05:17
(077) 610-22-33

Musiqi bolluğunda boğulmaq

  • >
2 361 2 Aprel 2015 12:07 | Cəmiyyət

Tofiq Hüseyn



İfrat bolluq heç vaxt məqbul hesab olunmur. Əksinə, adamı bezdirir, darıxdırır, hətta ürəklərdə hiddət, nifrət yaradır. Şəxsən mənim aləmimdə televiziya kanallarını insafsızcasına qamarlamış şit-bayağı musiqi dediyim o ifrat bolluğun bir nümunəsidir. Bəri başdan deyim ki, musiqiçi deyiləm, hətta bu sahəni araşdıran jurnalist səriştəm də yoxdur. Ortabab mübahisələrdə belə diletant təsiri bağışlaya bilərəm. Amma gözüm-qulağım var, şükür ki, zövqüm də pis deyil.

Dəhşətli bir axın var musiqiyə. Mənə etiraz bildirib "musiqi" sözünü "çal-çağrla" əvəz etmək istəyənlərlə də razılaşmaq olar. Bir-iki kanal istisna olmaqla hansını açırsan, çalıb-oxuyan, meyxana deyən eyni adamlar, eyni simalar... Mətbəx proqramından tutmuş ciddi hesab oluna bilən hər hansı proqrama kimi bütün verilişlərin gözünə mütləq özlərinin təbirincə desək bir-iki "ulduz " da qatılmış olur. Başlayırlar oxumağa. Məsələn, "Onu mənə çağırın gəlsin". Aman Allah, dilimiz nə qədər kasıb olmalıdır ki, bu fikri ifadə etmək üçün başqa söz tapa bilməyəsən. Bir də cavan müğənni niyə bilmir ki, mahnıdakı sözlər saf sevgi-məhəbbət əvəzinə dinləyicidə erotik anlam yaradır.

Yaşından, ad-sanından, mövqeyindən asılı olmayaraq bütün sənətçilər radio-televiziya kanallarına, kütləvi informasiya vasitələrinə borcludular. Qazandıqları şöhrətə, aldıqları bahalı maşınlara, tikdirdikləri villalara görə... Kanallar unutmamalıdırlar ki, musiqiyə olan bugünkü axının da əsas səbəbi ekranlarda nümayiş etdirilən həmin villalar, maşınlar, hətta qol saatları, ayaqqabılar, makiyajlar və sairdir. Amma bu axının millətə deməyək, heç olmasa musiqinin özünə, bir az geniş mənada götürsək, incəsənətə nə dərəcədə xeyri var? Bu sualın cavabını kanalların qapısını taybatay axının üzünə açanlar daha yaxşı bilirlər. Elə bildiklərinə görədir ki, "De gəlsin", "Yeni ulduz", "Xalqın artisti", "Toylar kralı", daha neçə-neçə SMS yarışması istedad axtarışına çıxır. SMS-PUL deməkdir. İstedadı pulla almaq qeyri-mümkündür, buna şübhə yox...Sadəcə olaraq udan kanallar, uduzan SƏNƏT olur. Burası belədir və başa düşürəm ki, təzə heç nə demirəm. Amma bu yaxınlarda kanallardan birində müşahidə etdiyim bir hadisəni ürək ağrısı ilə təkrar xatırlamalı oluram. "Kimdir nömrə 1" SMS yarışmasında finala iki cavan sənətçi-Orxan Babazadə ilə Rəvan Qarayev çıxmışdı. Finaldan əvvəl müğənnilərdən Vasif Məhərrəmli, Nadir Qafarzadə (eşitdiklərim bunlardır) üstünlüyü Rəvan Qarayevə vermişdilər. Digər sənətçinin-Orxanın imkanlı ailədən olduğu deyilirdi. Veriliş başladı, Rəvan mikrafonsuz, musiqinin müşayiəti olmadan "Sevgili canan" romansını əla səslə oxudu. Cavan müğənninin jestini başa düşmək çətin deyildi. Səs imkanlarını nümayiş etdirib sənətdə təsadüfü adam olmadığını demək istəyirdi. Təəssüf ki, bu jest kara gəlmədi. Belə deyək, Rəvan uduzdu. Mənə elə gəldi, həmin anlarda ölməz Bülbülün, Rəşid Behbudovun "Sevgili canan"ı dizinə döyüb ağladı, uduzan isə SƏNƏT oldu, SƏNƏTƏ İNAM oldu.
Doğrudan möhkəm bolluqdu, musiqi bolluğu. Bu gün Respublika rəhbərliyinin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan muğamı dünyaya tanıdılır. Ardıcıl muğam müsabiqələrində SMS-siz-filansız, ustad sənətkarların obyektiv münsifliyi ilə gənc istedadlar üzə çıxarılır. Beynəlxalq Muğam Festivalları keçirilir. Bunlar çox yaxşıdır. Ancaq gəlin özümüzdə güc tapıb bəzi şeyləri etiraf edək. Əvvəlki iki muğam müsabiqəsi yadımızdadır, sonrakılar isə həmin effekti vermir. Bunun bir səbəbi var ki, o da yenə muğam bolluğudur. Dəfələrlə eşitmişəm:
- Əvvəllər həftədə bir dəfə, bazar günü, saat 2-dən 3-ə kimi muğamat konserti olurdu. Yığışırdıq televizorun başına. Həyəcanla gözləyirdik, görəsən, bu gün kim oxuyacaq. Konsert vaxtı ürəyimizin döyüntüsü belə eşidilirdi. Vallah muğamat indi əvvəlki ləzzəti vermir.
Mən də bu fikirdəyəm. Hər işin öz əndazəsi olmalıdır. Bir məsələni də nəzərə alaq. Bu gün Azərbaycan muğamını dünyaya tanıdırıq. Unutmayaq ki, illər uzunu Azərbaycanı dünyaya "Min bir gecə", "İldırımlı yollarla", "Məhəbbət əfsanəsi", "Karvan suitası" və başqa belə ölməz musiqi əsərlərimiz tanıdıb. Tanıtmaq azdır, xalqımızı, millətimizi məşhurdan məşhur edib. Bəlkə indi meydan klassik musiqimizə verilsin.
Bu mənim fikrimdir və çox yaxşı ki, fikir deməkdə hamımız sərbəstik.

Bir halda söz fikirdən düşür, balaca bir qeydimi də bura əlavə edim. Muğam müsabiqələrində münsif-xanəndələr ustad korifeylərin adını çəkir, gənc istedadlara ustadların yolu ilə getməyi, onların boğazını, zənguləsini, ifa tərzini öyrənməyi məsləhət görürlər. Bu da yaxşıdır. Amma mən nədənsə xatırlanan ustadlardan birinin adını eşidə bilmirəm. Elə isə onu da mən xatırladım; Azərbaycan musiqisinə böyük töhfələr vermiş Qulu Əskərov! Ölkənin qədim mədəniyyət mərkəzlərindən olan Salyanda doğulmuşdu. Bütün muğam dəsgahlarının mahir ifaçısı idi. Yeganə xanəndə idi ki, tar çalır, bu musiqi alətində özü-özünü məharətlə müşayiət edirdi. Opera səhnəsində Məcnun, İbn Salam, Kərəm, Aşıq Qərib, Şah İsmayıl kimi obrazlar qalareyası yaratmışdı. Müəllifi olduğu onlarca mahnıdan nümunə kimi biri-Rəsul Həmzətovun sözlərinə bəstələdiyi "Əziz dostum" mahnısı əsl şedevr idi. Qulu Əskərov Sovet dövründə yaşamış yeganə korifey idi ki, heç bir fəxri ad almadan dünyadan köçdü. Öz adı özünə bəs elədi.

Tofiq Hüseyn,Əməkdar jurnalist
Bağla X