanda fikirləşirəm ki, görəsən, mən nədə və harada səhv etdim? Baxıram ki, mən heç nədə səhv etməmişəm. Nə olubsa, düz olub. Çünki Allah hər şeyi dəqiqliklə yazıb. Ömrü boyu fikirləşmədim ki, filan şeyi gərək, belə edim, yaxud da belə edəydim. Burada məntiq yoxdur. Kaş 30 yaşımda olaydım, filan şeyi edəydim. Düşünürəm ki, bu ömür payımda hər şey əladır. Həyatımdan, dostlarımdan, uşaqlardan, ailədən çox razıyam. Məmnunam, narahatçılığım yoxdur.

- Yaradıcılıqda nə var?

- Yaradıcılıq əvvəlkinə nisbətdə daha gurdur. Yazıram, özü də hər axsam. Elə bir gün yoxdur ki, bir misra da olsa yazmayaq. Hekayələr, poemalar da yazıram. İnsanları oxuyub, təbiəti düşünürəm. Məni tanıdan da elə bu təbiətdi. Məni çox incidənlər, tənqid edənlər də olub. Bir əbədi düşüncə məkanı var, nə vaxtsa hamı ora qayıdacaq. O məndən asılı deyil. Yaradıcılıqda elə gənclər var ki, düşünürlər ki, gəlib məni keçəcəklər.

Ədəbiyyatda keçmək söhbəti yoxdur. Mən elə bilirdim ki, 56 yaşımda Xalq şairi olacam. Mən elə sanırdım ki, 56 yaşımda Əməkdar İncəsənət Xadimi olacam. 56 yaşımda məşhur olacam. Amma olmadım, mümkün deyil. 59-da necə addaydımsa, 56-da da o addayam. Ona görə də mənim gənclərə tövsiyyəm var. Bir-birinizi qırmayın, siz də ala bilməyəcəksiniz. Şairin "Xalq şairi" adı elə şeirləridir. Ona görə mən yaradıcılığımdan çox məmnunam. Nə qədər lazım idisə, o qədər yazmışam. Bu gün də yazıram.

- Son illərdə Yazıçılar Birliyindən heç kimə fəxri ad verilmir. Sizcə buna səbəb nədir?

- Mən 27 kitab yazmışam. Xarici ölkədə 10 kitabım çap olunub. Elə ölkələr var ki, orada bizdən heç kimin kitabı işıq üzü görməyib. Məsələn, Kolimbiyada mənim kitabım çıxıb. Bütün bunlar onu sübut edir ki, mən hər hansı bir fəxri ada layiq görülə bilərdim. İndi verməyiblərsə, mən nə edim. Mənə nə lazımdır? Kəndim, elim-obam. Əsasən də oxucularım lazımdır. Mən oxucularımla, Azərbaycan xalqı ilə nəfəs alıram. Mənim torpağımızın alınmasında az da olsa xeyrim varsa, elə bu, mənim "Xalq şairi" fəxri adımdır. Versələr də sağ olsunlar, verməsələ də. Cənubi Azərbaycan nə vaxtsa birləşəcəksə, orada mənim bir mertlik payım varsa, bu, mənim üçün ən böyük fəxri addır. Ona görə də bu şeylər haqqında düşünməyə dəyməz.

- Ziyalılardan kimə tribuna verilirsə, deyir ki, "söz dəyərini itirib". Siz necə düşünürsüz?

- Mən bununla razıyam. Azərbaycanlı ticarət mərkəzi açır və onun adını ingilis dilində qoyur. Mən Fəvvarələr bağının ətrafında mağazaların və şəhərdəki mehmanxanaların adını ingilis dilində oxuyanda çox məyus oluram. Niyə onlar Azərbaycan dilində deyil? Hansı ingilis Azərbaycan dilində mağaza adı seçib? Kimsə bunu görübmü? Mən bunu dəfələrlə demişəm. Ancaq buna kimsə əməl etmir. Vallah axtarsan, o adları heç ingilis dilində də düz yazmayıblar. Azərbaycan gənci niyə ingilis dilində adlar düşünməlidir? Niyə bizim şadlıq saraylarımızın birini adı "Göyçək Fatma", "Koroğlu", "Nigar" olmasın? Nəyi pisdir bu adların? İngilis dilində adlar zamanın tələbidir ki?

- Dövr vardı ki, bir-birinin ardınca gözəl əsərlər yaranırdı. Bu gün meydan boşdur, oxucu tərcümə olunmuş xarici ədəbiyyata meyl edir. Yaradıcı insanlar ömrünü yaradıcılığa deyil, qalmaqala həsr edir.

- Düz fikirdir. Deyirlər ki, yaşlı nəsil yerini gənclərə versin. Elə verdilər də. Hara baxırsan, gənc nəsildi. Baxın, televiziyalar, saytlar, ədəbiyyat gənc nəsil. Amma yenə deyirlər ki, qocalar yer vermir. Bəs, bu yaşlı nəsilə qayğı lazım deyil? Öldürək onları? Bəzən görürsən ki, gənclər qocaları öldürür. Vallah qocaları gənc nəslin əlindən almaq lazımdır. Bolşevik təfəkkürlü gənclər var ki, özündən əvvəlki Azərbaycan mədəniyyətində və ədəbiyyatınında rolu olan Anar və Fikrət Qoca kimi gözəl insanları gözdən salmağa çalışır. Hamı gənclik deyir. Yaxşı gənclərə yer verək, deyə qocaları öldürək? Axı o qocanın da dövranı olub? O, ömrünü bu ədəbiyyata həsr edib. İnan, bu gün hər şey, yəni gəncliyin bəyənmədiyi qocanın düşüncəsində dayanır. Yaşlı adamların hansını danışdırırsan, müasir fikirlidir. Gənclik müasirliklə deyil, sağlam düşüncə ilə yaşamalıdır.

Bahar RÜSTƏMLİ
AzNews.az
Bağla X