Azərbaycan Yazıçılar Birliyinin Muğan bölməsinin sədri, şair Namiq Hacıheydərli vəzifəsindən istefa verib. Azərbaycan Yazıçılar Birliyinin Muğan bölməsinin sədri, şair Namiq Hacıheydərli vəzifəsindən istefa verib.

Vəzifəsindən istefa verən şairə AYB-dən sərt cavab: “Boş-boş danışır”

Azərbaycan Yazıçılar Birliyinin Muğan bölməsinin sədri, şair Namiq Hacıheydərli vəzifəsindən istefa verib.


O, istefasına səbəb kimi AYB-nin Muğan bölməsinə laqeyd münasibətindən narazılıq edib və Birliyi ölkədəki ictimai-siyasi proseslərdə tutduğu passiv mövqeyə görə qınayıb.

Azərbaycan Yazıçılar Birliyinin sədrinin müşaviri Rauf Aslanov AzNews.az-a açıqlamasında Namiq Hacıheydərlinin istefa məktubunun sözügedən quruma daxil olduğunu təsdiqləyib.

"Məktub mənə tədqim edilib. Özünü ziyalı hesab edən qələm sahibi niyə Yazıçılar Birliyinin mövqeyini gözləyir. Qoy ziyalı kimi mövqeyini ortaya qoysun. Bəyəm onun ağzından tuturlar ki, mövqeyini deməsin? Respublikamızda ictimai-siyasi vəziyyət həddindən artıq yaxşıdır. Bütün Azərbaycan Avropa Oyunlarına hazırlaşır. Bundan artıq nə olmalıdır ki? Anlaya bilmirəm, Yazıçılar Birliyi nəyə münasibət bildirməlidir? Gəlib bizə kömək etməkdənsə, boş-boş danışırlar", - deyə AYB rəsmisi bildirib.

R.Aslanov əlavə edib ki, N.Hacıheydərli yaşamaq üçün Bakıya üz tutanda vəzifəsini təhvil verməyib: "Anlaya bilmirəm, o, Bakıda ola-ola bölgədəki vəzifəsini necə icra edib?".

Xatırladaq ki, Namiq Hacıheydərli Azərbaycan Yazıçılar Birliyinin Muğan bölməsi (Hacıqabul, Şirvan, Salyan və Neftçala) üzrə sədri vəzifəsində çalışıb.

Bahar RÜSTƏMLİ
AzNews.az