05:19
(077) 610-22-33

“Bakı-2015”də dindarların ibadəti üçün xüsusi məkan ayrıldı

  • >
575 8 May 2015 19:30 | Cəmiyyət

“I Avropa Oyunlarında iştirak edəcək dindar idmançılar, məşqçilər və onlarla birgə gələn digər qonaqlara dini ayinlərin icrası üçün hər cür şərait yaradılacaq”.


AzNews.az-ın Trend-ə istinadən xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı bildirib.
Komitə sədri deyib ki, Avropa Oyunlarının Əməliyyat Komitəsi (BEGOC) I Avropa Oyunlarında iştirak edəcək idmançılar, məşqçilər və onlarla birgə gələn digər qonaqlar üçün "Atletlər kəndi"ndə xüsusi yer ayırıb. Həmin yerdə müsəlmanlar, yəhudilər və xristianların, eləcə də digər dinlərin nümayəndələrinin ibadət etməsi üçün tam şərait yaradılıb: "Avropa Oyunlarına gələn dindar idmançılar və digərləri dini ayinlərini icra etmək üçün yarışlara gəlməzdən əvvəl bu istəyini təşkilatçılara bildirməlidirlər.

Bunun üçün artıq xüsusi sistem və siyahı müəyyənləşdirilir. Hazırda bu sistemin əsasında bütün dini konfessiyalar, hətta lokal dinlər də nəzərə alınmaqla "Atletlər kəndi"ndə mütəxəssislər işləyirlər. Bu məqsədlə Dövlət Komitəsindən xüsusi qrup ora ezam olunub. Bundan əlavə, ayrı-ayrı dini icmalarla da danışıqlar aparılıb. Onların nümayəndələrinin iştirakı ilə I Avropa Oyunlarına gələcək idmançılar, məşqçilər və s. şəxslərə öz dini ayinlərini icra etmək üçün hər cür şərait yaradılacaq".


M.Qurbanlı əlavə edib ki, Avropa Oyunlarında yarışları izləməyə gələn digər qonaqlara və turistlərə gəlincə, Bakıda kifayət qədər məscid, kilsə və sinaqoq olduğundan onlar ibadətlərini və dini ayinlərini istədikləri yerdə rahat icra etmək imkanına malik olacaqlar.

DQİDK sədri, həmçinin qeyd edib ki, yaranmış fürsətdən istifadə edərək Avropa Oyunları zamanı Azərbaycanın multikultural ənənələrinin, dəyərlərinin, dini tolerantlıq nümunəsinin təbliği məqsədilə ölkəmizə gələn xarici idmançılara, qonaqlara, turistlərə broşürlər paylanacaq, onlara bu barədə ətraflı məlumat veriləcək:

"Bu vasitə ilə Azərbaycanda dini dözümlülüyün mövcudluğu, bütün dini konfessiyaların birgə və bərabər şəkildə fəaliyyət göstərdiyi paytaxtımıza gələnlərin diqqətinə çatdırılacaq".
Bağla X