Kənan RÖVŞƏNOĞLU Kənan RÖVŞƏNOĞLU

Həll olunmayan məsələ: din və dövlət münasibətləri

Kənan RÖVŞƏNOĞLU


ABŞ-ın beynəlxalq din azadlığı üzrə komissiyası (USCİRF) dünyada din azadlığı haqqında illik hesabatını yayıb. Hesabatın Azərbaycana həsr edilmiş hissəsində deyilir ki, ictimai dini dözümlülüyə baxmayaraq, 2014-cü ildə hökumətin din azadlığına münasibəti pisləşməkdə davam edib və demokratik normalara riayət olunmasının kəskin şəkildə pisləşməsi ilə müşayiət olunub.

Daha sonra ənənəvi qaydada bir sıra faktlar, rəqəmlər, dini qurumların üzləşdiyi məhdudiyyətlər, bağlanan məscidlər, həbs olunan dindarlar və sair qeyd olunub. Xüsusən də dindarların həbsləri, şübhəli ittihamlarla saxlanılmalar, ittihamlar, qanunsuz məhkəmə qərarlarının olduğu geniş hesabatda öz əksini tapıb. Əlbəttə, hesabatı təftiş etmək fikrim yoxdur, birincisi, bu yazı o məqsədlə yazılmır, ikincisi də, hökumət qurumları və media yəqin ki, ABŞ qurumlarının "cavabını verəcək". Ancaq son illərdə baş verənlər və eləcə də illərin təcrübəsi bir neçə məqamı qeyd etməyi tələb edir.

Son illərin hadisələri göstərdi ki, din mövzusunda "zarafat etmək" olmaz. Xüsusən də Yaxın Şərqdə dinin indi siyasi qrupların əlində vasitəyə çevrildiyi heç kimə sirr deyil və bunun "məhsullarını" artıq öz ölkəmizdə də hiss edirik. Təbii ki, hələ ötən il islamçı qrupların tərkibində azərbaycanlıların döyüşməsi və bu radikal islamçı qrupların bütövlükdə dünya üçün təhdidləri məsələsi ağırlığı ilə gündəmə gələndə bir sual ortaya çıxdı: Din sahəsi hara qədər nəzarətdə olmalıdır? Ümumiyyətlə, din azadlığının çərçivələri, dini qurumların fəaliyyətinin tənzimlənməsi necə olmalıdır? Dövlət din üzərində nəzarət həyata keçirməlidirmi? Yeri gəlmişkən, Azərbaycan hökuməti açıq şəkildə bəyan etməsə də, dəfələrlə bəyanatlarda Qərb təşkilatlarının rəsmi Bakıya qeyri-ənənəvi dini qurumların fəaliyyətinə imkan yaratması üçün təzyiq etdiyinə işarə vurub.

Ancaq eyni zamanda hökumət qurumlarının dini fəaliyyətə yersiz müdaxilələri, qanunsuz həbslər, din və vicdan azadlığının kobud şəkildə məhdudlaşdırılması cəhdləri inkar oluna bilməz. Və bütün bunların fonunda Azərbaycan dövlətinin ölkədə dini fəaliyyətləri hara qədər nəzarətdə saxladığı, dini etiqad azadlığı mövzusunu mükəmməl şəkildə tənzimləyə bildiyini demək olmaz. Əslində bütün məsələlər də elə burdan qaynaqlanır.

Qanunvericilikdə boşluqlar, daha dəqiqi, hələlik müsəlman ölkələrinə xas olan dini situasiyanı (problem həm də ondadır ki, bu mövzu az qala bütün müsəlman ölkələri üçün xarakterikdir - K.R) mükəmməl şəkildə tənzimləyəcək qanunvericilik bazası hələ ki, mövcud deyil. Azərbaycanda dini sahədə vəziyyət və ya belə desək, hökumət siyasəti post-sovet respublikaları ilə oxşardır. Yəni təxminən "sovet metodologiyası". Proseslər sanki əməliyyatdan və ya kampaniyadan kampaniyaya keçidlə davam etdirilir. Bir dönəm şiə icmaları hədəfə alınır, çoxlu sayda şiə fəallar həbs olunur (müxtəlif ittihamlarla - K.R), məscidlər, icmalar bağlanır. Ardınca isə müvafiq şəraitə uyğun olaraq vəhhabilər, daha sonra "nurçular" (müxtəlif qolları ilə - K.R) hədəfə alınır, həbslər, hay-küylü kampaniyalar baş verir, daha sonra qeyri-ənənəvi xristian icmaları və beləcə proses bu cür davam edir.

Doğrudur, hökumət ötən 6-7 ildə din sahəsində dövlət nəzarətini gücləndirmək, dini qurumların fəaliyyətini tənzimləmək üçün bir sıra qanunlara əlavə və dəyişikliklər edib. Ancaq ildən ilə baş verənlər göstərir ki, bu istiqamətdə lazım olan hüquqi baza və necə deyərlər din-dövlət sərhədlərinin dəqiq cizgisini müəyyən edən normativ hüquqi baza yaradılmayıb. Və yaxud da yaradılması mümkün olmayıb. Ancaq eyni zamanda nəzərə almaq lazımdır ki, Azərbaycanın yerləşdiyi region və müsəlman ölkəsi, eləcə də müsəlman qonşuları (Türkiyə və İran kimi - K.R) olması faktı onu bu mövzuda daha "dinamik" siyasət yürütməsinə səbəb olur. Nəticə etibarı ilə digər müsəlman ölkələrində olduğu kimi Azərbaycanda da din dövlət və vətəndaşın "ədalətli şəkildə bölə bilmədiyi" mövzu olaraq qalır.

(musavat.com)