İqtisadçı alim, İqtisadiyyat İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, professor Ağasəlim Ələsgərov vəfat edib. İqtisadçı alim, İqtisadiyyat İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, professor Ağasəlim Ələsgərov vəfat edib.

Azərbaycanın tanınmış alimi vəfat etdi

İqtisadçı alim, İqtisadiyyat İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, professor Ağasəlim Ələsgərov vəfat edib.



AMEA-dan AzNews.az-a verilən məlumata görə, professor 87 yaşında dünyasını dəyişib.

Ağasəlim Ələsgərov 1928-ci il may ayının 22-də Bakı şəhərində anadan olub.
1946-50-ci illərdə K.Marks adına Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunda (indiki Azərbaycan Dövlət İqtisad Universitetində) təhsil alıb. 1950-53-cü illərdə Bakı şəhəri Xalq Deputatları Sovetinin Plan Komissiyasında iqtisadçı vəzifəsindən baş iqtisadçı, mənzil-kommunal, əsaslı tikinti şöbələrinin müdiri və Bakı şəhəri uçot-inventarizasiya idarəsinin rəhbəri vəzifələrinə yüksəlib.

1953-54-cü illərdə təhsilini M.V.Lomonosov adına Moskva Dövlət Universitetində davam etdirib. 1954-55-ci illərdə Bakı Şəhər Soveti İcraiyyə Komitəsində çalışmış, eyni zamanda M.Ə.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun Siyasi İqtisad kafedrasında müəllimlik etməyə başlayıb.

1958-ci ildə ilk dəfə SSRİ-də "Pambığın maya dəyəri və onun aşağı salınması yolları" mövzusunda namizədlik, 1968-ci ildə "Kənd təsərrüfatının ixtisaslaşması və onun iqtisadi effektliyi" mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmiş, 1969-cu ildə professor adına layiq görülüb.

1974-1978-ci illərdə D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunda elmi işlər üzrə prorektor və "Siyasi iqtisad" kafedrasının müdiri, 1989-1998-ci illərdə AMEA İqtisadiyyat İnstitutunun direktoru vəzifələrində çalışıb.

1989-cu ildə AMEA-nın müxbir üzvü seçilib.

A.Ələsgərovun respublikada yüksəkixtisaslı kadrların hazırlanmasında əvəzsiz xidmətləri olub. A.Ələsgərovun elmi rəhbərliyi və opponentliyi ilə 78 nəfər elmlər doktoru və elmlər namizədi hazırlanıb.

İqtisadiyyatın müxtəlif sahələrində – iqtisadi nəzəriyyə, makro-iqtisadi siyasət, maya dəyəri, əmək məhsuldarlığı, təsərrüfat hesabı və digər istiqamətlərə aid 221 elmi əsərin müəllifidir.

İqtisadçı elmi kadrların hazırlanması sahəsində müstəsna xidmətləri olan A.Ələsgərov beynəlxalq simpozium və konqreslərdə Azərbaycanı ləyaqətlə təmsil edib.

A.Ələsgərov məhsuldar elmi fəaliyyətinə görə 1982-ci ildə "Əməkdar mədəniyyət işçisi", 1986-cı ildə "Əmək veteranı" medalı, 2014-cü ildə isə Rusiya EA-nın xüsusi medalı ilə təltif edilib.